PDF Oxu

Siyasət

  • 5 385

Azad torpaqlarımız: Hadruta yeni həyat gəlir...

image

2020-ci ilin sentyabrında başlayıb 44 gün davam edən Vətən müharibəsi digər işğal altında olan torpaqlarımız kimi, Hadrutu da azadlığına qovuşdurdu. 9 oktyabr Azərbaycan tarixinə Hadrutun azad olunması kimi qızıl hərflərlə yazıldı. Bu gün Hadrutda Azərbaycan bayrağı dalğalanır və bu bayrağın dalğası altında yurd yerimizə yeni həyat gəlir. Burada aparılan bərpa işləri Hadruta yeni həyatın verilməsi ilə yanaşı, həm də sakinlərinin tezliklə ata-baba ocaqlarına qayıtmasına xidmət edir.

Hadruta qısa səyahət...

Hadrut-təbiətin iki çayın arasına sığdırdığı bu qədim Azərbaycan torpağı adının mənasından və coğrafiyasından da göründüyü kimi, həm də təbiətin bütün gözəlliklərini özündə ehtiva edir. Bu yurd yeri zaman-zaman milli ənənələrimizi qorumuş, xalçaçılıq, baramaçılığı, ticarəti və müxtəlif sənətkarlıq növlərini, xalqımıza məxsus əkinçilik mədəniyyətini yaşatmışdır.

Dəqiq salınma vaxtı məlum olmayan qəsəbə həm qədim, həm də orta əsr dövrünə aid abidələrlə zəngin olub. Qəsəbənin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nayihəsinin Hadrut kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi.

1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki sakininin təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülməsi, 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanasının fəaliyyət göstərməsi Hadrutun inkişaf etmiş bir ərazi olduğunu şərtləndirir.

Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, ticarət və sənətlə məşğul idi. Hadrutda o dövrdə iki bazar, kilsə, ikiillik məktəb, birillik prixod məktəbi, zemstvo əczaxanası və teleqraf stansiyası fəaliyyət göstərirdi.

1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (hazırda bu muxtariyyət ləğv olunub) tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılmışdır. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilmişdir. Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi.

Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik etmişdir.

1992-ci ildə Hadrut rayonu ləğv olunub Xocavənd rayonunun tərkibinə daxil edilmiş, 2 oktyabr 1992-ci ildə -Birinci Vətən müharibəsi zamanı separatçı erməni qoşunları Hadrutu ələ keçirmişdir.

Beləliklə, 30 ilə yaxın...

Ermənilərin havadarlarından aldıqları dəstəklə digər torpaqlarımız kimi, Hadrut da işğal olunmuşdu. Hadrut sakinləri də minilliklər boyu diş-dırnaqları ilə qurub-yaratdıqları ev-eşiklərini, həyat-bacalarını, mal-heyvanlarını, əkin sahələrini bar üstündə qoyub düşmən tərəfindən silah gücü ilə doğma ocaqlarını tərk etmişlər.

Hadrut sakinləri 30 ilə yaxın idi ki, yurd həsrəti ilə, bir gün doğma el-obalarına qayıtmaq ümidi ilə yaşayırdı. Hadrut sadəcə onların yuxularının Hadrutu olmuşdu. 30 ilə yaxın idi ki, yurd həsrəti sinələrinə dağ çəkirdi...

Erməni adlı xislətsiz, nankor isə torpaqlarımızı talan edir, yeraltı-yerüstü sərvətlərimizi daşıyıb satır, abidələrimizi, sosial obyektləri dağıdır, illərlə insanların min bir arzu ilə özlərinə qurduqları yuvaları məhz edir, daşı daş üstündə qoymurdu.

Bütün bunları bilirdi hadrutlular. O səbəbdən bağırları çatlayırdı. Yurdlarında qoyub gəldikləri hər şey onların doğması idi, əllərinin zəhməti idi, reallaşan, lakin qısaömürlü arzuları idi.

Lakin o gün gələcəkdi, torpaqlarımız işğaldan azad olunacaqdı. Mərdliyi, igidliyi, qəhramanlığı ilə tarixə imzasını atan azərbaycanlılar torpaqlarını erməni işğalı altında qoymayacaqdı ki... Lakin bunun zamanı çatmalı idi, buna hazır olmalı idik. Olduq da. 2020-ci ildə Ali Baş Komandanın ətrafında birləşən xalq müzəffər sərkərdənin rəhbərliyi ilə torpaqlarımızı bir-bir azad etdi. Üçrəngli bayrağımız azad ellərə sancıldı. Düşmən qovulub torpaqlarımızdan çıxarıldı. Hadrut da azadlığına qovuşdu. Bu xəbər hadrutluların sevincinə, xoşbəxtcəsinə nəfəs almasına səbəb oldu.

Hələ müharibə bitməmişdi, dövlətimizin başçısının tapşırığına əsasən artıq azad edilmiş ərazilərdə bərpa işlərinə start verilmişdi. Hadrut müharibənin ilk ongünlüyündə azad edildiyi üçün burada da müəyyən işlərə başlanılmışdı.

Bu gün isə Hadruta yeni həyat bəxş olunur. Hadrut hadrutluların doğma yurdlarına qayıtmaları üçün hazırlanır. Ötən il mayın 5-də dövlətimizin başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocavənd rayonuna səfərləri çərçivəsində gördüklərimiz bunları söyləməyə imkan verir.

Hadrut qəsəbəsində 360 şagird yerlik məktəb tikilir

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunmuş rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Hadrutda məktəb binasının tikintisi də bu işlərin tərkib hissəsidir.

Bərpa olunacaq məktəb 1,9 hektar ərazidə yerləşir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, hərbi dərs otağı, 3 laboratoriya və 2 texnologiya otağı, informatika otağı olacaq. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları müasir avadanlıq və ləvazimatlarla təchiz ediləcək.

Məktəbin 2025-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

28 fərdi evdən ibarət ilk yaşayış məhəlləsi

Azad torpaqlarımıza sakinlərin qayıtması üçün ilkin olaraq evlərin tikilməsi, lazımi şəraitin yaradılması vacib amillərdəndir. Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdıran tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyirdi: “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”.

Dövlətimizin başçısı və birinci xanım Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlini qoyarkən bu dəyərli fikirləri xatırladıq və həqiqətən də Prezidentimizin nəyi nə zaman, nə vaxt edəcəyini müəyyənləşdirdiyinin bir daha şahidi olduq. Hadruta qayıtmaq üçün hadrutlular üçün salınan məhəllə də artıq qısa zamanda bu arzuların reallaşacağını göstərir.

İlk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil edəcək.

Qeyd edək ki, Hadrut qəsəbəsində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin tikintisi “PMD Group” MMC tərəfindən aparılır.

Hadrutda turizmin inkişafı nəzərdə tutulur

Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır. Məhz bu hissədə bərpa və konservasiya işləri gələcəkdə Hadrutda aparılacaq tarixi tikililərin bərpa işləri üçün ilkin təcrübə olacaq və digər işlər bu təcrübəyə əsaslanaraq aparılacaq.

Xristian məbədi Hadrutun tarixi hissəsinin əsas memarlıq abidəsidir. Qafqaz Albaniyası dövründə həmin məbəd müxtəlif dövrlərdə bir neçə dəfə bərpa edilib. Məbəd sonuncu dəfə 1621-ci ildə bərpa olunub. Bu məbədin divarlarında daha qədim dövrdə tikilmiş abidənin daşlarından istifadə edilib. Buna görə də Qafqaz Albaniyası dövrünə aid məbəd və onun ətrafında Dövlət Turizm Agentliyi tərəfindən bərpa və abadlaşdırma işləri görülməzdən əvvəl burada elmi-tədqiqat və arxeoloji qazıntıların aparılması nəzərdə tutulur. Çünki işğal dövründə Hadrutda olan bir sıra abidələr kimi, bu məbədin də tarixi mənşəyinə ermənilər tərəfindən müdaxilələr edilib.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi rəsmi olaraq dövlət mühafizəsinə götürülən məbəd kompleksinin ərazisində onlarla qəbir daşı yerləşir. Bununla əlaqədar ərazinin arxeoloji cəhətdən tədqiq edilməsinə ehtiyac yaranıb.

Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək, Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi də nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcək. Turizm Məlumat Mərkəzi iki hissədən ibarət olacaq. Birinci hissə turistlərin qəbulu sahəsi, ikinci hissə isə turizm işçiləri üçün ofis kimi nəzərdə tutulur.

Hadrut bir mərkəzdən idarə olunacaq

Hadrut qəsəbəsində həm də inzibati mərkəz tikilir. İnzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir ki, bu da Hadrut qəsəbə sakinlərinin yaranacaq hər hansı bir probleminin vaxt itirmədən həllinə xidmət edəcək.

Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq.

Şükürbəyli-Cəbrayıl-Hadrutdan 20-yə yaxın yaşayış məntəqəsinə şaxələnən yollar

Torpaqlarımız kimi, onları bir-biri ilə birləşdirən yollar da 30 ilə yaxın idi ki, doğmalarının addım səslərini gözləyirdi. Dağıdılmış, məhv edilmiş cığırları, itmiş yolları yenidən doğmalarını ocaqlarına daşımaq üçün darıxmışdı sanki...

Yol mədəniyyətdir. Hər hansı yerin inkişafını göstərən birinci amil, başlıca infrastrukturdur. 2023-cü ildə mayın 5-də dövlətimizin başçısının açılışında iştirak etdiyi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsi də bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Bu yol Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa olunub.

Uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.

Dövlətimizin başçısının tapşırığına əsasən, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatıb. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılıb.

Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla, həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

2021-ci ildə təməli qoyuldu, 2023-cü ildə istifadəyə verildi

“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 9-da-Hadrutun işğaldan azad olunduğu gün Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu, ötən il mayın 5-də isə dövlətimizin başçısının iştirakı ilə istifadəyə verildi.

“Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılan 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə tələbatını ödəyəcək. Həmçinin yeni qovşaq yarımstansiyası Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.

Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, “Hadrut” qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq.

İşğaldan azad edilmiş ərazilərdə Yaşıl enerji mənbələrinin (işlək günəş və külək enerji qurğuları) tətbiqinə dair real işlək model də tərtib edilib, həm personalın, həm də gələcəkdə fəal istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub.

Hadrut yeni həyatın astanasında

Bütün bunları seyr etdikcə ürəyimiz dağa dönür. Hansı ki, ürəyimizə 30 il dağ çəkilmişdi. Düşmən ərazilərimizdə daşı daş üstündə qoymamışdı. Tariximizin, mədəniyyətimizin məhvi üçün min bir oyuna, xəyanətə əl atmışdı. Bu baxımdan azad edilən torpaqlarımızın hər birində gördüklərimizi böyük sevinc və xoşbəxtliklə qarşılayırıq. Yeni həyatın astanasında olan Hadrut kimi...

Budur, Hadrutun üzü gülür. Onu azad edən ordunun müzəffər sərkərdəsi bu gün də qədim yurd yerinin bərpasını, yaxın gələcəkdə sakinlərinin ona qovuşmasını təmin edir.

Baxdıqca qürur duyuruq. Qürur duyuruq ki, torpağımızın hər bir qarışını sevən, qoruyan, əzizləyən dövlət başçımız var. Axı biz bu torpaqları 90-cı illərdə satanları da görmüşdük. Prezidentimiz onların səhvini düzəltməklə yanaşı, həm də bu xalqın nümayəndələrini öz doğma ocaqlarına qovuşdurmağa çalışır.

Bu işlər asan işlər deyil. Böyük zəhmətin, məsuliyyətin, bacarıq və qabiliyyətin, bir də Vətən sevgisinin bəhrəsidir. Bax, qüruru da məhz buna görə duyuruq.

Mətanət Məmmədova

Digər xəbərlər