Dəmir iradəsi, yorulmazlığı, qeyri-adi müdrikliyi, dövlət siyasətindən professional səviyyədə baş çıxarması nəticəsində Ulu öndər müstəqilliyimizin ilk illərində ölkəmizi üzləşdiyi ağır iqtisadi və siyasi vəziyyətdən şərəflə çıxarmış, “Əsrin müqaviləsi” ilə “yeni enerji strategiyasının” əsasını qoymuş, Azərbaycanın dövlət təhlükəsizliyi sistemində ən böyük nüfuz sahibinə çevrilmişdir. Məhz onun sayəsində ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər müstəqilliyimizin möhkəmləndirilməsi yolunda mühüm amilə çevrilmişdir. Bu bir reallıqdır ki, enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyada dövlətlərin iqtisadi və siyasi gücü bir çox cəhətdən enerji təhlükəsizliyi məsələləri ilə ölçülür-daha dəqiq enerji təhlükəsizliyi sabitliyin və təhlükəsizliyinə qarantı hesab edilir. Məhz bu baxımdan Ümummilli liderin enerji strategiyası ölkəmizə yalnız iqtisadi deyil, həm də siyasi dividendlər qazandırır. Bu gün Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir və bu siyasət regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Ölkədə və regionda enerji resurslarının, enerji təchizatının və tədarük bazarlarının şaxələndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması həyata keçirilən enerji siyasətinin səmərəli nəticələridir.
Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada, Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Ümummilli lider kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.
Bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca faktorlardan birinə çevrilmişdir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir-qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Ulu öndərin zəkası, Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü demişdir. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin, regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Memarı Umummilli lider olan Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir-bu baxımdan, Cənub Qaz Dəhlizi böyük önəm kəsb edir-Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırmış, bütövlükdə, Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir. Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Əgər Samuel Hantinqton yaşadığımız XXI əsri dünya sivilizasiyalarının toqquşması əsri kimi xarakterizə edirdisə, müasir siyasi reallıqlar kontekstində bir sıra siyasi ekspertlər dünya siyasətinin aparıcı amili kimi dövlətlərin enerji ehtiyatlarına malik olub-olmaması ilə səciyyələndirirlər.
Enerji təhlükəsizliyinin siyasi məfhum kimi meydana çıxmasının tarixi başlanğıcı vardır. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü siyasi mənzərəsini müəyyənləşdirən əsas şəxslərdən biri olan Uinston Çörçil ingilis donanmasının gəmilərinin enerji qaynağını kömürdən neftə keçirtmək haqqında tarixi bir qərar qəbul etdi. Çörçil ingilis donanmasını alman donanmasından daha sürətli etmək niyyətində idi. Lakin bu keçid Kral dəniz qüvvələrinin təkcə Uelsdəki kömürə deyil, eyni zamanda o dövrdə Fars körfəzindən gələcək neft tədarükünə olan etibarın vacibliyini də ifadə edirdi. Beləliklə, enerji təhlükəsizliyi milli strategiyanın əsas məsələsinə çevrildi. Enerji təhlükəsizliyi bu gün də dünya dövlətlərinin bir nömrəli gündəm mövzusu olmaqda davam edir. Enerji təhlükəsizliyinə olan diqqət artan yüksək neft qiymətləri ilə əlaqələndirilir. Bununla yanaşı, terror təhlükəsi, bəzi ixracatçı ölkələrdəki qeyri-sabitlik, daxili və xarici siyasətdəki uzlaşmazlıqlar, geosiyasi rəqabət, həmçinin ölkələrin iqtisadi genişlənməsini təmin etmək üçün enerjiyə olan əsaslı ehtiyacı daha da artırır. Çox uzaq gələcəkdə deyil, qarşıda gələn onilliklərdə dünyanın enerji tələbatını ödəmək üçün kifayət qədər mənbələrin olub-olmayacağına dair narahatlıq artmaqda davam edir. Enerji təhlükəsizliyinin hər kəs tərəfindən qəbul olunmuş vahid tərifi yoxdur. Əgər inkişaf etmiş ölkələr üçün bu əlverişli qiymətlərlə kifayət qədər tədarükün olmasıdırsa, fərqli ölkələr bu konsepsiyanı fərqli şəkildə izah edirlər. Belə ki, enerji ixrac edən ölkələr öz ixracatlarında “tələbat təhlükəsizliyini” qorumağa çalışırlar ki, bu da hökumət gəlirlərinin böyük hissəsini meydana gətirir.
Avropanın enerji təhlükəsizliyində Azərbaycan yeni, yeganə, alternativ eneji mənbəyi funksiyasına malikdir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ABŞ-ın Avrasiya Enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbiri ilə desək “Azərbaycan təbii qazı Cənub Dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir.” Bu mənada Cənub Qaz Dəhlizi Orta Asiya və Xəzər bölgəsindən Avropaya təbii qazın nəql edilməsi və ən başlıcası Rusiyanın təbii qaz tədarükündən asılılığı ilə bağlı narahatlıqlarına Avropa İttifaqının reaksiyası hesab edilə bilər. 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Nəticə etibarilə Azərbaycan ilə Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Əgər əvvəllər Azərbaycan bir vasitəçi ölkə kimi görünürdüsə, hal-hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilmişdir-bu həm də bir mənada o deməkdir ki, boru kəmərləri Azərbycana Avropa İttifaqı ilə münasibətlərində daha çox səlahiyyətlər verəcəkdir. Azərbaycan zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malikdir. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir-bütün bu amilləri nəzərə alaraq Avropa İttifaqı Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirir.
Azərbaycan və Avropa İttifaqının təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir-Avropa İttifaqı bu tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur. Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli liderin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə imzalandığı müddətdə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə Ulu öndər yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan dahi şəxsiyyətin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. Cənub Qaz Dəhlizinin Layihəsinin təşəbbüskarı Azərbaycan olmuşdur-Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazını birbaşa Avropaya çatdıracaqdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur. Nəticə etibarilə Cənub Qaz Dəhlizi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalacaq və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır. Azərbaycan Şahdəniz 2 yatağından çıxarılan təbii qazı TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ötürəcəkdir.
Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli liderin müstəsna xidmətləri olmuşdur. Azərbaycanın “Yeni neft strategiyası”nda mühüm məsələlərdən biri də enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılması olmuşdur. Ümummilli liderin neft strategiyasının tərkib hissələrindən biri də neft marşrutlarının alternativliyinə nail olmaq idi. Neft marşrutlarının şaxələndirilməsi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi aslılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə cavab verir. Hal-hazırda Azərbaycanın enerji resursları bir-neçə marşrutla dünya bazarına çıxarılır. Bunlar Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri, həmçinin Cənub Qaz Dəhlizi layihəsi əsasında reallaşan genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans-Anatolian Natural Gas Pipeline) və TAP (Trans Adriatic Pipeline) qaz boru kəmərləridir.
“Yeni enerji strategiyası”na uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra uğurlu layihələrə imza atılmışdır. Son illər dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Artıq özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bugün həyata keçirilən enerji resuslarının düzgün nəql strategiyası nəticəsində respublikamız dünya enerji bazarında rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.
Bakı-Novorossiysk-1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiya ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanmışdır. ABƏŞ, ARDNŞ və Transneft arasında imzalanan üçtərəfli sazişdə neftin Novorossiysk limanına qədər daşınmasını nəzərdə tutan bütün hüquqi və texniki məsələlər öz əksini tapmışdır. Rusiya qəbul edirdi ki, Azərbaycan neftinin sahibi deyildir və Azərbaycan neftinə mülkiyyət hüququ bu neftin istehsalçısına məxsusdur. Bu həmin dövr üçün, Azərbaycanın “Yeni neft strategiyası”nın əldə etdiyi mühüm nailiyyəti kimi qiymətləndirilməlidir. 997-ci il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsi ilə dünya bazarına çıxdı-bu neft kəmərinin ümumi uzunluğu 1330 km, Azərbaycan ərazisindəki uzunluğu isə 231 km, kəmərin diametri 720 mm-dir. Kəmərin illik nəqletmə gücü 6,1 milyon tondur.
Bakı-Supsa-1996-cı ildə martın 8-də ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə Azərbaycan Azəri, Çıraq, Günəşli yataqlardan çıxan ilkin Azərbaycan neftinin daşınmasını Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqlini nəzərdə tuturdu. Bakı-Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlanmışdır. Bu marşrutun ən böyük üstünlükləri Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılması və neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunması idi. Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. Kəmərin illik nəqletmə gücü 5,1 milyon tondur.
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri-Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi strateji əhəmiyyətli bir layihənin gerçəkləşməsi çox önəmli hadisə olmuşdur. İlk dəfə bu kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyini tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. 1998-ci il oktyabrın 29-da Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyannaməsi imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunmuşdur. 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyannaməsi imzalandı. 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. Bununla da Ümummilli liderin müəllifi olduğu “Yeni neft strategiyası”nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmiş oldu. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan 1774 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar vəsait xərclənmişdir. BTC kəməri ilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bu kəmər Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malikdir.
Cənubi Qafqaz Boru Kəməri-Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyuluşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı aşkar edildi-bununla XXI əsrdə Azərbaycanda qaz sənayesinin inkişafına və Azərbaycanın neftlə yanaşı qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yaradıldı. 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı Şahdəniz qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilmişdir. Bakı-Tbilisi-Ərzurum kəmərin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçısına çevirdi.
Cənub Qaz Dəhlizi -2014-cü ilin sentyabrında Səngəçal terminalında təməli reallaşan “Cənub” qaz dəhlizi 20 illik uğurlu enerji siyasətinin məntiqi davamı idi-o Bakı-Tbilisi-Ceyhan boru kəmərindən iki dəfə uzundur, Azərbaycana əlavə dividendlər gətirməklə, ölkə iqtisadiyyatını daha da sürətlə inkişaf etdirəcəkdir. Avropanın enerji təhlükəsizliyinin həllində mühüm faktor olan Cənub Qaz Dəhlizi çoxtərəfli tərəfdaşlığı genişləndirərək beynəlxalq əməkdaşlıq prosesini sürətləndirəcəkdir. Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TANAP qaz kəməri 2018-ci ildə Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilmişdir. Trans Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcəkdir. Ümumi uzunluğu 1850 kilometr olan TANAP-ın 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin diametri 1,4 metrdir. Kəmərin buraxılış qabiliyyəti 2026-cı ildə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur. Trans-Adriatik Boru Kəməri (TAP) Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma etmiş, sevincli, kədərli günlərdə də biri digərinin yanında olmuşdurlar. Dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsi, yeni enerji strategiyasının əsasıdır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir-eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.
Dünya etiraf edir ki, bu gün Azərbaycan və Türkiyənin enerji siyasəti Avrasiya üçün alternativsiz siyasətdir. Sürətlə qloballaşan dünyada ikinci bir mühüm proses elə eyni sürətlə davam edən qütbləşmədir. Tərəfdar ölkələrin sayını artırmaqla öz mövqelərini qorumağa çalışan böyük mərkəzlər yeni formalaşan münasibətlər sferasında kənarda qalmaq istəmirlər. Düzgün siyasət, iqtisadiyyatın şaxələnməsi, hərbi qüdrət kimi amillər isə bütün bu prosesdə həlledici imkanlara sahibdir. Hazırda bütün dünya dövlətləri mövcud böhranlardan çıxış yolları axtarır-böhranlar isə zəncirvari qaydada artmaqla bir-birini dərinləşdirir. Enerji, qida və xammal çatışmazlığı kimi məsələlər qeyd olunan böhranlar silsiləsində öndə dayanır. Böhranları yaradan səbəblər müharibə və münaqişələr, qarşıdurmaların daşınmaya mənfi təsiri, xammal tədarükündə mövcud pozuntulardır. Hazırda dünyanın üz-üzə qaldığı enerji, qida və xammal çatışmazlığı böhran həddindədir-bu böhranları aradan qaldırılmasında sülh və sabitlikdən sonra enerji sahəsi birinci yerdə dayanır.
Enerji siyasətindən danışırıqsa, Azərbaycan-Türkiyə tərəfdaşlığı xüsusi qeyd olunmalıdır-bu gün Azərbaycan-Türkiyə əlaqələri regionda yeni reallıqlar yaradır ki, bunun da ən mühüm cəhətlərindən biri enerji sahəsindəki uğurlu tərəfdaşlıqdır. İkitərəfli münasibətlərimizdə Ümummilli liderin xidmətləri xüsusi qeyd olunmalıdır-1991-1993-cü illərdə Ulu Öndər Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi Türkiyə ilə ikitərəfli əlaqələrin inkişafına nail olmuşdursa, müstəqil Azərbaycana rəhbərliyi dövründə isə dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirmişdir. Ulu öndər 2000-ci il dekabr ayının 29-da Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti zamanı demişdir: “1993-cü ilin yayından başlayaraq Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf müqabilidir... Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir”.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən qısa müddət sonra dövlətimizin suverenliyini ilk olaraq Türkiyə Respublikası tanıdı və 1992-ci ildə hər iki ölkənin diplomatik missiyaları fəaliyyətə başladı. Bir xalqın, bir millətin iki dövləti arasında qarşılıqlı əlaqələr inkişaf edərək birlik, həmrəylik mücəssəməsinə çevrildi. İki qardaş ölkə gələcəyə doğru birgə inamla addımladılar. 1992-ci il 1-3 may tarixlərində Türkiyə Prezidenti Turqut Özalın ölkəmizə, 1994-cü il 8- 11 fevralda isə Ulu öndərin Türkiyəyə ilk rəsmi səfəri ikitərəfli əlaqələrin uğurlu başlanğıcı oldu. Sonrakı mərhələlərdə yüksələn xətlə inkişaf etdirilən münasibətlər Türkiyə ilə Azərbaycanı bugünkü müttəfiqlik səviyyəsinə çatdırdı. Dostluğun, qardaşlığın Türkiyə-Azərbaycan örnəyi türk dünyasına qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu gün bütün türk dünyası siyasi, iqtisadi problemlərin həllində gücünü, potensialını ortaya qoyaraq sarsılmaz birlik nümayiş etdirir. Xalqların inteqrasiyası, dünya birliyi qarşısında ümumtürk mövqeyi türk dünyasının daha əzəmətli, qüdrətli olmasına xidmət edir.
Türkiyə Azərbaycanın ən böyük ticarət partnyorlarındandır-Azərbaycanın Türkiyəyə ixracında əsas pay enerji sektoru ilə bağlıdır. 2022-ci ildə Türkiyəyə 2 milyard 208 milyon dollar dəyərində təbii qaz satılmışdır-bu, Azərbaycanın toplam idxalının 62 faizi deməkdir. Neft də diqqətə alınsa, Azərbaycanın Türkiyəyə ixracında enerji sektorunun payı 76 faizə yüksəlir. Elektrik enerjisi (79.2 milyon dollar) və alüminium (61.3 milyon dollar) da Azərbaycanın Türkiyəyə ixrac etdiyi əsas məhsullar arasındadır. Türkiyənin bu gün Avrasiyada əhəmiyyətini artıran daha bir vacib faktor onun enerji mərkəzinə çevrilməsidir. Ümumiyyətlə, proseslərin gedişi göstərir ki, Türkiyə enerji qiymətlərinin müəyyən edilməsi, nəqli sahəsində getdikcə həlledici rol oynamaqdadır. Sözügedən prosesdə Türkiyənin mövqeyinin güclənməsinə təkan verən əsas ölkələrdən biri qismində isə Azərbaycan çıxış edir. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daha da genişlənir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ümummilli lider 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Azərbaycan Prezidenti kimi Heydər Əliyevin Türkiyəyə ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi-səfər zamanı 16 mühüm sənəd imzalandı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin xarici neft şirkətlərinin konsorsiumunda “Türk petrolları” şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. 1995-ci il aprelin 12-də Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin Azərbaycana səfəri zamanı Türkiyənin neft konsorsiumundakı 1,75 faizlik payının Azərbaycan neft payının hesabına 6,75 faizə qədər artırılması haqqında müqavilənin imzalanması iki dövlət arasındakı münasibətlərin ən real göstəricisi olaraq həm iqtisadi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edir. İki dövlət rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ökələri arasında nəqliyyat kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla-Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Həm bu, həm də digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsinə xidmət edir.
Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirmişdir. Ümummilli liderin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, eləcə də çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il iyunun 7-8-də Türkiyəyə işgüzar səfəri zamanı iki dövlət arasında enerji sahəsində əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalandı. Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannamə, təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumunun imzalanması ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni bir mərhələsi kimi qiymətləndirilir. Bu hadisə indiyə kimi iki qardaş dövlətin qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində birgə göstərdikləri səylərin və əməkdaşlığın daha da genişlənməsinin göstəricisidir.
2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalanmışdır. Qaz tranzitinə dair imzalanan saziş Cənub dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Bakı-Tbilisi-Ceyhan xam neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəng layihələrdən sonra Trans-Anadolu (TANAP) təbii qaz boru xətti layihəsi də ölkələrimizin regionda və dünyada nüfuzunu artırmışdır. TANAP layihəsinə görə Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olmaqla yanaşı, eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcəkdir.
Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir-bu səbəbdən bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. İkitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması Ümummilli liderin xarici siyasət kursunda Türkiyə ilə əlaqələrin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt dövlət başçısı cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək strateji tərəfdaşlığın dərinləşməsinə nail olunmuşdur.
Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Ulu öndər Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə 1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verdi. 5-8 may 1997-ci il tarixində Prezident Heydər Əliyevin Türkiyəyə ikinci rəsmi səfəri zamanı imzalanmış səkkiz sənəd, xüsusilə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olmasının təzahürü idi. 12-17 mart 2001-ci ildə isə Ulu öndər Türkiyəyə növbəti dəfə rəsmi səfər zamanı imzalanan vergilər, maliyyə, Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər sənədlər qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə şərait yaradılması baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin “Dövlət nişanı”, 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetinin Fəxri doktoru seçilməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinin göstəricisidir.
Ümummilli liderin müəyyən etdiyi uzaqgörən neft strategiyası Avropanın enerji təchizatında hərəkət istiqamətini kökündən dəyişmişdir. Bakı-Tbilisi-Ceyhan və TANAP xətlərinin istifadəyə verilməsi ilə Avropaya xam neft və mavi qaz ixracatı yaşıl qitənin cənub səmtindən daxil olmağa başladı. Adı çəkilən hər iki xəttin ötürücülük gücü Avropanın tələbatını tam ödəməsə də, Avrasiyadakı mövcud vəziyyət bu istiqamətin alternativsizliyini ortaya qoydu. Ulu Öndərin müəyyən etdiyi bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın enerji siyasətini şaxələndirmiş və yeni-yeni siyasi-iqtisadi avantajlar qazandırmışdır. Hazırda Avrasiya və Afrikada təchizatda sürətlə dərinləşən böhran hədlərinin qarşısının alınması Anadolu və Qafqaz bölgəsində sabitliyin qorunması və uzunmüddətli sülh təminatına bağlıdır. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Petkim kimi enerji və sənaye layihələri Türkiyənin təkcə iqtisadi inkişafında deyil, eyni zamanda, milli-dövlətçilik təhlükəsizliyinin qorunmasında da mühüm gücə çevrilmişdir. İkinci Dünya müharibəsində və bu dağıdıcı savaşdan sonra böyük qalibiyyətlə ölkəni böhranlardan xilas edən müdrik türk diplomatiyası hazırda enerji və geosiyasi resursların gücü ilə öz şərtlərini bütün dünyaya diktə edir. Hazırda Türkiyə enerjinin bütün növlərinin inkişafı üçün mühüm strategiyalar həyata keçirir. Bunun ən böyük nəticəsi enerjinin çevrilməsindəki itkilərin qarşısının alınmasına nail olunur. Türkiyənin enerji və geosiyasi mərkəzə çevrilməsi təkcə ölkə daxili üçün deyil, eyni zamanda, Avropanın, eləcə də Afrikanın şimal qisminin enerji, qida və xammal təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir. Türkiyə elektrik enerjisi sahəsində istehsalı və itki risklərini azaltmaqla TANAP ilə qəbul etdiyi qaz ehtiyatlarından daha çox həcmdə Avropaya nəql edə biləcəkdir. Qeyd etməliyik ki, məhz TANAP-ın daşıyıcılıq gücü sayəsində neft və qaz tədarükçüsü olan ərəb ölkələri Türkiyəyə daha ucuz qiymətə karbohidrogen məhsullar satmaq üçün rəqabətdədirlər.
Sadaladığımız vəziyyət Zəngəzur dəhlizinin Avrasiya üçün nəfəslik olduğunu bir daha təkrar etməyə əsas verir. Nəzərə almaq lazımdır ki, Azərbaycan neft və qaz ölkəsi olmaqla bərabər həlledici tranzit imkanlara malik məkan, o cümlədən elektrik enerjisi ixracatçısıdır. Sənayedə və məişətdə enerjiyə olan gündəlik tələbat artdıqca tranzit və çoxnövlü enerji resurslarına sahib tərəflərin imkanlarına ehtiyac da bir o qədər artır. Azərbaycan və Türkiyə arasında iqtisadi, o cümlədən enerji sahələrində əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Hər iki tərəfdən investisiya qoyuluşunun ilbəil artması qarşılıqlı inamın ifadəsidir.
Hazırda qalib Azərbaycanın gündəliyində duran əsas məsələ işğaldan azad edilən ərazilərin bərpası və ora Böyük Qayıdışı yüksək səviyyədə təmin etməkdən ibarətdir. Söhbət 10 min kvadratkilometrədək ərazilərin bərpasından gedir. Bu çərçivədə bəhs olunan ərazilərin enerji potensialından səmərəli şəkildə istifadə edilməsi də qarşıya qoyulan mühüm hədəflər sırasında yer alır. Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişdir-müəyyənləşdirilən proqram çərçivəsində artıq bir neçə “yaşıl enerji” infrastrukturu istifadəyə verilmiş və yeni layihənin icrası da intensiv şəkildə davam etdirilir. Dost ölkə olan və 44 günlük müharibədə Azərbaycana ardıcıl şəkildə mənəvi-siyasi dəstək verən Türkiyənin şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak edirlər. Azərbaycanla Türkiyə arasında enerji sektorunda əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə hər iki tərəfdə böyük əminlik var.
Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir, ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə mühüm töhfələr verir. Ölkələrimiz arasında yeni sazişlərin imzalanması böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaqdır. Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı məşhur “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bütün bunlar isə ölkələrimizin energetika sahəsində möhkəmlənən əlaqələrinin qlobal enerji təhlükəsizliyinin təminatına da yeni mühüm töhfələr bəxş edəcəyindən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.
Azərbaycan və Türkiyə prezidentlərinin dəstəyi ilə ölkələrimizin enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti dünyada getdikcə artmaqdadır. Həyata keçirilən layihələr Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artırmaqdadır. Azərbaycan enerji mənbəyi, Türkiyə isə əlverişli tranzit ölkə, etibarlı tərəfdaş və müttəfiq kimi qlobal əhəmiyyətli enerji-kommunikasiya layihələrinin həyata keçirilməsi strategiyasını uğurla davam etdirirlər. Bu siyasətin növbəti parlaq təzahürlərindən biri Türkiyənin İzmir şəhərində açılan “Star” zavodudur-bu zavod Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biridir. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməkdədir-qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu mənzərə sayəsində çox aydın görünür. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir. Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının ən önəmli tərəfi, həmçinin qarşılıqlı yatırımlar, dünya səviyyəli enerji və nəqliyyat sahələrində əməkdaşlıq Ulu öndərin, Türkiyənin və Azərbaycanın dövlət başçıları Ərdoğanın və İlham Əliyevin imzaladığı sənədlərlə iki ölkə arasında münasibətlər daha da möhkəmlənmişdir. Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir. “Star Rafineri”nin yaradılması üçün Azərbaycan milyardlarla dollar yatırım etmişdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, digər önəmli layihələrin hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır.
Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirilən hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışı edilən bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırır. Türkiyənin ən böyük enerji layihəsi olan STAR neft emalı zavodunun açılması Azərbaycan və Türkiyənin iqtisadi və enerji siyasəti baxımından çox önəmli hadisədir-Türkiyədə STAR neft emalı zavodunun inşası üçün Azərbaycanın qoyduğu birbaşa investisiya Türkiyənin tarixi boyu xaricdən aldığı ən böyük birbaşa investisiya baxımından xüsusi çəkiyə malikdir. “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda artıq xam neft emalına başlanılmışdır. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisə “Urals”, “Azeri Light” və “Kərkük” kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilmişdir. Müəssisə Türkiyənin neft məhsullarına olan tələbatının 25 faizindən çoxunu təmin edəcəkdir.
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Enerji sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin mühüm qolunu təşkil edir. Bu barədə Azərbaycan-Türkiyə I Enerji Forumunda ətraflı bəhs olunmuşdur-Forum Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində, strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilmişdir. Forum zirvədə olan Azərbaycan-Türkiyə münasibətlərinin enerji sahəsində də müttəfiqlik səviyyəsinə yüksəlməsini dəstəkləyən platforma kimi qiymətləndirilir. İndiyədək Azərbaycan və Türkiyənin birgə səyləri sayəsində bir neçə nəql marşrutunun yaradılması iki ölkə arasında enerji sektorunda fəal əməkdaşlığın göstəricisidir. Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi və o Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur.
2022-ci il oktyabrın 6-da İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunda karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə 4 İşçi qrupunun keçirilmiş görüşlərinin nəticələri barədə müzakirələr aparılmış, həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə edilmişdir. Forumun Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərində enerji əməkdaşlığının gücləndirilməsinə və qlobal çağırışlara uyğun inkişafına xidmət etdiyi bildirilmişdir. Azərbaycan-Türkiyə enerji birliyinin tarixi zərurət, regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantıdır- xüsusilə, enerji böhranı şəraitində TANAP və TAP təchizatda etibarlılıq rəmzinə çevrilmişdir. Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatında strateji maraq kəsb edən ölkələr olmuşlar-mürəkkəb geosiyasi və enerji böhranı reallıqlarında Azərbaycan və Türkiyənin getdikcə artan belə geostrateji rolu dövlət başçılarının bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasətin, onların timsalında Azərbaycan və Türkiyənin birləşmiş gücünün təcəssümüdür. TANAP-ın Türkiyə üçün hazırkı və dəhlizin genişləndirilməsi ilə artacaq əhəmiyyətini hamı qəbul edur-Azərbaycandan elektrik enerjisi Zəngəzur dəhlizi vasitəsilə həm Türkiyəyə ixrac ediləcək, həm də Avropaya ötürüləcəkdir-bununla, neft, təbii qazdan sonra elektrik enerjisi ilə də Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin təminatında mövqelərini daha da möhkəmləndirmiş olacaqlar. Türkiyə hər mərhələsində dəstəyini güclü şəkildə göstərdiyi Vətən Müharibəsi ilə işğaldan azad edilən ərazilərdə “Yaşıl Enerji” Konsepsiyasının həyata keçirilməsində həm dövlət, həm də özəl sektor olaraq hər zaman Azərbaycanın yanında olmaqda davam edir-enerji sektorundakı iş birliyi daha da irəliyə gedərək hökumətlərarası anlaşmaya imza atılmışdır. Türkiyə bərpa olunan enerjinin inkişafına, enerji səmərəliliyinə, elektrik enerjisi bazarının liberallaşdırılması və tənzimləməyə dair zəngin təcrübəsini Azərbaycanla bölüşür və bu da ölkələrimizin enerji transformasiya prosesində birgə addımlarına dəstək verir.
