Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri mənafeyi Azərbaycanın dövlətçilik və milli mənafeləri ilə uyğun gələn dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibəti yaratmaq, həmçinin xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və geniş informasiya mübadiləsini təmin etməkdir. Belə ölkələrdən biri də Azərbaycanın şimal-qərbində yerləşən Gürcüstan Respublikasıdır. 1918-ci ildə məhz bu ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulmuşdur. 70 il müddətində eyni imperiyanın tərkibində olan iki qonşu və dost dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakeri daşıyır. Tarixi köklərlə bir birinə bağlı olan Azərbaycan və Gürcüstan əlaqələri təkcə iqtisadi sahədə deyil, sosial, elmi, mədəni, səhiyyə və digər sahələrdə də artan dinamika ilə inkişaf edir.
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkə arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 08 oktyabr 2023-cü il tarixdə Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcək.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda bildirib ki, iki ölkə liderinin qarşılıqlı səfərləri və ənənəvi görüşləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün, həm bölgə üçün, o cümlədən Cənubi Qafqaz üçün çox vacib bir şərtdir.
Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun tarixçəsini xatırlayan dövlətimizin başçısı bildirib ki, məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamış, məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır. Biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik. Baş nazir İrakli Qaribaşvili ilə söhbət əsnasında Cənubi Qafqazda sülhün bərqərar olunması məsələsinə toxunduğunu söyləyən cənab İlham Əliyev bildirib ki, biz hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və ya digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizin yanındayıq, beynəlxalq hüququn fundamental prinsipi olan ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyi ilə bağlı mövqeyimiz birmənalıdır. Bununla yanaşı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə barədə danışan ölkə başçısı qeyd edib ki, üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, cari ilin sentyabr ayında isə bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. Hazırda isə Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal iş aparılmalıdır. Əgər buna nail olunsa Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və s. Cənab Prezident diqqətə çatdırıb ki, bu gün bir neçə ölkə və bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Lakin həm tarixi əlaqələri, həm də coğrafi amili nəzərə alaraq bu sahədə ən düzgün seçimin Gürcüstan ola biləcəyini vurğulayan cənab İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin razılığı olduğu təqdirdə Azərbaycanın aidiyyəti qurumlarının rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər. Bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərən enerji və nəqliyyat sahəsində uğurla həyata keçirilmiş müştərək layihələrə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanının inşası və Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanının genişləndirilməsi əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Gürcüstan və Azərbaycan iki qardaş ölkə olaraq Avropa ölkələri ilə energetika sahəsinin başqa bir layihəsi olan həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək “Yaşıl enerji dəhlizi” layihəsi üzərindən sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq.Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya üçün də böyük məna daşıyır. Bizdə güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Günay Məmmədli
YAP Yasamal rayonu, “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri