PDF Oxu

Siyasət

  • 2 176

Cənubi Qafqaz dövlətləri yeni mərhələnin astanasındadır ŞƏRH

Cənubi Qafqaz dövlətləri yeni mərhələnin astanasındadır ŞƏRH

Azərbaycan Respublikası mürəkkəb tarixi yol keçərək müstəqilliyinin bərpasının 32-ci ilində ərazisinin suverenliyini tam bərqərar etdi. 44 günlük Vətən müharibəsinin ardından “10 noyabr bəyannaməsi”ndən irəli gələn vəzifələri Azərbaycan öz növbəsində yerinə yetirdiyi halda Ermənistan tərəfinin revanşizmə yuvarlanması 3 il sonra antiterror əməliyyatını zəruri etdi. Beynəlxalq hüquq normalarına sadiq qalan Azərbaycan dövləti ikili standartlar qarşısında heç bir provakasiyaya getmədən bölgənin terror obyektlərini zərərsizləşdirərərk bölgədə tarixi ədaləti bərpa etdi. Ölkəmizin Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində, xüsusən də Nadir şah Əfşarın yadellilər üzərində qazanmış olduğu qələbələrdən sonra heç bir dövrdə Azərbaycan bu qədər ard-arda qələbələr qazanmamış və Qarabağ regionunda bu qədər üstünlük əldə etməmişdi.

Oktyabrın 8-də Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatında Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda əməkdaşlığı haqqında mesajlar verdi. Bir çox sahələr üzrə əməkdaşlığın uğurlu ola biləcəyini vurğulayan ölkə başçımız nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və başqa sahələrdə perspektivlərin mümkün olduğunu bəyan etdi. Azərbaycanın tarixi torpaqlarının otuz il işğal altında qalması vahid Cənubi Qafqaz iqtisadiyyatının formalaşmasına maneə idi. İrimiqyaslı layihələrdən kənarda qalan Ermənistan bundan sonrakı siyası addımları ilə gələcəkdə Cənubi Qafqazın iqtisadi sisteminə qoşulma imkanı qazana bilər. Bu, Azərbaycan Respublikası ilə bağlanacaq sülh müqaviləsinə bağlıdır. Prezident İlham Əliyev bəyanatda “biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq"-deyərək üçtərəfli əməkdaşlığın mümkünlüyünü bildirdi.

Azərbaycan və Ermənistan münasibətləri gərgin olmaqla yanaşı mühüm imzalar ərəfəsindədir. Bu mərhələdə vasitəçilik etməyə çalışan dövlətlərin yanaşması sülh sazişinin bağlanmasını tezləşdirə və ya uzada bilər. Bu baxımdan, Azərbaycan dövləti vasitəçi dövlətlərin bitərəfliyində maraqlıdır. Ölkə başçısı cənab İlham Əliyev Ermənistanla danışıqlar mərhələsi üçün vasitəçi dövlətlərin seçimi haqqında fikrini belə ifadə etmişdir: “Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi.”

Cənab İlham Əliyevin bu fikirləri son otuz ildə Azərbaycanla Gürcüstan arasında olan qarşılıqlı anlaşmaya, mehriban qonşuluq əlaqələrinə və müştərək iqtisadi layihələrin müvəffəqiyyətinə əsaslanır. Azərbaycan və Ermənistanla siyasi baxımdan maraqları toqquşmayan, strateji tərəfdaş kimi Gürcüstan dövləti regionda təhlükəsizlik və sabitlik mühitində maraqlıdır. Bu baxımdan, ilkin mərhələdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılacaq danışıqlarda ən optimal dövlət Gürcüstandır. Sülhün bərqərar olacağı təqdirdə Cənubi Qafqazda yeni perspektivlər dövrü başlayacaqdır.Bu gün Azərbaycan Respublikası Cənubi Qafqazın öncül dövlətidir. Son üç ildə hərbi qarşıdurma fonunda Qarabağda quruculuq-bərpa işləri intensivliyi, masştabı, maliyyə və texniki həcmi ilə tariximizin ən böyük layihəsidir. Bu baxımdan, Azərbaycan müasir tarixinin yeni bir səhifəsinin, hətta belə demək mümkündürsə, yeni erasının başlanğıcındadır.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrəə razi partiya təşkilatının sədr müavini

Digər xəbərlər