2023-cü il sentyabrın 29-da Naxçıvanda Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilmişdir. Naxçıvanın bütün dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərinin mərkəzində olmuşdur-Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirməyi və onu “yaşıl enerji” zonasına çevirməyi hədəfləyən yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni səhifədir. Bu günlərdə illik 500 milyon kubmetr qaz tədarük edəcək İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, həmçinin Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq sənədinin imzalanması göstərdi ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir. Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın enerji potensialında səmərəli istifadə və muxtar respublikanın yaşıl enerji zonasına çevrilməsi sahəsində nəzərdə tutulan layihələr mühüm əhəmiyyət daşıyır. Yaxın perspektivdə qarşıya qoyulan əsas hədəf Naxçıvanda alternativ və bərpa olunan enerji potensialından maksimum istifadə olunması, elektrik enerjisini Türkiyəyə ixrac edilməsi və Avropaya ötürülməsindən ibarətdir. İğdır-Naxçıvan qaz kəməri də məhz “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı müəyyənləşdirilən əsas tədbirlərdəndir.
Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir və bu siyasət regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Azərbaycan-Türkiyə münasibətləri türk dünyasına qarşılıqlı dəstəyin nümunəsidir. Bu gün Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır-Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycan bir çox önəmli enerji layihələrini Türkiyə ilə bərabər icra edir və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır. Dünyanın neft tarixi Bakıdan başlayır-XIX əsrin ortalarında dünyada ilk dəfə olaraq Bakıda sənaye üsulu ilə ilk neft çıxarıldı, yüz il sonra ilk dəfə dənizdə neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır. Müstəqilliyin ilk illərində Azərbaycan ilk dəfə olaraq xarici neft şirkətlərini Xəzər dənizinə dəvət etmiş, “Əsrin kontraktı” imzalanmış, “Azəri-Çıraq-Günəşli” neft yataqları işə düşmüşdür. Bu yataqlar dünya miqyasında ən böyük neft qaynaqlarından biridir və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafı başlamışdır.
Azərbaycan açıq dənizlə dünya bazarlarına çıxışı olmayan ölkələrdən biridir-buna görə mütləq boru xətləri çəkilməli idi. Bu gün bizim xam nefti dünya bazarlarına çıxarmaq üçün üç boru xəttimiz var – ikisi bizim neftimizi Qara dənizə, biri isə Aralıq dənizinə - Ceyhan limanına gətirir. Tarixdə ilk dəfə olaraq Azərbaycan Xəzər dənizini Aralıq dənizi ilə bağladı və bu gün Azərbaycan nefti həm Türkiyəyə, Türkiyə ərazisindən isə dünya bazarlarına ixrac edilir. 2007-ci ildən sonra isə Azərbaycan tarixdə ilk dəfə olaraq təbii qazı ixrac etməyə başlamışdır. Bakını Ərzurumla birləşdirən boru xətti çəkildi və beləliklə, biz Türkiyəyə təbii qazın ixracına başladıq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır. Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyildir. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq. Xəzər dənizinin sahil ölkələrinin tükənməz ehtiyatlarını nəzərə alaraq mühakimə yürüdə bilirik ki, Azərbaycan və Türkiyə onilliklər boyu karbohidrogen ehtiyatların tranzit nəqliyyat açarını özündə saxlayacaq. Bu amil hər iki ölkənin birlikdə elektrik enerjisi ixracatçısına çevrilməsi üçün böyük perspektivlər yaradır.
