12.10.2023-сü il tarixdə də Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatı rayon Təhsil sektorunun akt zalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyi ilə bağlı “İlham Əliyev - Xilaskar Lider” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda YAP Oğuz rayon təşkilatının ərazi təşkilat sədrləri, partiya veteranları, partiya fəalları, rayon ziyalıları iştirak edib. İlk olaraq müasir Azərbaycan dövlətinin və müstəqil Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin, Vətən torpaqlarının azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin əziz və nurlu xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Konfransın işinə sədrlik edən YAP Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov bildirdi ki, 20 il əvvəl Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.Müasir parlaq tariximiz məhz xalqımızın müstəqil, müdrik seçiminin məhsuludur. Arzuladığımız qüdrətli dövlətin vətəndaşlarıyıq. Bu möhtəşəm tarixi bizə yaşadan isə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevdir.
Ölkəyə rəhbərlik etdiyi son 20 ildə cənab İlham Əliyevin gördüyü fantastik işlər ona təkcə daxildə deyil, beynəlxalq aləmdə də böyük hörmət, nüfuz qazandırıb. Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi, Azərbaycan sevgisi, vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı və ən nahayət, 30 illik həsrətimizə son qoyan Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi ona ümumxalq sevgisi qazandırıb. İlham Əliyevin adı Qarabağda aparılan 44 günlük Vətən müharibəsindəki qələbənin müzəffər Ali Baş Komandanı kimi Azərbaycan tarixinə düşüb. Adını tariximizə həm də Xilaskar Lider kimi yazdıran cənab İlham Əliyev milli maraqlara əsaslanan, tam müstəqil, prinsipial siyasəti ilə Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışır.
Konfransın işində çıxış edən partiya fəallarından rayonun Bucaq kənd tam orta məktəbinin direktoru Ülviyyə Səmədova, rayonun Bayan kənd tam orta məktəbinin direktoru Səidə İsmayılova və rayonun Qumlaq kənd tam orta məktəbinin direktor müavini Ruslan Bəkirov bildirdilər ki, Prezident cənab İlham Əliyevin fəaliyyəti hər bir sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Dövlət başçısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, Onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!
Son 20 ildə Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar qazanılıb. Bu uğurlar bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Ümummilli Liderin başladığı və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.