PDF Oxu

Siyasət

  • 4 396

Hədəf alınan mülki insanlar: Gəncə terroru TƏHLİL

Hədəf alınan mülki insanlar: Gəncə terroru TƏHLİL

30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan 44 günlük Vətən müharibəsində döyüş meydanında uduzduğunu aydın dərk etdiyindən beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasının üzü idi. Təbii ki, bu və ya digər amillər Azərbaycanı haqq savaşından çəkindirmir və Azərbaycan Ordusu öz torpaqlarının azad olunması məqsədi ilə müharibəsini davam etdirirdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin də gözü qarşısında baş verirdi. Ermənistanın atəşkəsə əməl etməməsi hiddət doğururdu. Azərbaycan isə əməliyyat zamanı yalnız hərbi obyektləri hədəfə alır, ancaq Qarabağ bölgəsindəki ərazilərdə əməliyyat həyata keçirirdi. Amma Ermənistan Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə alırdı. Əlbəttə ki, əsas məqsəd panika, xaos və qorxu yaratmaq idi. Dövlətimizin güclü iradəsi, güclü ordumuzun məntiqi nəticəsi idi ki, bu hücumlar bizi hədəfimizdən uzaqlaşdırmadı.

10 MÜLKİ ŞƏXS HƏYATINI İTİRDİ VƏ 34-Ü YARALANDI

Vətən müharibəsi dövründə də davam edən Ermənistanın növbəti cinayətləri, mülki əhaliyə qarşı edilən terrorlar çirkin siyasətin məntiqi idi. Belə ki, 2020-ci ilin oktyabrın 10-da Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirləri humanitar atəşkəs elan edilməsi haqqında bəyanat qəbul etmişdi. Lakin Ermənistan Respublikası nəinki buna əməl etməyib, əksinə, oktyabrın 11-də onu ciddi şəkildə pozaraq öz ərazisindən Gəncə və digər şəhərlərimizi "SKAD" tipli raket kompleksindən atəşə tutmuşdu. Həmin tarixdə Gəncəyə atılan ballistik raket nəticəsində 10 mülki şəxs həyatını itirib, 34 mülki şəxs isə yaralanıb. Yaralanan insanlardan 9-u uşaq, 10-u qadındır. Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzünün davamlılığını göstərən bu təxribat müharibə cinayətləri olmaqla, Ermənistanın, ilk növbədə, BMT Nizamnaməsini, Müharibə aparılmasının adət və qaydalarını müəyyən edən Haaqa Konvensiyalarını, Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə konvensiyalarını və həmin konvensiyalara edilən 1977-ci il tarixli Əlavə protokolları, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunu, o cümlədən ayrı-ayrı silah növlərindən istifadə ilə bağlı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquq normalarını, həmçinin mülki əhalinin hərbi əməliyyatların təhlükəsindən müdafiə edilməsi ilə bağlı ümumi hüquq prinsipini kobud şəkildə pozulması deməkdir. Ermənistanın bu cür silahlarla təchiz edənlər də həmin silahların qanunsuz istifadəsinə görə məsuliyyət daşıyırlar.
Oktyabrın 14-də səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulmuşdu. Tərtər rayonunun müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində Dəyərli kənd ümumi orta məktəbinə ziyan dəymiş, məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşmüşdü. Ümumilikdə 14 oktyabr tarixinədək artıq 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəymişdi. Ermənistanın humanitar atəşkəsi pozmasına baxmayaraq, rəşadətli Azərbaycan Ordusunun hər gün yeni kəndləri və şəhərləri işğaldan azad etməsi bizi Zəfər tariximizə yaxınlaşırırdı.
Artıq Azərbaycan düşmənə öz gücünü göstərmişdi. 2020-ci ilin oktyabr ayının 11-nə qədər qısa bir zamanda Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri və digər ərazilərimiz işğaldan azad olunmuşdur.

GƏNCƏDƏ MÜLKİ ƏHALİYƏ QARŞI TÖRƏDİLƏN TERROR AKTI İLƏ BAĞLI DÜNYA BİRLİYİNƏ ÇAĞIRIŞ

"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib". Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar 11 oktyabr 2020-ci il tarixində rəsmi "Instagram" səhifəsində paylaşım etmişdi. "Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib" – bildirən Mehriban xanım Əliyeva qeyd edib ki, humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi qanlı terror aktı ilə bağlı dünya birliyinə çağırış etdi. "Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır. Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir".
Düşmənin gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən iri sənaye şəhəri Mingəçevirə atdığı raketlər Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdi. İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edildi. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin
3 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 "Qvozdika" özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarıldı. Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verdi.
2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalandı.

"DƏMİR YUMRUQ" YERİNDƏDİR

Dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə hərtərəfli formalaşan qüdrətli Azərbaycan Ordusu və xalqımızın mübariz ruhu işğal olunmuş torpaqlarımızı erməni işğalından azad etdi. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz torpaqlarını qarış-qarış işğaldan azad etdi və işğaldan azad olunan torpaqlarımızda Azərbaycan bayrağı dalğalandı.
44 günlük Vətən müharibəsindən sonra deyəsən, "dəmir yumruğ"un gücünü görmüş ermənilər unutqanlıq edirdilər. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq ötən ilin avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərmişdilər. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürdü.
Sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru, qələbəsi kimi tariximizə yazıldı. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: "Unutmasınlar ki, dəmir yumruq yerindədir".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər