Dövlət başçısının Sərəncamı ilə Gəncə şəhər stadionunun yenidən qurulmasına 1,0 (bir) milyon manat ayrılıb
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində islahatların həyata keçirilməsinə və s. yönəlmişdir. Bu Sərəncamlar dövlətin təməlinin daha da möhkəmlənməsinə, Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Azərbaycan idmanının yüksəlməsi, onun inkişafı da daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub. Azərbaycan dünyanın idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Dövlət başçısının çıxışlarının birində bildirdiyi kimi, "Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir". Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar Azərbaycanın idman sahəsindəki uğurlarını xüsusi olaraq dəyərləndirirlər.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə "Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.
Qeyd edək ki, Gəncə şəhər stadionu Azərbaycanın ən böyük klub stadionudur. Stadion 1959-cu ildə tikilərək istifadəyə verilib. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan Premyer-liqasının 2015/2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı.
"AZƏRBAYCAN GƏNCLƏRİNİN İDMANA BÖYÜK MARAQ GÖSTƏRMƏSİ BİZİ SEVİNDİRİR"
Müasir dövrümüzdə mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu gün ölkəmizdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər kəndi və bir sıra idman qurğuları var. Vətən müharibəsində düşmən işğalından azad edilmiş rayonlarımızda da idman müəssisələrinin yaradılması nəzərdə tutulur.
Müxtəlif idman yarışlarının keçirilməsi üçün ölkəmizdə hər cür imkanlar yaradılıb. Son illərdə dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib. Cənab Prezident idman sahəsində görülən işlərin gəncləri həvəsləndirdiyini diqqətə çatdırıb: "Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır".
DİQQƏT VƏ QAYĞININ REAL VƏ ƏYANİ TƏCƏSSÜMÜ
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. Eləcə də Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də ölkəmizin idman arenasında söz sahibi olmasına dəlalət edir. Dünya, islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. Daha sonra Azərbaycan velosiped idmanının BMX növü üzrə dünya çempionatını, "Formula-1" yarışlarını və və digər oyunları uğurla keçirdi. Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olundu.
Qeyd edək ki, təkcə 2022-ci il də idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar, onlardan 300-ə yaxını qızıl medaldır. Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu çıxışını xüsusi qeyd etməliyik. 56 ölkənin iştirakı ilə keçirilmiş oyunlarda idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldülər. 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız tarixi qələbə qazanaraq komanda hesabında birinci olmuşdur.
Ölkəmiz keçirilən bütün beynəlxalq idman yarışlarına tam hazır vəziyyətdədir. Belə yarışların keçirilməsi və idmançılarımızın bu və ya digər yarışlarda qalib olması onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. Cənab Prezident bilirib ki, idman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün də bütün şərait yaradılıb. Onların təlim-məşq toplanışları, beynəlxalq yarışlarda iştirakı və idmanla məşğul olmaları üçün yaxşı şərait yaradılıb.
Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.
Nəzakət ƏLƏDDİNQIZI