PDF Oxu

Siyasət

  • 2 560

15 oktyabr 2003-cü il – müstəqil Azərbaycanın yeni yüksəliş dövrünün başlanğıcı günü ŞƏRH

15 oktyabr 2003-cü il – müstəqil Azərbaycanın yeni yüksəliş dövrünün başlanğıcı günü ŞƏRH

2003-cü il oktyabrın 15-i müstəqil Azərbaycanın yeni minillikdəki tarixinə ilk prezident seçkiləri günü kimi daxil oldu. 1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək demişdir: “Mən inanıram ki, mənim sona kimi başa çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev sizin dəstəyiniz və köməyinizlə axıra qədər başa çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” Dahi siyasətçi və uzaqgörən ulu öndərimiz əmin idi ki, onun davamçısı onun yolu ilə gedərək Azərbaycanı ondan sonra da uğurla idarə edə bilər.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verməklə Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfdarı olan Azərbaycan xalqının növbəti prezident seçkilərində də İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. Möhtərəm Prezident öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının etimadını doğrultdu və təbii olaraq qarşısında duran taleyüklü məsələləri həll etdi. O, fəaliyyətə başlayarkən seçicilərinin qarşısında verdiyi hər bir vədi bu gün artıq yerinə yetirib.

Prezident İlham Əliyevin milli maraqlara söykənən daxili və xarici siyasəti, seçki qabağı təşviqat kompaniyası dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, inam və etibar qazandırdı. Dövlət başçısı mühüm hədəflərə çatmaq üçün ilk növbədə ölkəmizin təbii sərvətlərini, insan potensialını və ən önəmlisi də xalqın iradəsini əsas götürdü.

Prezident İlham Əliyevin rəhbərliyi altıda ötən 20 il Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərinin gücləndirməsi ilə müşahidə olundu. Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, daxili ictimai-siyasi sabitliyin möhkəmlənməsi, əhalinin təhlükəsizliyi istiqamətində adıcıl siyasət həyata keçirildi. Bu gün əminliklə söyləyə bilərik ki, dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı.

Prezident İlham Əliyevin yürütdüyü çoxvektorlu dövlət siyasəti Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənən Azərbaycan hazırda beynəlxalq aləmdə müstəqil mövqeyi ilə seçilən dövlət və etibarlı tərəfdaş kimi tanınır. Bu özünü ölkəmizin 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilməsində, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsində, Türk Şurasına sədrlik missiyasının uğurla həyata keçirilməsində və digər mühüm beynəlxalq layihələrdə göstərdi. Respublikamızın bir sıra iki tərəfli və çox tərəfli formatlarda fəal əməkdaşlıq əlaqələri qurması Azərbaycanın regional statusunun durmadan artmasında və beynəlxalq maraqlarının müdafiəsində özünəməxsus rol oynayır.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi sahədə də böyük uğurlara imza atılıb. Nəhəng transmilli energeika və nəqliyyat layihələri həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu layihələr sırasında xüsusi yer alır. İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Prezident İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevirib. Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. Ölkəmiz artıq Cənub Qaz Dəhlizi və TANAP layihəsinin icrasında aparıcı ölkədir. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması isə Azəbaycanın dünya enerji sənayesində həlledici faktor olduğunu bir daha təsdiqləyir. Həmçinin Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədi ilə regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı icra olunub. Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir.

Bu gün ölkəmizdə demokratik prinsiplərin və milli dəyərlərin sintezi hökm sürür. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli siyasi etika nümunəsi təqdim etdi. Ötən müddət ərzində ölkədə güclü vətəndaş amili formalaşdı. Prezident İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.

Prezident İlham Əliyev beynəlxalq münasibətlər sahəsindəki bilikləri və təcrübəsi sayəsində antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” kimi məkrli planın qarşısını məharətlə aldı. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı.

Ölkədə ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər nəticəsində ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrəti daha da güclənmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaranmışdır. Dünyanın ən güclü 50 ordusundan birini yaradan prezident İham Əliyev silahlı qüvvələrin döyüş qabiliyyətinin, texnki təchizatının yüksək səviyyədə qurulmasında mühüm rol oynayıb. Əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən Müharibəsi dayanır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının əsas taleyüklü məsələsi həll olundu. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə dövlətimizin başçısının sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Prezident İlham Əliyevin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Bu gün qürurla söyləyirik ki, əgər üç il bundan əvvəl Vətən Müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuşdusa, 2023-cü ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsi qoyulmaqla ərazi bütövlüyümüz tam bərpa edilmişdisə, bu ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bu, Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.

Bütün bunların təməlində Prezident İlham Əliyevin uğurlu nəticəyönlü dövlət siyasəti, zəngin dövlətçilik təcrübəsi dayanır. 2003-cü ildən başlanan bu fəaliyyət nəticəsində Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Bizim dövlətimiz regionda lider olan ölkədir. Bizim iqtisadiyyatımız, güclü ordumuz, qüdrətli və ən nəhayət güclü liderimiz var. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev Heydər Əliyev yolunun, onun siyasi irsinin layiqli davamçısı, müstəqil Azərbaycanın prezidenti və bütün dünya azərbaycanlılarının lideridir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər