PDF Oxu

Siyasət

  • 2 533

Yeddi ərazimiz geri qaytarılır

Yeddi ərazimiz geri qaytarılır

Qərb Rusiyanı öz tərəfinə çəkə bilmədi

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada Azərbaycan ərazisini konkret faktlarla göstərməklə anklavlar məsələsinin də həll edilməsi faktını ortaya qoyur. Daha dəqiq desək, söhbət Azərbaycanın Ermənistan tərəfindən hələ də işğalda saxlanılan 8 kəndindən (Qazağın 7-i, Naxçıvanın Kərki kəndi) gedir. Çünki bu kəndlər də 86,6 min kv km-lik əraziyə daxildir. Sözügedən məsələdə isə Azərbaycanla Ermənistan arasında danışıqlar olacaq. Siyasi praktikada bu kimi məsələlər iki istiqamətdə həllini tapır. Ya hər kəsin anklavı öz ərazisində qalır və ərazi dəyişdirilməsi baş vermir. İkinci variantda isə ərazilər geri qaytarılır. Hər halda bu istiqamətdə ciddi bir problemin olacağı gözlənilmir. Azərbaycanın istəkləri yerinə yetiriləcək.

Avropanın bəzi dairələri Zəngəzurun itirilməsindən ehtiyat edirlər

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun fikrincə, bir il öncə baş tutan Praqa görüşündə də məhz Makron Azərbaycan ərazisinin konkret rəqəmlərlə Almatı sazişinə istinad edilməsini istəmişdi. "Nə qədər qəribə də olsa, Fransa prezidenti iki ölkənin ərazisinin konkret rəqəmlərlə bəyan edilməsində maraqlı olub. Bununla bağlı görünür ki, onun öz planları var. Amma bu proses ümumilikdə Azərbaycanın qalibiyyəti Ermənistanın məğlubiyyəti ilə nəticələndi", - deyə siyasi şərhçi bildirib.

Buradan isə daha bir nəticəyə gəlmək olar. Daha bir fakt ondan ibarətdir ki, Avropanın bəzi dairələri Zəngəzurun itirilməsindən ehtiyat edirlər. Daha doğrusu, onlar həmin bölgənin Azərbaycanın nəzarətinə qayıtmasından narahatdırlar. Bununla bağlı da şərhini irəli sürən politoloqa görə, Cənubi Qafqazın gələcəyi ilə bağlı Qərbdə müəyyən baxışlar mövcuddur: "Almaniya və Fransa media sahələrində Zəngəzur vasitəsi ilə Azərbaycanın Naxçıvanla kommunikasiya xəttinin olub-olmayacağı məsələsi gündəmə gətirilir. Həmçinin, Azərbaycanın güc yolu ilə bunu həll etmək istəyinin mümkünlüyü və mümkünsüzlüyü haqqında mülahizələr irəli sürülür".

Bakı niyə Qranadadan imtina etdi?

Lakin həmin dairələr ya unudurlar, ya da görməzlikdən gəlirlər ki, sülhlə bağlı Azərbaycan danışıqlara hər zaman hazır olub. Azərbaycanın əsas istəyi ondan ibarətdir ki, kimsə danışıqlarda diktə edən tərəf olmasın. Azərbaycan Prezidenti İlham Əliyevin Qranada səfərindən imtina etməsi də, məhz bununla bağlı idi. Rəsmi Bakı bu müstəvidə nə kimi yanaşmaların olacağını bilirdi. "Burada Fransa və Almaniyanın hiylələri ilə bağlı müxtəlif yanaşmalar gözlənilirdi. Çünki Avropa Parlamenti Azərbaycana qarşı qərəzli sanksiya qəbulu üçün Avropa İttifaqına müraciət edəcəkdisə, bundan sonra həmin qərarlardan ölkəmizə təzyiq vasitəsi kimi istifadə olunacaqdı. Belə olan halda həmin ölkələr Azərbaycana sanksiya və yaxud istəklərini həll etmək dilemması ilə çıxış edəcəkdilər. Ona görə də, Bakı bu görüşlərdən imtina etdi. Proseslərin gedişi göstərdi ki, Bakı bununla çox böyük üstünlüklər əldə etdi", - deyə Zaur Məmmədov bildirib.

Şarl Mişelin tez-tez dəyişən mövqeyi: o nə demək istəyir?

Eyni zamanda, danışığın stenoqrammasına nəzər yetirdikdə burada Azərbaycan növbəti dəfə öz konkret mövqeyini ortaya qoyduğu görünür. Xatırlaya bilərik ki, bir müddət öncə Azərbaycan tərəfi Şarl Mişelin bu istiqamətdəki fəaliyyətini təqdir edirdi. Amma son zamanlar Şarl Mişelin və Almaniyanın mövqeyində Fransa ilə yaxınlaşma müşahidə edildi. Emmanuel Makronun təsirləri nəticəsində Almaniyanın ənənəvi balanslı mövqeyindən daha çox erməniləri müdafiə etməsi faktı önə çıxdı. Eyni zamanda, Şarl Mişelin son bəyanatları etnik hüquqlar və digər məsələlərlə bağlı mövqeyi sözsüz ki, Azərbaycanı narahat edən məqamlardan idi. Məhz bu baxımdan, əgər Avropa İttifaqı danışıqlarda öz rolunu itirmək istəmirsə, o zaman məsələyə ərazi bütövlüyü kontekstindən yanaşmalıdır.

Bu kimi siyasi oyunlar kənardan açıq şəkildə görünür

Politoloqa görə, əgər söhbət ermənilərdən gedirsə, onlara qarşı heç bir etnik təmizləmə aparılmayıb. "Ermənilər könüllü şəkildə geri qayıdıb, təhlükəsiz şəraitdə yaşaya bilər. Sadəcə olaraq, Qərb burada ikili oyun oynayır. Onlar Rusiyanın bölgədən çıxarılmasını istəyir. Digər tərəfdən isə ermənilərin qayıdışı ilə bağlı çıxışlar edir. Ermənistana öz hərbi qüvvələrini gətirmək istəyən Qərb digər yandan Azərbaycanla bağlı gilzin şəkildə danışıqlar aparır", - deyə o bildirib.

Daha bir görünən fakt budur ki, Azərbaycan məsələsində Qərb Rusiyanı öz yanına çəkmək istəyir. Əslində, bu kimi siyasi oyunlar kənardan açıq şəkildə görünür. Ona görə də, Azərbaycan vacib xarici siyasət xətti yürüdür. Nəticədə isə Qərb Cənubi Qafqazda Rusiyaya uduzur. Proseslər isə bilavasitə Azərbaycanın xeyrinə inkişaf edir, özü də tam sürət həddi ilə.

Afət Tahirqızı

Digər xəbərlər