Müasir dövrün tələbləri həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində özünün aydın ifadəsini tapır. Digər mötəbər beynəlxalq tədbirdə isə dünyanın texnoloji gündəliyi müzakirə edilir ki, bu da öz növbəsində ölkəmizin müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə göstərilən yüksək diqqətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq. Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə -1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Ötən 50 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar növbəti dəfə belə əhəmiyyətli beynəlxalq tədbir üçün ideal məkan seçilməsini şərtləndirdi.
Azərbaycan bu gün müstəqil, eyni zamanda, qalib ölkə olaraq tədbirə ev sahibliyi edərək 100-dən artıq ölkənin beş mindən çox nümayəndəsini bir araya gətirir. Bu tədbirlərin Azərbaycan həqiqətlərinin təbliğində rolu inkaredilməzdir. Prezident İlham Əliyev Konqresdəki çıxışında bu məqamı xüsusi qeyd etdi. “Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır” söyləyən dövlət başçısı bildirdi ki, Azərbaycan on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir.
Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Həyata keçirilən siyasət hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Azərbaycan hər bir sahədə təcrübəsinin nümunə olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu məqsədə yüksək səviyyədə nail olur. Davos Dünya İqtisadi Forumunun məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçməsi də özündə mühüm məqamları ehtiva edir. Əminik ki, Konqres Azərbaycanın texnoloji sahədə dünənin, bu günün və perspektivlərinin təqdimatı olaraq səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması əsasında əməkdaşlığın coğrafiyasının daha da genişləndirilməsində öz sözünü deyəcək.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri