Azərbaycan Prezidenti İlham Əliyev son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə böyük inam və əminlik yaradır. Prezident İlham Əliyev son illərdə imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik, real qərarlarla ölkəmizin dinamik yüksəlişini təmin edib. Dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu inam Ulu Öndərin siyasi varisi Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu.
"HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞININ PREZİDENTİ OLACAĞAM VƏ AZƏRBAYCAN XALQININ ETİMADINI DOĞRULDACAĞAM"
Dövlət başçısının verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yerinə yetirilib. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisə kimi düşdü. Ölkə vətəndaşlarının səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək son illərdə ölkəmizdə demokratik proseslərin uğurla getdiyini, prezident seçkilərinin azad və şəffaf keçirildiyini bildirdilər.
Azərbaycan vətəndaşları 2013-cü ildə yenidən öz səslərini İlham Əliyevə verdilər. Əslində, Azərbaycan xalqı bu növbəti seçkidə son 10 ildə qazanılan böyük nailiyyətlərə, sürətli inkişafa və qazanılan uğurların davam etdirilməsinə səs verdi. Çünki Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olundu. Həyata keçirilən qlobal və regional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrildi.
Azərbaycan dünyada güclü və nüfuzlu dövlət və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf əldə olunan nailiyyətlərdir. Tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə, heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə qayğı və s. dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu.
"ÜZV OLDUĞUMUZ BÜTÜN TƏŞKİLATLARDA BİZİM SÖZÜMÜZÜN BÖYÜK ÇƏKİSİ VAR"
Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmayıb. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir: "İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var". Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Cənab Prezident "Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur", - deyə bildirmişdir.
"ÖLKƏDƏ HƏYATA KEÇİRİLƏN SİYASƏTİN MƏRKƏZİNDƏ, MƏHZ AZƏRBAYCAN VƏTƏNDAŞLARI, ONLARIN MARAQLARI DAYANIR"
Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində, bütün istiqamətlərdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ölkədə sahibkarlığın inkişafında yeni mərhələ oldu və sahibkarlığın inkişafı üçün geniş imkanlar açmış oldu. Həyata keçirilən tədbirlərin, reallaşan dövlət proqramlarının davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamı ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlər sırasında əhəmiyyətli Sənəddir. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də, kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaratmış oldu.
Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yatmış oldu. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Davamlı olaraq, islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunun əyani göstəricisidir. Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil oldu. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq, həyata keçirildi. Bu, bir daha göstərmiş oldu ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər, problemli kreditlərin həll olunması dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürünə çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafının təmin olunmasına imkan yaratmaqla bərabər və demoqrafiya sahəsində müsbət meyilləri də stimullaşdırıb. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı hər il sabit şəkildə artaraq, 10 milyonu ötən ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verir.
MÜDRİK SİYASƏT VƏ YEKDİL ƏHVAL-RUHİYYƏ QƏLƏBƏ QAZANDIRDI
Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına səbəb oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilib. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu nümayiş etdirdi. Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi və silahlı qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsi sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülüb. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan əraziləri azad edərək əzəli torpaqlarımızda dalğalandırdı. Gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi, məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Zəfər qazandıq. Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. Və Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər sərkərdəsi kimi öz möhürünü vurdu.
"AĞALI KƏNDİNİN TİMSALINDA HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI VƏ ÜMUMİYYƏTLƏ, HƏR BİR İNSAN BİZİM PLANLARIMIZI GÖRƏ BİLƏR"
Bu gün Azərbaycan yeni bir dövrünü yaşayır. İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.
Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər", - deyə Prezident bildirib.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda etibarlı tərəfdaşlarından birinə çevrilib.
Zümrüd BAYRAMOVA