Maksim Şevçenkodan diqqətçəkən proqnozlar
Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya etməsi Kremldə İrəvanın açıq-aşkar Rusiyaya qarşı xəyanətkarlıq mövqeyi tutması kimi qiymətləndirilib. Diqqətçəkən məsələ həm də budur ki, yalnız Rusiya hakimiyyətinin dəstəkçiləri deyil, həm də digər müxtəlif məsələlərdə müxaliflik mövqeyindən çıxış edən siyasi ekspertlər də bənzər mövqeləri bölüşürlər.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsini birmənalı şəkildə dəstəkləməkdən imtina edən və bəzi məsələlərdə Kremlin siyasətinə qarşı narazılığını bildirən rusiyalı müxalifyönlü jurnalist, tanınmış ictimai-siyasi xadim və publisist Maksim Şevçenko Ermənistan parlamentinin Roma statutunu təsdiqləməsinin mümkün nəticələri barədə maraqlı nüansları dilə gəririb.
Eyni zamanda, dünyada mövcud olan və cərəyan edən münasibətlər sistemində və qanun-qaydalarda dərin dəyişikliklərin baş verdiyinə əminliyini bildirən məşhur analitik, Roma statutu barədə Ermənistan parlamentinin çıxardığı müsbət qərarın bu ölkə üçün neqativ nəticələrə səbəb olacağını istisna etməyib.
"Haaqa məhkəməsinin orderinin Ermənistan ərazisində etibarlı sayılması, Ermənistanı qlobal münaqişəyə sürükləyə bilər”
“Baş verənlər dünyadakı münasibətlər sisteminin tamamilə sındırılmasıdır. Bu və ya digər dövlətlərin parlamentlərinin qərarları geriyə dönüşü mümkünsüz edə bilər. Haaqa məhkəməsinin orderinin Ermənistan ərazisində etibarlı sayılması, Ermənistanı qlobal münaqişəyə sürükləyə bilər”, - Şevçenko deyib.
Azərbaycanla münaqişənin artıq suveren dövlət kimi Ermənistanın mövcudluğunu sual altına qoyduğunu qeyd edən analitik bildirb ki, bu məsələ Erməınistanın adının “Qərbi Azərbaycan” və ya “İrəvan xanlığı” adına dəyişdirilməsi ilə nəticələnə bilərdi.
"Onlar doğrudanmı düşünürlər ki, Türkiyə və Rusiya buna dözəcək?"
Onun sözlərinə görə, Ermənistan parlamentinin qərarı hansısa beynəlxalq hüquqi sənədin qəbulu yox, Avropa İttifaqının (Aİ) vassallığını qəbul etmək barədə anddır.
Aİ-nın beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün kiçik müttəfiqlər axtardığını deyən rusiyalı publisist, Ermənistanın rastlaşa biləcəyi riskləri diqqətə çatdırıb.
"Aİ indi Qafqaza daxil olur. Onlar doğrudanmı düşünürlər ki, Türkiyə və Rusiya buna dözəcək? Ermənilər, belə yanaşma ilə, ola bilsin ki, sizə Azərbaycanın və ya Osmanlı imperiyasının bir hissəsi olmaq lazım gələcək” - Şevçenko deyib.
"Yəni, Ermənistan özünün Roma statutu ilə İranamı söykənəcək?"
Rusiyalı ekspert bu minvalla Ermənistanın beynəlxalq aləmdə gedən oyunlarda “xırda pul”a çevriləcəyi riskini də istisna etməyib.
“Yəni Ermənistan özünün Roma statutu ilə İranamı söykənəcək? İran mollalarına? Həmin mollalara ki, maraqları necə tələb edirsə, özlərinin Moskvadakı, Ankaradakı və ya Qərbdəki tərəfdaşları ilə Ermənistanın hesabına sövdələşmə aparacaqlar?”, - Şevçenko sual edib.
Əslində, məşhur rusiyalı jurnalist və ictimai-siyasi xadim Maksim Şevçenkonun qoyduğu suallar ritorikdir. Amma bu suallar, ilk növbədə, son bir neçə əsrdə, hətta elə indinin özündə də erməniçilik ideoloqlarından daha çox erməni olmağa çalışan rusiyalı siyasətçilərə, siyasətbazlara, bəzi deputatlara, məmurlara, jurnalistlərə və aparıcılara, habelə “ictimai-siyasi” xadimlərə ünvanlanmalıdır.
Daha doğrusu, hansı səbəbdən Rusiyanın dövlət mənafeyini və geosiyasi maraqlarını erməniçilik ideoloqlarının girovuna çevirdikləri barədə onlardan çox sərt hesabat tələb olunmalıdır.
Bu siyahıda birinci yerdə Rusiyanın dövlət telekanalında öz verilişini erməniəsilli “rusiyalı” ekspertlərin meydançasına çevirən teleaparıcı Vladimir Solovyov və Rusiya parlamentinin uzunömürlü deputatı Konstantin Zatulin dayanırlar.
Afət Tahirqızı