PDF Oxu

Siyasət

  • 2 088

Ermənistanın hərbi-siyasi rəhbərlərinin qanlı cinayətləri ŞƏRH

Ermənistanın hərbi-siyasi rəhbərlərinin qanlı cinayətləri ŞƏRH

9 okyabr 2020-ci il - Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi… işğaldan azad olundu

Üç il əvvəl Azərbaycan ordusu qızğın döyüşlərdə haqq savaşında torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşurdu. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı qələbə xəbərlərini eşidir və tezliklə zəfərimizin qazanılacağı günün lap yaxında olduğuna inanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında düşmənə göstərərək 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımızın azad olunması uğrunda haqq savaşında vuruşurdu. Cənab Prezidentin həmin günlərdə xalqa müraciətlərində hər gün ordumuzun daha da irəliləyərək, yeni kənd, qəsəbə və şəhərlərin azad olunması ilə bağlı məlumatları bizi doğma torpaqlarımıza daha da yaxınlaşdırırdı. Həmin tarixə qədər Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad etmişdir. Vətən müharibəsinin ilk günlərində Hadrutun azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyünü daha da gücləndirdi. Çünki Hadrut, ilk növbədə, ermənilərin daha çox möhkəmləndiyi strateji mövqe olmaqla yanaşı, həm də düşmənin Füzuli və Cəbrayıl istiqamətlərinə əlavə qüvvə göndərməsi üçün mühüm bir ərazi idi. Müzəffər Azərbaycan Ordusunun planlı və peşəkar əməliyyatı erməniləri cəbhənin hər bir istiqamətində məğlub etdiyi kimi, Hadrutda da darmadağın olmasına gətirib çıxardı. "Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı", - bildirən Prezident qeyd etmişdir ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm: "Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində". Cəbrayıl şəhərindən sonra Hadrutun azad olunması hərbi əməliyyatlarımızın uğurla davam etdirilməsi baxımından mühüm önəm kəsb edirdi.

AĞDAMIN İŞĞAL ALTINDA OLMAYAN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ TERROR

Ermənilər tarix boyu xalqımıza qarşı təcavüzkarlıq etmiş, terror aktları törətmişdilər. 44 günlük Vətən müharibəsində biz, eləcə də bütün dünya bunun şahidi oldu. Ermənistan döyüş meydanında uduzduğunu gördükdə cəbhə zonasından kənarda yerləşən ərazilərimizi raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər. Bütün bunların planı əvvəldən hazırlanmışdır. Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edirdi. Oktyabrın 7-də gecə saatlarından başlayaraq Ağdam rayonun işğal altında olmayan yaşayış məntəqələri intensiv atəşə tutulurdu. Nəticədə Xındırıstan kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak oldu, vətəndaşlara məxsus 1 ev dağıldı, 10 evə, 4 yardımçı tikiliyə, 114 nömrəli köçkün ümumi məktəbinə, elektrik və qaz təsərrüfatlarına ziyan dəymiş oldu. Dörd baş iribuynuzlu, 41 baş xırdabuynuzlu heyvan, 2 baş at tələf edildi.
Əlbəttə ki, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır.
İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 2020-ci ilin oktyabrın 9-da saat 14 radələrindən başlayaraq, Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nətcəsində Quzanlı qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu, 1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.

"MÜHARİBƏ DÖVRÜNDƏ KİMİN KİM OLDUĞUNU, KİMİN VİCDANLI DÖYÜŞ APARDIĞINI VƏ KİMİN YATMIŞ ŞƏHƏRLƏRƏ ALÇAQCASINA HÜCUM ETDİYİNİ HAMI GÖRDÜ"

Bütün törədilən bu və ya digər əməllərə baxmayaraq, Azərbaycan haqq işində israrlı idi. 2020-ci ilin oktyabr ayında cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə ayrı-ayrı zamanlarda bombalanması erməni vəhşiliyinin bir nümunəsi olaraq dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Gəncəyə ilk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid oldu, 30-dan çox mülki şəxs yaralandı. Bu raket hücumu müharibənin getdiyi ərazidən kənarda edilən ilk ciddi hücum idi. Qeyd edək ki, birinci dəfə OTR-21 TOÇKA ballistik raketindən Gəncə şəhəri vuruldu. Daha sonra Gəncə bir daha raket hücumuna 5 oktyabrda məruz qaldı. Hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktyabrın 8-də oldu. Bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi, həlak olan və yaralanan olmadı. Düşmənin silahlı qüvvələrinin növbəti dəfə 11 oktyabr tarixində gecə saat 02 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak oldu, 28 nəfər yaralandı. Çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələri "Toçka-U" raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu. "Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü", - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir.

ERMƏNİSTANIN FAŞİST MAHİYYƏTİ

"Ermənistan ordusunun münaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini ballistik raketlərlə hədəfə alması onların acizliyini göstərir. Bu, Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətidir. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır"- deyən dövlətimizin başçısı düşmənin raket atəşinə tutduğu Gəncə və Mingəçevir şəhərlərinin döyüş bölgəsindən uzaqda yerləşdiyini diqqətə çatdıraraq "Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist mahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir. Ancaq bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər", - deyə bildirmişdir.
Ordumuzun qətiyyətli əks-hücumu qarşısında aciz qalan Ermənistan Azərbaycanın dinc əhalisinin kompakt yaşadığı ərazilərdə, habelə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Yevlax, Goranboy və Beyləqan və Cəbrayıl rayonlarını raket və artilleriya atəşinə tuturdu. Azərbaycan bütün bunlara baxmayaraq, ərazi bütövlüyünü bərpa etdi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər