PDF Oxu

Siyasət

  • 1 864

Karvan bizi Qarabağa, Şərqi Zəngəzura aparır TƏHLİL

Karvan bizi Qarabağa, Şərqi Zəngəzura aparır TƏHLİL

Böyük Qayıdış davam edir və əzəli sakinlər doğma yurduna qayıdır. Torpaqla görüş, doğma yuvada, ocaqda yandırılan çıraqlar insanların illərlə həsrətdə olduğu arzularını gerçəkliyə çevirib. Köç karvanları onları 30 il əvvəl çətin bir şəraitdə, qovhaqovla, silah gücünə məcburi bir şəkildə başılovlu çıxdıqları evlərinə aparır. Göz yaşları ilə əzizlərini itirən insanlar doğma torpaqlarından bir ovuc götürərək özlərinə bir nişan təsəli ilə o torpaqlardan güc ilə ayrılmışdılar. Necə çətin, amansız illəri idi. Ümidsiz qalan insanlar evsiz-eşiksiz torpaqlarını tərk etdi. Başlıbel qətliamı, Xocalı soyqırımı… Yaddaşımızdan heç zaman silinməyəcək qanlı günlər. Qarlı, boranlı illər. Qan donduran faciələr…
Bu gün isə nisgilli ömür yaşayanlar öz yurd yerlərinə qayıdırlar. Yenidən həyat gülür, yaşayıb-yaratmağa bir çağırış vardır. Dövlət başçısının işğaldan azad olunan ərazilərimizə səfərləri çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Böyük qayıdışı sürətləndirir, köç karvanları davamlı olaraq əzəli torpaqlara yol alır. İşğaldan azad olunan bir sıra ərazilərimiz kimi, Füzuli şəhərinə də keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürüldü.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar.Bununla da Füzuli şəhərində 165 ailənin, yəni, 602 nəfərin daimi məskunlaşması təmin edilmişdir.

İNSANLARIN RAHAT, FİRAVAN HƏYATININ TƏMİNATI

Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Füzuli də abadlıq-quruculuq meydanına çevrilib. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Füzuli abadlaşır və yenidən qurulur. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı buradakı görülən işlərin əyani təzahürüdür. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Füzuli Beynəlxalq Hava Limanı, xüsusən bu rayonun Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolu oynadığını birmənalı surətdə təsbit edir.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti, siyasi iradəsi ilə Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, o cümlədən Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası xüsusi ilə qeyd olunmalıdır.

ƏZƏLİ TORPAQLARDA YENİ HƏYAT

Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə, eləcə də Laçına köçlər yola salınıb. Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bildiyimiz kimi, Ağdamda Xıdırlı kəndinin dövlət başçısı tərəfindən ötən il təməli qoyulmuşdur. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Bütün bunlarla yanaşı, Ağdam şəhərində 2-ci yaşayış məhəlləsi salınır. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınır.
Azərbaycanın dilbər guşəsi Qarabağımız və Şərqi Zəngəzur yeni dövrünü yaşayır. Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Bu gün Şuşamızda, Zəngilanda, Laçında və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Tezliklə işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevriləcəkdir və hər qarış torpağımız əzəli sakinlərinin yolunu gözləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər