PDF Oxu

Siyasət

  • 2 241

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır ŞƏRH

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır ŞƏRH

Dünyanın ən inkişaf etmiş ölkələri sırasında yeri və çəkisi olan Azərbaycan ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edərək iqtisadi gücünü, inkişafını, təhlükəsiz ölkə olduğunu bir daha ortaya qoymuş olur. Cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, eləcə də, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına imkan verib. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də prioritet elan olunub və özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biri olan ölkəmiz orbitə öz peyklərini çıxara bilib, Belə ki, "Azərspace-1" telekommunikasiya peyki, "Azərsky" müşahidə peyki və "Azərspace" Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətin məntiqi nəticəsi, eləcə də ölkəmizin elmi-texniki və iqtisadi qüdrətinin daha bir göstəricisidir. Azərbaycan beynəlxalq kosmik ailənin üzvüdür və kosmik sənayenin inkişafını davam etdirir. Azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunan üç peyk Azərbaycanla yanaşı, 45-dən artıq ölkəyə xidmət göstərir.
Təbii ki, yarım əsrdən sonra paytaxt Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi növbəti uğurumuzdur. Kosmik texnologiyalar sahəsində innovativ yeniliklərin müzakirəsinə həsr edilən Konqress Beynəlxalq aləmdə Azərbaycan göstərilən etimadın daha bir təzahürüdür. Hələ Sovet İttifaqında yaşadığımız dövrdə Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində 50 il qabaq Astronavtika Konqresi Bakıda keçirilmişdir. Bu tədbirdən təxminən 6 ay sonra Azərbaycanın kosmik sənayesinin əsasları qoyulmuşdur. "Kaspi" Tədqiqat Mərkəzi yaradılmaqla, Azərbaycan mütəxəssisləri kosmik sahədə tədqiqatlara, kosmik cihazlar hazırlamağa başlamış, sonradan o cihazlardan "Salyut" və "Soyuz" kimi peyklərdə istifadə olunmuşdur. Müasir dövrümüzdə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılması əlbəttə ki, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında Bakıda keçirilən Konqresin Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəyini qeyd edib. Heç şübhəsiz ki, bu Konqresin növbəti dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, eləcə də Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Təbii ki, hər zaman olduğu kimi Azərbaycan bu dəfə də beynəlxalq tədbirə öz təcrübəsindən, ölkəmizdəki əmin-amanlıqdan yararlanaraq Konqresi Azərbaycanda ən yüksək səviyyədə təşkil etmiş oldu,
Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib.
Azərbaycan Prezidenti çıxışında ölkəmizin reallıqlarına nəzər salarkən, ölkəmizin Avropa İnstitutları ilə əməkdaşlığının da uğurla inkişaf etdiyini diqqətə çəkib, Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. "Bu, onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir", - deyə Prezident bildirib. Azərbaycan iki mühüm beynəlxalq təsisatın İƏT-in və Avropa Şurasının üzvüdür. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Həmçinin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz bu statusu qazanmaq üçün 120 ölkənin yekdil qərarını alıb. "Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edirik və belə bir təşkilata sədrlik etmək şərəfinə biz 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşük. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir" - deyən Prezident bununla yanaşı, Avropa institutları ilə də əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib. Bildiyimiz kimi, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb.
Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. İqtisadi cəhətdən qüdrətli dövlətə çevrilən ölkəmizin coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri, eləcə də əlverişli biznes mühiti dünya ölkələri ilə qarşılıqlı etimad əsasında əməkdaşlığın qurulmasında mühüm amillər sırasındadır. Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Müasir dünyada enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. "Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir" - deyə Prezident bildirib.
Prezident İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyinin məntiqi nəticəsidir ki, siyasi müstəvidə dövlətlərarası münasibətlər yüksək formalaşıb ki, bu da iqtisadi və digər sahələrdə əlaqələrin daha da gücləndirilməsinə müsbət təsirini göstərməkdədir. Bildiyimiz kimi Azərbaycan Avropaya enerjinin təchizatını artırıb. Zəngin potensiala malik olan Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələri dünya ölkələrinin diqqətindədir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb.

Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər