Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 3-cü ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.Erməni vandalları bütün işğal altındakı şəhər və kəndlərimiz kimi Cəbrayıl rayonun maddi-mədəni abidələrini talayıb məhv etmişlər. Doğtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
İşğaldan sonra Cəbrayıl rayonundan olan məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.
İşğaldan azad edilmiş torpaqlara “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir.İşğaldan azad edildikdən sonra Cəbrayılda bərpa və quruculuq işlərinə başlanmışdır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır.Cəbrayıl rayonu işğaldan azad edildikdən sonra cənab Prezident İlham Əliyev 16 noyabr 2020-ci ildə bu bölgəyə səfər edərək Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaltmış, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxış keçirmişdir. 14 fevral 2021-ci ildə işğaldan azad edilmiş Cəbrayıl rayonuna yenidən səfər edən Prezident İlham Əliyev Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanış olmuşdur. İki ay sonra, 26 aprel 2021-ci ildə də səfər edən cənab Prezident Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etmiş, Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.Cənab Prezident İlham Əliyev 04 oktyabr 2021-çı ildə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasiminə qatılaraq Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimində və “Cəbrayıl” yarımstansiyanın açılışında iştirak etmişdir.Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri bu gün xalqımızın yaddaşına qürurlu günlər kimi yazılır. 14.02.2021-ci il tarixli səfərdə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanışlıq oldu. 26.04.2021-ci il tarixli səfər Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış və Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçularla görüşlə yaddaşlara yazıldı. 04.10.2021-ci il tarixli səfər isə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi, “Cəbrayıl” yarımstansiyanın açılışı, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi ilə unudulmaz anlar kimi xalqımızın yaddaşına əbədi həkk olundu.
Bəli, bu gün ötən günlərə nəzər salsaq görərik ki, Cəbrayılın işğaldan azad edilməsindən 3 il ötür və bu illər ərzində Cəbrayıl yenidən qurulur. Cəbrayıllılar ikinci nəfəs verilmiş doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər və o günün uzaqda olmadığına inanırlar. Ən əsası isə yurd niskilinə son qoyan Müzəffər Ali Baş Komandana, canlarını Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə sonsuz minnətdarlıq edirlər. Nəinki cəbrayıllılar, eləcə də də bütün xalqımız Ali Baş Komadanın və onun şanlı ordusunun qəhrəmanlığını heç zaman unutmayacaq. Nə qədər ki, Azərbaycan xalqı var, qəhrəmanlıq dolu günlər daim xatırlanacaq.
Nicat İsmayılov
YAP Yasamal rayon "Akim Abbasov küçəsi 73E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri