Hərbi ekspert: "44 günlük İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs sazişi imzalandı. Hər kəs bəyanata imza atanların ona əməl edəcəyini gözləyirdi. Lakin Azərbaycan sənədə ciddi əməl etdiyi halda, Ermənistan lazımi şərtləri yerinə yetirmədi".
Bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. O qeyd edib ki, Ermənistanın verdiyi vədləri yerinə yetirməsi, xüsusən də, Zəngəzur dəhlizinin açılması, danışıqların nəticəyönümlü şəkildə davam etməsi sabitliyin bərqərar olmasının yeganə yoldur.
Yaşar Gülər: "Biz hər zaman olduğu kimi, “bir millət, iki dövlət” anlayışı ilə əziz qardaşımız Azərbaycanın yanındayıq”
Nazir bəyan edib ki, Ankara Azərbaycan və Ermənistan rəhbərliyi arasında yaxın günlərdə İspaniyada keçirilməsi planlaşdırılan görüşdən öncə baş verən prosesləri və danışıqları diqqətlə izləyir: “Biz hər zaman olduğu kimi, “bir millət, iki dövlət” anlayışı ilə əziz qardaşımız Azərbaycanın yanındayıq”.
Yaşar Gülərin sözügedən fikirlərini şərh edən hərbi ekspert Ədalət Verdiyevin qeyd etdiyinə görə, türkiyəli nazir bu açıqlaması ilə Ermənistanı regionda sülh və təhlükəsizliyin təmin olunması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb.
Ədalət Verdiyev: "Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir iş görməyib"
Bu öhdəliklərin böyük hissəsi Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycanın "Dəmir yumruğ"u hesabına həll olunsa da, yerinə yetirilməyənlər də var. "Hələ ki, Ermənistan silahlı birləşmələrini Qazaxın 7 və Naxçıvanın bir kəndindən çıxarmayıb. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir iş görməyib. Bu haqda bəyanatların İspaniyada keçiriləcək görüşdən əvvəl səslənməsi Ermənistan üçün açıq və qəti siqnaldır", - deyən Ədalət Verdiyev hesab edir ki, Yaşar Gülər bu vasitə ilə Ermənistana mesaj yollayıb: "Yəni, əgər Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, Azərbaycan ilə Türkiyənin əlaqəsinin təmin olunması üçün dəhlizinin açılmasına razılıq verməsə və əvvəl olduğu kimi, Naxçıvan, Laçın istiqamətində təxribatları davam etdirə, təbii ki, Azərbaycan daha adekvat, daha təsirli və Ermənistanın anlaya biləcəyi tərzdə addımlar atacaq. Buna heç kimin, o cümlədən, Zəngəzur yolunun açılmasında Ermənistanı dəstəkləyən qüvvələrin də şübhəsi olmamalıdır".
"Azərbaycanla Ermənistanın arasında bufer zonası yaradılmalıdır"
Hərbi ekspert Ermənistanla sərhəddə bufer zonasının yaradılması vacibliyinə də toxunub. O bildirib ki, Ermənistan güman olunur ki, Azərbaycanı təxribata çəkməklə, danışıqları pozmaq üçün gərginlik yaratmağa çalışır.
Bəs çıxış yolu nədir? Hər dəfə Ermənistan hansısa siyasi təxribat törətmək istəyəndə biz övladlarımızı itirməliyikmi?
"Mən əvvəllər də belə bir təklif irəli sürmüşdüm ki, Azərbaycanla Ermənistanın arasında bufer zonası yaradılmalıdır", - deyən Ədalət Verdiyev hesab edir ki, ermənilərə Azərbaycana qarşı o qədər nifrət aşılanıb ki, əgər bufer zona yaradılmasa, təxribatlar uzun müddət davam edə bilər. Bu baxımdan, qəhrəman Azərbaycan əsgərinin əli hər zaman tətikdədir.
Afət Tahirqızı