Ümummilli liderin regionun inkişafı ilə bağlı tövsiyələrinin tərkib hissəsin kimi Vətən müharibəsinin başa çatmasından az sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan “3+3” formatı təkcə yerli ekspertlərin deyil, beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir. Söhbət Cənubi Qafqazda 6 ölkənin iştirakını nəzərdə tutan yeni əməkdaşlıq formatından gedir-həmin əməkdaşlıq formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır. Gürcüstan istisna olmaqla bölgənin digər ölkələri də təşəbbüsə razılıq vermişdilər. Rəsmi Tbilisinin formatda iştirakdan imtinasına səbəb isə Rusiya ilə münasibətlərdə yaranmış soyuqluqdur. Azərbaycan-İran münasibətlərində yaranan soyuqluq da 3+3 formatında əməkdaşlığın baş tutmasına imkan verməmişdir. Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirərək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd etdi və tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirdi. Formatda əməkdaşlığın inkişafına daha bir maneə Ermənistanın mövqeyidir-düzdür, İrəvan formata qarşı çıxmır. Hətta 2021-ci il dekabrın 10-da bu formatda Moskvada keçirilən görüşdə də xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunmuşdur. Lakin Ermənistanla Azərbaycan arasında bir sıra problemlərin hələ də həllini tapmaması, o cümlədən iki ölkənin sərhədlərinin delimitasiya və demarkasiya olunmaması, sülh müqaviləsinin imzalanmaması, İrəvanın regional kommunikasiyaların açılmasına imkan verməməsi iki ölkənin əməkdaşlıq imkanlarına mənfi təsir göstərir. Azərbaycan 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunda suverenliyini tam bərpa etdi. Ermənistan rəhbərliyi də Azərbaycanın bu ərazilər üzərindəki suverenliyini tanıdığını hələ may ayında ən yüksək səviyyədə bəyan etmişdir. Ermənistan baş naziri həmin mövqeyini Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən III Zirvə görüşündə bir daha vurğulamışdır. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, bundan sonra geniş əməkdaşlıq platformasının yaranması üçün imkanlar yaranır. Zənnimizcə, İrəvan yaranmış bu şansı dəyərləndirməli, açılan fürsət pəncərəsini bağlamamalıdır. Burada diqqət yetirilməli məqamlardan biri də Qərbin Ermənistanı bu platformada iştirakdan yayındıra biləcəyi ehtimalıdır. Sirr deyil ki, son vaxtlar Ermənistan-Rusiya münasibətlərində soyuqluq yaşanır. Buna paralel olaraq, İrəvanın Qərb ölkələri ilə onsuz da yaxşı olan münasibətlərinin daha da istiləşməsi müşahidə olunur. Ehtimal etmək olar ki, Qərb Rusiya-Ermənistan münasibətlərindəki çatları dərinləşdirmək üçün onu 3+3 platformasında iştirakdan yayındıracaqdır. Amma İrəvanda onu da bilməlidirlər ki, bu, onların düşdükləri dalanda hələ uzun müddət qalacaqları deməkdir. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına yersiz müqavimət göstərməsi artıq yolun İrandan keçəcəyi ideyasını gündəmə gətirmişdir. 3+3 formatı təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə 3+3 formatına daxil olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatı deməkdir. Bu format 331 milyon nəfər əhalisi ilə dünyada üçüncü, ərazisinə görə isə birincidir. Bu platforma siyasi-diplomatik və təhlükəsizlik baxımından əhəmiyyətli olmaqla yanaşı, mühüm iqtisadi-ticari önəmə də malikdir. Bölgəmizdə yaranmış yeni reallıqlar fonunda 3+3 formatında əməkdaşlıq mexanizmi real və perspektivlidir. İndiyədək Benilüks və Skandinaviya, bir sıra Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinin regional platformalar çərçivəsində əməkdaşlıq nümunələri yaratması reallıqdır. Bu mənada 3+3 formatı da real siyasi-iqtisadi platformaya çevrilə bilər. Təbii ki, əsas məsələ tərəflərin siyasi iradə nümayiş etdirməsidir. Dahi o insandır ki, bütün yaradıcılığını, fəaliyyətini Vətəninin tərəqqisinə, xalqının rifah halının yüksəldilməsinə həsr etmiş olsun və onun irsi, ideyaları davam etdirilərək gələcək nəsil üçün uzunmüddətli proqrama çevrilsin-xalqımızın ümummilli lideri Heydər Əliyev məhz dahi şəxsiyyət idi. Ulu öndər təkcə siyasət aləmində deyil, həyatın bütün sahələrində-quruculuq işlərində, təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, incəsənətin və digər sahələrin inkişafında dahilik qazanmışdır. Onun miras qoyduğu “Yeni enerji strategiyası” proqramı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti