PREZİDENT İLHAM ƏLİYEV: "Gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır"
İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr – 30 il əvvəl 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı iki xalq arasında münasibətlərin inkişafına yeni imkanlar açdı. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir.
ENERJİ, NƏQLİYYAT VƏ LOGİSTİKA SAHƏLƏRİNDƏ ƏMƏKDAŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri əlaqələrin yüksələn xəttlə inkişafından xəbər verir. Bir-biri ilə strateji tərəfdaş olan ölkələr dost ölkədir. Səfər çərçivəsində enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığı nəzərdən keçirilib. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir və hər il ilk beşlikdə yer alır. Bu il ölkələrarası ticarət həcmi 15 faiz artmışdır. Ötən il də rekord göstəricilərə nail olunub. Dəmir yolları sahəsində də əməkdaşlıq uğurla davam edir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bu münasibətlər daha da dərinləşmişdi. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi.
Bildiyimiz kimi, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantına çevrilib. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə dəstək olmuşlar. Səfər çərçivəsində təhlükəsizlik məsələləri - həm regionda, həm də qlobal müstəvidə cərəyan edən hadisələr müzakirə olunub. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
"BİZDƏ HƏM GÜCLÜ SİYASİ İRADƏ VAR, ARTIQ YARADILMIŞ GÜCLÜ İNFRASTRUKTUR VAR"
"Gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək"- deyən Cənab Prezident İlham Əliyev energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsi olduğunu bildirib "Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır".
Göründüyü kimi, dövlətləri tarixi dostluq, mehriban qonşuluq münasibətləri, eləcə də sıx strateji tərəfdaşlıq birləşdirir. Birgə səylərlə əməkdaşlıq daha da yüksək səviyyəyə qaldırır. Dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir.
Zümrüd BAYRAMOVA