PDF Oxu

Siyasət

  • 1 890

Tofiq Yaqublu imicini dəyişir ANALİZ

Tofiq Yaqublu imicini dəyişir ANALİZ

İstər 44 günlük Vətən Müharibəsində, istərsə də 2023-cü il sentyabrın 19-da başlayan və cəmi 23 saat 44 dəqiqə çəkən lokal xarakterli antiterror tədbirlərinin zəfərlə başa çatması Ordumuzun peşəkarlığının növbəti nümayişi, diplomatiyamızın müdrikliyinin nəticəsi idi. Artıq erməni separatizmi tamamilə ləğv edilib, silahlı birləşmələr tərksilah olunublar. İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq xalqlar arasında milli münaqişə yaradıb, ölkələrin bütövlüyünü parçalamağa cəhd edən baş terrorçular həbs ediliblər. Onları ən ağır cəza gözlədiyi şübhəsizdir. Həm də Arayikin, Vardanyanın, Saakyanın, Qukasyanın və digərlərinin həbs edilərək istintaqa təhvil verilməsi dünyada separatçılığı təbliğ etməyə çalışanlara bir şillə oldu. Nümayiş etdirildi ki, ölkələrin ərazi bütövlüyünə qəsd etməyə çalışanların aqibəti Vardanyan, Arayik və digərləri kimi ola bilər.

Dağıdıcı müxalifət başbilənləri erməni lobbisi kimi danışırlar

Bu gün Azərbaycanın işğaldan azad edilən ərazilərində üçrəngli bayrağı dalğalanır. Çətin də olsa, separatçıların nəslindən olanlara vətəndaşlıq verilir. Bununla da onlar öz sakit, rahat yaşayışlarını davam etdirirlər. Azərbaycan Respublikasının rəsmi qurumları açıq mətnlə qeyd ediblər ki, “Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə reinteqrasiya təklif olunub, buna razı və ya hazır olmayanlar könüllü şəkildə ərazini tərk edir, buna tam şərait yaradılır, heç bir zorakılıq halı yoxdur”. Bəziləri də var ki, onlar ölkəmizin ərazisini tərk edirlər. Hansı ki, bu şəxslərin Azərbaycanın konstitusiya quruluşuna qarşı silahlı fəaliyyət göstərdiklərinə şübhə yoxdur. Çünki günahsız insan niyə də ki isti yerindən olsun? Bildiyin və dərk etdiyin halda ki, gedəcəyi yerdə ciddi problemlər var. Fakt ondan ibarətdir ki, Ermənistan iqtisadi, sosial cəhətdən dünyanın ən geridəqalmış dövlətidir. Deməli, Azərbaycan ərazisini tərk edib, Ermənistana qaçanları ağır, məşəqqətli həyat gözləyir. Bu isə artıq onların seçimidir. Bu arada diqqətçəkən digər məqam ondan ibarətdir ki, xarici maraqlı dairələrlə yanaşı, Azərbaycanın dağıdıcı müxalifəti də Ermənistana köç edənlərin halına acıyır, bunun demokratik dünya düzəni prinsiplərinə zidd olduğunu sayıqlayırlar. Halbuki yuxarıda qeyd etdiyim kimi, Ermənistandan köç etmək onların azad seçimləri olub. Onlara təzyiq edən, qovan da olmayıb. Lakin Azərbaycanın dağıdıcı müxalifəti bunun fərqinə varmadan erməni lobbisinin maraqlarına uyğun açıqlamalar verir, sosial şəbəkələrdə statuslar paylaşırlar. Hətta AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, “Milli Şura”nın üzvləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, AXCP sədr müavini Fuad Qəhrəmanlı və digərləri, Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Bu məxluqlar cəmiyyətdə mövcud olan milli birliyimizə xələl gətirmək, insanlar arasında çaşqınlıq yaratmaq, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün əxlaqazidd vasitə və üsullardan istifadə edirlər. Bəzən şübhəli məqamlar yaranır ki, bu üzüdönüklər Ermənistanın xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirirlər. Əgər Cəmil Həsənli “ermənilər özlərinə daha sivil, demokratik yaşayış qura biliblər” deyirsə, Tofiq Yaqublu “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır”, - deyə bildirirsə və əlavə olaraq “Vardanyanın həbs edilməsi arzuedilən deyildi” cəfəng fikirlər səsləndirsə, Əli Kərimli “Ermənistanda Paşinyanın rəhbərliyi ilə demokratik dövlət qurulur” - deyə söyləyirsə, bu halda onların ən az erməni təəssübkeşləri olduğunu demək mümkündür. Niyə məhz Ermənistan misal olaraq göstərilir? Nədən başqa bir ölkənin rəhbəri deyil Paşinyan misal olaraq göstərilir? Ehtimallar yaranır ki, erməni lobbisi onları, məhz rüsvayçı yaşam tərzi ilə tanınan və seçilən Ermənistanı tərifləməyə yönəldiblər.

Sabah Əli Kərimli erməniyə “dayı” desə, təəccüblü görünməyəcək

Qeyd etdiyim ehtimallarımı gücləndirən daha bir misal, Ə.Kərimlinin açıq şəkildə Ermənistanın uğurlu siyasət yürüdüyünü qeyd edib, bu istiqamətdə ironiya yaradan, gülüş doğuran ifadələr səsləndirməsidir. Əli Kərimli yana-yana deyir: “Savaşdakı hərbi uğurumuza baxmayaraq, təəssüf ki, hazırkı start vəziyyətində bizim dövlət olaraq vəziyyətimiz Ermənistanın vəziyyətindən daha uğursuzdur. Hərbi məğlubiyyət yaşayan Ermənistan Rusiya buxovundan sürətlə qopur, Qərbə inteqrasiyanı gücləndirir. Artıq Fransa Ermənistanı silahlandıra biləcəyini bəyan edib. Avropa Birliyi və ABŞ-ın yardımları ilə Ermənistan Qarabağdan getmiş ermənilərin sosial problemlərini də tezliklə həll edəcək. Paşinyan hakimiyyətini Rusiyanın qəsdlərindən qoruya bilsələr, Qərb yardımları, sərmayə və kreditləri tezliklə bu balaca ölkənin iqtisadi inkişafına da səbəb olacaq. Proseslər belə davam etsə, Ermənistan yaxın illərdə Avropa Birliyinə əvvəlcə namizəd ölkə statusu alacaq, müəyyən müddətdən sonra da Gürcüstanla birlikdə AB üzvü olacaq”. Fikir verin, Ə.Kərimlinin ağlınca Ermənistan Fransanın yanında olmaqla demokratiya küləyi İrəvan küçələrindən əskik olmayacaq. Düşünür ki, Qərbin sosial, iqtisadi yardımları nəticəsində Ermənistandakı dilənçilərin sayı azalacaq, zorakılıqlar aradan qalxacaq. Lakin bu məxluq başa düşmür ki, Qərb on pay almasa, bir pay verməz. Digər tərəfdən, Fransa və Almaniya Ermənistandan bir alət kimi istifadə edir. Məqsəd və niyyətləri ondan ibarətdir ki, Ermənistan vasitəsi ilə Cənubi Qafqazda özlərinə yer tutsunlar. Regionun lideri Azərbaycan olduğundan kənar işbazların niyyətlərinin reallığa çevrilməsi mümkünsüzdür. Əli Kərimli başqa bir statusunda iddia edir ki, Rusiya ilə eyni mövqedən çıxış etməklə Azərbaycan yanlışlığa yol verir: “Dünya bizi işğalçı Rusiyanın yanında görür. Azərbaycan hakimiyyəti Putinə yaxın sayılır, nəinki Qərb koalisiyasına. Azərbaycan xalqının heç bir fundamental hüquq və azadlığı təmin olunmur. Bir günlük savaşdan az öncə Avropa Birliyi parlamenti xüsusi qətnamə qəbul edib, professor Qubad İbadoğlu başda olmaqla ölkədəki 200 nəfərdən artıq siyasi məhbusu azad etməyi, ölkədə sərbəst toplaşma hüququnu təmin etməyi Azərbaycan hakimiyyətindən tələb etmişdi”. Ə.Kərimliyə xatırlatmaq lazımdır ki, Azərbaycan dünyanın əksər ölkələrinin və xalqlarının qibtə ilə baxdıqları azad, demokratik dövlətdir. Yəni, özünün müəyyənləşdirdiyi və uğurla davam etdirdiyi siyasəti var. Hansı ki, bu siyasət insanlara fundamental azadlıqlar, dövlətimizə güc və qüvvət verib. Daha böyük uğurlarımız və qələbələrimiz isə qabaqdadır. Çünki amalı qurub, yaratmaq olan Azərbaycan xalqı işğaldan azad edilən əraziləri yenidən qurmaqla o bölgələrə yeni həyat verəcək və bu da onların rahat, firavan yaşayışlarına yeni təkan olacaq.

İ.ƏLİYEV

Digər xəbərlər