İrəvanın Bişkekdə keçirilən sammitdə iştirakdan qəti şəkildə imtina etdiyi zaman aldığı poza praktiki olaraq ictimaiyyətin gözü qarşısında sınmaq adlanır. Üstəlik, tədbirdə təkcə baş nazir deyil, ölkənin xarici işlər naziri də iştirak etməyib. Buna görə də Ermənistan açıq şəkildə göstərdi ki, o, danışıqlar prosesinin bu cür irəliləyiş imkanlarına qətiyyətlə məhəl qoymur, MDB-dəki tərəfdaşlarına, o cümlədən sammitin təşkilatçısı Qırğızıstana və ilk növbədə, Rusiyaya etimadsızlıq göstərir.
Məlumdur ki, Moskvanın Bakı ilə İrəvan arasında dialoq qurmaq üçün konkret planları var idi, xüsusən də, Putinin Bişkekdə həm Əliyev, həm də Paşinyanla ayrı-ayrılıqda, həm də üçtərəfli formatda danışıqlar aparması nəzərdə tutulurdu. Erməni liderinin isə təbii ki, bundan xəbəri var idi. Vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyev çox lakonik və ironik şəkildə ifadə etdi: “Sual yaranır: Ermənistan sülh istəyirmi? Düşünürəm ki, yox, çünki sülh istəsəydi, bu fürsətdən imtina etməzdi. Ermənistanın baş naziri Qranadaya 6 saat uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, amma 2-3 saat Bişkekə uça bilmir, onun mühüm işləri var”. Ola bilsin ki, Paşinyanın sülhün əldə edilməsi perspektivinə münasibəti barədə bundan yaxşı izah ola bilməz.
MDB ölkələrindən olan ekspertlər Paşinyanın qeyri-ciddi Bişkek “qambiti”ni “Caliber” analitik mərkəzinə şərh ediblər. Ekspertlərin fikirlərini oxucularımıza təqdim edirik.

Rusiyalı politoloq Vladislav Gerdinin fikrincə, Ermənistanın baş naziri reallıqdan qopmuş vəziyyətdə olan, aldığı dərsləri öyrənməyən və qəbul etməyən məktəblini xatırladır.
“Paşinyanın başı buludlardadır və özünü çox təcrübəli siyasətçi hesab edir, amma indi göydən enməyə dəyər - axı indi Ermənistanın baş naziri də özünü Qarabağ separatçılarının liderlərinin bu yaxınlarda apardığı kimi aparır. Azərbaycan ermənilərə dialoq, belə demək mümkünsə, sülh razılaşması variantını təklif etdi, lakin onlar ehtiyacı olan tərəfin kim olduğunu tamamilə unudub, bir neçə dəfə prosesi açıq şəkildə pozdular. İlham Əliyevin zarafat etməyi sevməməsi, boş yerə söz atmaması da onlar tərəfindən nəzərə alınmadı. Və biz yaxşı bilirik ki, bu lovğa və təkəbbürlü “qəhrəmanların” sonu hara getdi. Deməli, indi, deyəsən, Paşinyan da bu yolla gedir və belə yanaşmanın ona heç bir xeyir gətirməyəcəyi aydındır”, - rusiyalı ekspert qeyd edib.
Onun fikrincə, Qranadaya səfər erməni mediası tərəfindən Ermənistanın bir növ diplomatik “qələbəsi” kimi qəbul edilib və bu, yəqin ki, Paşinyanın başını çevirib, lakin kənardan tamamilə fərqli görünür.
“Məhz Qranadaya səfər İrəvanın siyasətində müəyyən absurdluq nümayiş etdirdi, Bişkek səfərinin ləğvi yalnız bu faktı vurğuladı. Bu prosesin əsas aktoru İlham Əliyev orada olmadığı halda danışıqlara necə ciddi yanaşmaq olar? Bakının qara siyahısına düşmüş iclasda hansısa sənədi necə ciddi qəbul edib imzalaya bilərsən- həmin Bakı ki, gələcək Ermənistan dövlətçiliyinin yeganə təminatçısıdır və onunla zarafat etməmək daha yaxşıdır. Bəzi erməni siyasətçiləri Paşinyanın oxşar siyasi savadsızlığını başqa prizmadan- bir növ ağıllı manevr kimi şərh edirlər. Amma yenə də unudurlar ki, Bakı istəsə, Ermənistanın siyasi tarixində çox şeyə meydan oxuya bilər - həm Azərbaycanın Zəngəzuru məsələsi, həm də Paşinyanın özünün baş nazir kimi legitimliyi. Ermənistan təcili olaraq danışığa gəlməli və uşaq bağçası rejimini söndürməlidir. Mən hələ də ümid etmək istərdim ki, yaxın gələcəkdə Paşinyanın ətrafında Ermənistanın baş nazirini ağıllandıra biləcək şəxslər tapılacaq və ya o, nəhayət, özü-özünə ayılacaq”,- V.Qerdin deyir.

Qazaxıstanlı politoloq və iqtisadçı Ruslan Salıxov da Ermənistan liderinin davranışı ilə bağlı analoji şəkildə danışaraq, onun MDB-nin Bişkek sammitində iştirak etməməsinin iştirakçılar tərəfindən çox mənfi qarşılandığını açıq şəkildə qeyd edib.
“Paşinyan davranışı Yanukoviçin, Yuşşenkonun və vaxtilə bilərəkdən və nümayişkaranə şəkildə MDB formatında keçirilən dövlətlərarası tədbirlərdə iştirak etməyən Ukraynanın digər liderlərinin davranışını xatırladır. Açığı, ilk növbədə, Moskvanı qıcıqlandırmaq və Qərbyönümlü kurs nümayiş etdirmək istəyindən irəli gəlirdi, lakin onlar nəzərə almayıblar ki, bu cür diplomatik təcrübə digər qonşu dövlətləri də incidir. İndi Paşinyan belə gedişlər etməyə başlayır, amma İrəvanın Kiyev kimi oynaya biləcəyini düşünməklə yanılır. O, qətiyyən Kremlin səbrini sınağa çəkməməlidir: Ermənistan heç Ukrayna da deyil. Əgər Kiyevin qərbyönlü kursu ümumilikdə Qərb tərəfindən dəstəklənirsə və hətta Rusiya ilə müharibə də Ukrayna xalqının bu seçiminə təsir edə bilmirsə, Ermənistanla çox fərqlidir. Əgər nəsə baş verərsə, məsələn, hansısa vəziyyətin gərginləşməsi və indi onun fonunda daha da qabarıqlaşan “soyqırımlar” və “blokadalar” məsələsində siyasi avantürizmi baş verərsə, Qərb onun köməyinə gələ bilməyəcək. İsraildə baş verənlər Ermənistanı bir çox ölkələr və hökumətlər üçün şübhəli siyasi subyektə çevirir. Dünya Ermənistansız da problemlərlə doludur, xüsusən, indi separatçı layihənin əbədi olaraq bitdiyi bir vaxtda”, - deyə R.Salihov bildirib.
Tərcümə - Elçin Bayramlı