PREZİDENT İLHAM ƏLİYEV: "Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk"
BAŞ NAZİR İRAKLİ QARİBAŞVİLİ: "Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib"
Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Belə ki, o cümlədən Azərbaycan-Gürcüstan dövlətləri arasında siyasi-iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatması iki ölkənin xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri, bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr – 31 il əvvəl 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bir daha bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost münasibətləri də əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Bu gün Azərbaycan və Gürcüstan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində iki ölkə liderlərinin təkbətək görüşü olub, Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanışlıq və mətbuata bəyanatlarla çıxışlar ediblər.
AZƏRBAYCAN PREZİDENTİ: "Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk"
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib ki, biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk.
Ənənəvi görüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha sıx dostluq etməsi məqsədinə xidmət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib şərtdir".
Dövlətimizin başçısı, həmçinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən böyük diqqət və hörmət olduğunu, qeyd edərək Gürcüstanın Baş nazirinə və gürcü xalqına təşəkkürünü bildirərək nümayiş etdirilən sərgidə bir şəkilin diqqətini daha çox cəlb etdiyini vurğulayıb: "Heydər Əliyev və Eduard Şevardnadzenin şəklidir. Onların dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır. Biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik".
AZƏRBAYCAN PREZİDENTİ: "Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb"
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir: "Ancaq çağırışlar demək olar ki, eynidir, problemlər eynidir. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb".
Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır".
Dövlətimizin başçısı mətbuata bəyanatında vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalansa, Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq: "Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq".
Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün bərqərar olması, eləcə də Gürcüstanın vasitəçiliyi və bu əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, Cənubi Qafqaza sülh lazımdır və indi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar: "Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur".
Dövlətimizin başçısı mətbuata bəyanatında onu da bildirdi ki, hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: "Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər".
Göründüyü kimi, çağdaş dünya siyasətinin xarizmatik liderlərindən olan Prezident İlham Əliyevin siyasi kursu təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün sülh, təhlükəsizlik, inkişaf və rifah gətirmək məramı daşıyır. Regionda reallaşdırılan bütün qlobal miqyaslı beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu həqiqəti dərk etməlidir. Cənubi Qafqazın tərəqqi yolunu Azərbaycan cızır və işğalçılıq hikkəsindən əl çəkməyən Ermənistan isə uğursuzluq zolağında çabalamaqda davam edir. Reallıq onu göstərir ki, inkişafa gedən yol Azərbaycandan keçir! Ermənistan üçün hələ də gec deyil.
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi layihələr bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir"
"Həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
Bu sahədə böyük uğurların olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir".
"O ki qaldı, gələcək planlarımıza, burada da əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik var. Biz Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında böyük məmnuniyyətlə iştirak edə bilərik", - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkənin enerji, nəqliyyat və digər istiqamətlərdə çoxlu planların olduğunu söyləyib.
AZƏRBAYCAN PREZİDENTİ: "Azərbaycanın və Gürcüstanın icra etdiyi layihələr təkcə Cənubi Qafqaz üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır"
Prezidenti İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, bu gün Gürcüstan və Azərbaycan tərəfindən birgə və digər qonşu ölkələrlə birlikdə icra edilən layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır: «Biz buna hazırıq, bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var və ən əsası, əsas amil Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Dövlətimizin başçısı energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl enerji dəhlizi layihəsi olduğunu deyərək bildirib ki, burada da biz, Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, yaşıl enerji dəhlizi layihəsi həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Bu layihənin texniki-iqtisadi əsaslandırmasının yaxın aylarda hazır olacağını qeyd edən dövlətimizin başçısı bildirib: "Ondan sonra, əminəm ki, konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur. Beləliklə yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək".
BAŞ NAZİRİ İRAKLİ QARİBAŞVİLİ: "Xalqlarımız arasında dostluğun, qardaşlığın möhkəmləndirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri var"
"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var". Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Prezident İlham Əliyevlə birlikdə keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığını uğurla davam etdirir.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin təməlinin dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Baş nazir deyib: “Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin atası mərhum Prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək, cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm”.
İRAKLİ QARİBAŞVİLİ: "Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir"
"Mən bir daha cənab Prezidentə bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün". Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevlə keçirdiyi görüşdən sonra brifinqdə söyləyib. "Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir", - deyə Qaribaşvili bildirib.
AZƏRBAYCAN VƏ GÜRCÜSTAN LİDERLƏRİ ORTA DƏHLİZİ MÜZAKİRƏ EDİB
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib ki, bu il ticarət dövriyyəmiz 15 faiz artıb. Enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlıq edirik.
İrakli Qaribaşvili onu da vurğulayıb ki, bu görüşdə Orta Dəhlizlə bağlı müzakirə aparılıb: "Biz Qazaxıstanla da Orta Dəhlizin genişləndirilməsi ilə bağlı müzakirə aparırıq. Biz dəmir yolu xətlərini müasirləşdiririk, gələn ilin sonuna qədər bunu başa çatdıracağıq. Bununla da yükdaşımanı iki dəfə artırmağa nail olacağıq. Yeni dəniz limanının da tikintisini başa çatdıracağıq".
Gürcüstanın Baş naziri mətbuata bəyanatında bildirib ki, Azərbaycan Gürcüstanla birlikdə çox böyük işlərə başlayıb: "Biz də dəmir yolu xətlərimizi müasirləşdiririk və gələn ilin sonuna qədər bunu başa çatdıracağıq. Bununla da yüklərin həcmini iki dəfə artıra biləcəyik. Tezliklə biz Anakliya dəniz limanının inşasına başlayacağıq. Onun da yükaşırma qabiliyyəti 100 milyon tona bərabər olacaq. Eyni zamanda, biz Şərq-Qərb avtomagistralının inşasını da başa çatdıracağıq. Biz Azərbaycanla istənilən istiqamətdə uğurla əməkdaşlıq edirik. Biz bir neçə ay ərzində növbəti tarixi layihənin genişləndirilməsini də qeyd edəcəyik. O layihə də uğurla başa çatacaqdır. Ona görə də bizim çox aydın perspektivlərimiz var. Gələcəyə baxışımız olduqca aydındır. Əminəm ki, Azərbaycanla bizim tərəfdaşlığımız və dostluğumuz uzunömürlü olacaq".
İrakli Qaribaşvili onu da vurğulayıb ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik: "Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün".
Gürcüstanın Baş naziri Heydər Əliyevin Gürcüstan-Azərbaycan arasında dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur: "Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm".
Beləliklə, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Bu hər iki ölkə liderlərinin - Azərbaycan Prezidenti İlham Əliyev və gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin birgə mətbuat bəyanatında səslənən fikirlər bunun sübutudur. Və bu iki ölkə liderlər Azərbaycan -_Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndirir. Dövlət başçımızın söylədiyi kimi: "Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk".
RƏFİQƏ KAMALQIZI