PDF Oxu

Siyasət

  • 3 504

Müasir Azərbaycan dövlətinin siyasi təqviminin incisi ŞƏRH

Müasir Azərbaycan dövlətinin siyasi təqviminin incisi ŞƏRH

Azərbaycan torpağı zəngin tariximizin müxtəlif dövrlərində dünyaya Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq bir çox unikal şəxsiyyətlər bəxş etmişdir. Əsrlər boyu dövlətimizin müxtəlif transformasiyalarına baxmayaraq, Azərbaycan keçmiş çətinlikləri şərəf və qürurla dəf edərək, bu gün yeni zirvələrə gedən yolda çiçəklənmə və tərəqqi dövrünü yaşayır. Tarix bu hadisələri və ayrı-ayrı şəxslərin bu hadisələrdəki rollarını müxtəlif yollarla əlaqələndirə bilər. Amma təkzibolunmaz fakt ondan ibarətdir ki, müasir, müstəqil və suveren Azərbaycanın əsaslarını ötən əsrin 60-cı illərindən başlayaraq qoyan və 1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə möhkəmləndirən, məhz Ümummilli lider Heydər Əliyev olmuşdur. Bu gün ölkəmiz müasir dünyanın nəinki ciddi aktorudur, həm də qədim və zəngin tarixi ilə dünyanın əhəmiyyətini tamamlayan müasir, müstəqil Azərbaycanın dövlətidir və bu dövlət quruculuğunda dövlətçiliyimizin daha da formalaşması yolunda liderin rolu ilə bağlı bir mühüm tarixi hadisə var. Bu tarix 2003-cü il oktyabrın 15-i - cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Bu əlamətdar tarix - müasir Azərbaycan dövlətinin siyasi təqviminin incisidir.

Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə Respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişdir. Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir.

Dövlətimizdə istər mənəvi, istərsə də hüquqi baxımından, Azərbaycan vətəndaşına verilən önəm aparıcı faktor olaraq, bu gün də ümumi inkişafın stimullaşdırıcı qüvvəsidir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, “Makroiqtisadi sabitliyin uzun illər ərzində təmin edilməsi, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir”.

Son 20 il ərzində dövlətimizin Başçısının rəhbərliyi ilə, rəqabət mühitinin qorunması və xarici iqtisadi amillərin mənfi təsirinin azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi məqsədilə, daxili bazarın qorunması üçün konstruktiv addımlar atılır. Sosial-iqtisadi siyasət, əhalinin aztəminatlı təbəqəsinə yardım sisteminin təkmilləşdirilməsi və islahatların mənfi təsirlərinin yumşaldılması ilə yanaşı, müqayisəli üstünlüklərin formalaşmasına öz töhfəsini verir və Azərbaycan iqtisadiyyatının daha da yüksəlişini təmin edən amillərdən birinə çevrilib.

Bu illər ərzində qazanılmış nailiyyətlər sırasında milli mədəniyyətin inkişafını xüsusi qeyd etmək lazımdır. Milli-mənəvi dəyərlərimizin təbliğinə, mədəni həyatımızın zənginləşməsinə göstərilən diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanıdılmasında böyük nailiyyətlər qazanmağa imkan vermişdir.

Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Respublikamız müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə sivilizasiyalararası dialoqun təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda müxtəlif mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin əsas xüsusiyyətlərindən biridir.

Gənclər millətin varlığının və gələcək inkişafının təməl daşıdır. Bu mövqedən çıxış edərək ötən illər ərzində ölkəmizdə gənclərlə bağlı məqsədyönlü dövlət siyasəti həyata keçirilmişdir. Onun əsas qayəsini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq və yüksək intellektual potensiala malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil etmişdir. Bu sahədə atılan addımlar gənclərin cəmiyyətimizdə özlərini təsdiq etməsində mühüm rol oynamış, onların vətənimizə layiq vətəndaşlar kimi yetişməsinə böyük təsir göstərmişdir.

1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyada ölkənin ümumi xarici siyasət prinsiplərini müəyyən edildi, bununla da Azərbaycan Respublikasının siyasi strukturunun formalaşmasının başa çatdığı tarix hesab edilir. Hazırda Azərbaycanın 158 dövlətlə diplomatik əlaqələri var və 38 beynəlxalq təşkilatın üzvüdür, o cümlədən 2006-cı ilin mayında Azərbaycan BMT Baş Assambleyasının sessiyasında yeni yaradılmış İnsan Hüquqları Şurasının üzvü, 2011-ci ilin oktyabrında isə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçilib.

Azərbaycan Respublikasının xarici siyasətinin mahiyyəti beynəlxalq hüququn norma və prinsipləri ilə tənzimlənən sivil dövlətlərarası münasibətlərə hörmətdən, beynəlxalq, regional və dövlətlərarası münaqişələrin sülh və danışıqlar yolu ilə həllindən, suveren hüquqlara, bütün dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinə hörmətdən ibarətdir. İqtisadi sahədə xarici siyasətin əsas mahiyyətini qarşılıqlı faydalı əməkdaşlıq, iqtisadi maraqların əlaqələndirilməsi, qarşılıqlı təminat mexanizminin yaradılması və qorunması təşkil edir. Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasətinin mahiyyəti dövlətlərarası münasibətlərə və ünsiyyətə mane olan bütün məhdudiyyətlərin aradan qaldırılmasından, mənəvi dəyərlərin maneəsiz, azad və demokratik mübadiləsindən, digər xalqların mədəni-mənəvi irsinə hörmətdən ibarətdir və s.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın xarici siyasətinin formalaşmasında ən mühüm istiqamət - əməkdaşlıqdır. Nəticədə beynəlxalq (dövlətlərarası) dostluq siyasəti kimi bir fenomen inkişaf edir. Cənab Prezident BMT Təhlükəsizlik Şurasının iclasında (2012-ci ilin may ayı) nitqində vurğuladığı kimi: “Azərbaycan ədalət ideallarını, beynəlxalq hüququ və bütün ölkələr arasında sülh şəraitində əməkdaşlığı müdafiə edəcəkdir. Biz bölgəmizdə region ölkələrini bir araya gətirmək üçün çox çalışırıq. Təşəbbüslərimiz regional əməkdaşlığın dostluq, tərəfdaşlıq və yaxşı qonşuluq ruhunda genişləndirilməsinə yönəlib. Mən BMT-dəki bütün dostlarımızı və üzv dövlətləri əmin edə bilərəm ki, Azərbaycan bütün ölkələr qarşısında etibarlı və dost tərəfdaş olacaqdır. Biz əməkdaşlıq və tərəfdaşlığımızı genişləndirmək istəyirik” dövlətimizin Başçısının mövqeyi dövlətlərin dostluğa, beynəlxalq münasibətlərin inkişafına yönəlib.

Azərbaycan beynəlxalq münasibətlər sisteminin iştirakçıları arasında münasibətlərin inkişaf tendensiyalarına və dinamikasına uyğun olaraq praqmatik və balanslaşdırılmış xarici siyasət aparır, qonşu dövlətlərlə hərtərəfli əlaqələrin qurulmasına və inkişafına böyük önəm verir. Region ölkələri ilə yanaşı, beynəlxalq münasibətlər sisteminin hazırkı vəziyyətinə mühüm təsir göstərən qüdrətli dövlətlərlə də, onların regiondakı maraqlarını nəzərə alaraq qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və bu maraqların Azərbaycanın milli maraqları ilə uzlaşdırılmasına diqqət yetirir

Azərbaycan Respublikası müasir beynəlxalq təhlükəsizlik sisteminin əsasını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursuna sadiqdir. Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdir.

Enerji istehsalalı və təhlükəsizliyi Azərbaycan Respublikasının Prezidenti cənab Azərbaycanın dövlətinin xarici siyasət konsepsiyasının əsas prinsiplərindən biridir. Azərbaycan enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirir və şaxələndirilmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb edir. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamız transmilli enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Cənab İlham Əliyev prezidentliyi dövründə, Azərbaycan üçün nüfuzlu mövqenin yaradılmasını təmin etdi ki, bu da onu regionda baş verənlərə, o cümlədən müəyyən beynəlxalq proseslərə təsir etmək iqtidarında olan mühüm aktora çevirir.

Bu gün Azərbaycan Respublikası transmilli layihələrin, qlobal təhlükəsizlik məsələlərinin, Avropanın enerji təhlükəsizliyinin icraçısı kimi, müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlığın qurulmasına töhfə verən, fəal aktor və regional güc kimi tanınır. Bundan başqa, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eləcə də Şimal və Cənub arasında dəhliz rolu oynaması, onun mühüm ölkə kimi nüfuzunu nümayiş etdirir. Təbii ki, Azərbaycanın bu cür nailiyyətləri rasional və praqmatik xarici siyasətin nəticəsidir.

Dövlətimiz müstəqil xarici siyasət yeridir və bu istiqamətdə görülən işlər ildən ilə yüksələn xətlə artır. Bu siyasət Azərbaycan dövlətçiliyinin sistemli şəkildə möhkəmlənməsinə və inkişafına, milli maraqların qorunmasına yönəlib. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurların əldə edilməsi kontekstində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən beynəlxalq əlaqələrin daha da genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir və bu dinamika bu gün artmaqda davam edir.

Ermənistan tərəfindən 30 ildir pozulmuş ərazi bütövlüyümüz məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa olundu. Onun başçılığı ilə, 44 günlük Vətən Müharibəsində Böyük Qələbəmiz nəticəsində xalqımızın, eləcə də xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi və birliyi daha da möhkəmləndi. Bu gün xalqın, dövlətin, ordunun birliyi sayəsində torpaqlarımız erməni işğalından azad edilib. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, vahid Vətən görmək arzusu gerçəkləşdi. Cənab Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli mənsubiyyətinin qorunması, assimilyasiyaya uğramasının qarşısının alınması məsələlərini diqqət mərkəzində saxlayır.

Yekun nəticə olaraq qeyd emək mütləqdir ki, Cənubi Qafqazda və bütövlükdə regionda nəzərdə tutulan bütün meqa layihələr Azərbaycanın iştirakı olmadan və milli maraqları nəzərə alınmadan həyata keçirilirə bilməz. Coğrafi şəraitdən və siyasi sistemin xarakterindən asılı olmayaraq, burada liderlik fenomeni mühüm rol oynayır. İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində ölkəmizdə siyasi sabitlik təmin edilmiş, gələcək inkişafın əsası qoyulmuşdur. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, dünya azərbaycanlılarının Lideridir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər