"Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin oktyabrın 12-də Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verərkən bildirmişdir.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi hər gün yeni qələbələrimizlə davam edirdi və işğalda olan ərazilərimiz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən azad edilirdi. Azərbaycan müharibənin ilk günlərində döyüş meydanında öz gücünü göstərdi və elə bir müharibə apardı ki, bütün dünya bunu izlədi. Artıq bu günə qədər - müharibədən ötən günə qədər bir çox ərazilərimiz işğaldan azad olunmuşdur. Belə ki, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər, Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri,
Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri, Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri, Tərtər rayonunun Çaylı kəndi işğaldan azad edilmişdi. Ermənistan qaçılmaz məğlubiyyətini dərk edirdi.
"ERMƏNİSTAN DÖYÜŞ MEYDANINDA İLK GÜNDƏN MƏĞLUBİYYƏTƏ UĞRAMAĞA BAŞLAMIŞDI"
"İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı", - deyən Cənab Prezident müsahibələrinin birində bildirib ki, 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq: "Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular. Tərtər şəhərinə, - o qədər də böyük şəhər deyil, - 20 minə yaxın raket düşmüşdür". Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam etməsi onu göstərmiş oldu ki, təzavüzkar siyasətini davam etdirir. Ermənistan Silahlı Qüvvələrinin Bərdə və Tərtər şəhərlərini "Smerç" raketindən atəşə tutması erməni vəhşiliyinin daha bir nümunəsi oldu. Bu bir daha Ermənistan tərəfinin Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizliyini təsdiqlədi. Ermənistan silahlı qüvvələri Bərdədə dinc sakinləri "Smerç" raketləri ilə atəşə tutaraq, şəhərdə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirdi. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak oldu, 70-ə yaxın mülki şəxs yaralandı. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə humanitar atəşkəs razılaşmasının tələblərini pozaraq dinc sakinlərimizi bilərəkdən hədəfə almaqda davam edirdi. Ermənistan humanitar atəşkəsin prinsiplərinə riayət etmədiyini, yenidən düşmənçilik və təcavüzkar siyasətini davam etdirdiyini hər addımında təsdiqləyirdi. Humanitar atəşkəsin elan olunmasından 14 saat sonra Gəncə və Mingəçevir şəhərlərinin işğalçı dövlət tərəfindən yenidən raket hücumuna məruz qalması artıq qırmızı xətti keçmək demək idi. Düşmənin mülki əhalini və infrastrukturu məqsədyönlü şəkildə hədəfə almasında məqsəd dinc sakinləri təşvişə salmaq idi. Əminliklə deyə bilərik ki, avantürist erməni hakimiyyəti məqsədinə çata, Azərbaycan xalqında, həmçinin Gəncə sakinlərində heç bir təşviş yarada bilmədi. Xalqımız, o cümlədən bütün gəncəlilər düşmən terrorundan, təxribatından çəkinmədən öz işinə davam etdi, şanlı ordumuzun uğurlarından daha da ruhlanırdı. Əmin idi ki, Azərbaycan haqq mübarizəsində tezliklə qalib olacaq.
ÜÇTƏRƏFLİ BƏYANATLA ERMƏNİSTAN TƏSLİM OLDU
Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, ölkəmizin xoşməramlı səylərinə, Ermənistanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalırdı. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan "Bişkek protokolu" 1994-cü ilin mayında imzalanmışdır. 26 il atəşkəs rejimində Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozuldu. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermədi. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də beynəlxalq hüququn normalarını kobud şəkildə pozmuş oldu. 30 il ərzində torpaqlarımızın işğal altında olmasının böyük ədalətsizlik və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd idi.
Vətən müharibəsində onlara Azərbaycan yetərincə dərs verdi və 44 gün ərzində işğalçıları öz torpaqlarından qovdu. Tarixi ədalət bərpa olundu. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən təslim oldu.
Artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsidir. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Dini-mədəniyyət abidələrimiz təmir və bərpa olunur, infrastruktur qurulur. "30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir",- deyən Prezident bizim burada əsas rəqibimizin zaman olduğunu bildirmişdi. Azərbaycanın dinamik inkişafı tezliklə işğaldan azad olunan ərazilərimizin bərpasına imkan verir və illərdir vətən həsrəti ilə yaşamış insanlar qısa bir zamanda öz yurdlarına, doğma ocaqlarına mərhələli şəkildə dönürlər.
Zümrüd BAYRAMOVA