439 şəxs 4-cü nəsil müasir protezlərlə təmin edilib
Azərbaycan xalqı mərd və cəsarətli oğulları ilə qürur duyur. Dövlətimiz münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində uzun illər çalışsa da, Ermənistan öz niyyətindən əl çəkmədi və 44 günlük Vətən müharibəsində Zəfər qazandı. Bu gün Azərbaycan xalqı qalib xalqdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu üç il əvvəl Vətən müharibəsində tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Misli görünməmiş döyüşlərdə əzəli torpaqlarımız Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad olundu.
Müharibə başlayan ilk günlərdən Azərbaycan xalqının igid övladları şücaət, qəhrəmanlıq göstərdilər və Vətən torpaqları uğrunda vuruşdular. Cənab Prezident çıxışlarının birində vurğuladığı kimi, "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq". Dövlətimiz tərəfindən Vətən müharibəsinin hər bir şəhid ailəsinə və qaziyə xüsusi həssaslıqla yanaşılır. Azərbaycan dövləti və xalqı üçün əlbəttə ki, hər bir hərbçi əzizdir, dəyərlidir.
"İNSANLAR O PROTEZLƏRDƏN İSTİFADƏ EDİB FUTBOL DA OYNAYA BİLƏRLƏR"
Müharibədə sağlamlığını itirmiş oğulların sağlamlığının bərpası və normal həyata qayıtması üçün dövlətimiz tərəfindən addımlar atılır. Dövlət başçısı çıxışlarının birində onların həyatında yeni dövrün başlandığını bildirmişdir: "Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq… Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək".
Əlbəttə ki, vəd və əməl hər zaman özünü təsdiqləyib. Müharibənin qurtarmasından ötən müddət ərizində döyüş meydanında sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpa məqsədi ilə 4-cü nəsil müasir protezlərlə təmin edilib. Vurğulamaq yerinə düşr ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib. Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun icra etdiyi xüsusi layihə çərçivəsində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.
Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında" 30 mart 2017-ci il tarixli Sərəncamı bu istiqamətdə mühüm addımın atılmasına imkan verib.
ƏRAZİ BÜTÖVLÜYÜNÜN MÜDAFİƏSİ ZAMANI SAĞLAMLIQLARINI İTİRƏNLƏRƏ QAYĞI
Bu gün də Vətən müharibəsində sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpa olunması, onların fəal həyata qayıdışı üçün lazımi tədbirlər görülüb. Döyüşlərində əlil olmuş şəxslərin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yüksək texnologiyalı reabilitasiya vasitələri, hərəkət edən protezlərlə təmin edilir. 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş qazinin, müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. 439 şəxs 458 ədəd yüksək texnologiyalı son - 4-cü nəsil müasir protezlərlə təmin edilib. Bütün bunlar bir daha təsdiqləyir ki, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlət qayğısı və diqqət davamlıdır. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə iştirakçıları ilə bağlı həyata keçirilən geniş sosial dəstək tədbirləri davamlı olaraq reallaşır.
Həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin ailələrinin, habelə həmin tədbirlər zamanı yaralanmış hərbçilərimizin də sosial dəstəklə təminatının hazırda əsas fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı artıq qeyd olunan istiqamətdə müvafiq işlər görülür.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıqlarını itirmiş qəhrəman Vətən övladları hər zaman diqqət və qayğı ilə əhatə olunub. Onların hər birinin aktiv həyat tərzinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Nəzakət ƏLƏDDİNQIZI