PDF Oxu

Siyasət

  • 2 455

15 oktyabr 2003-cü il müstəqil Azərbaycanın yüksəlişinin başlanğıcı günüdür ŞƏRH

15 oktyabr 2003-cü il müstəqil Azərbaycanın yüksəlişinin başlanğıcı günüdür ŞƏRH

Müasir parlaq tariximiz məhz xalqımızın 15 oktyabr 2003-cü ildə etdiyi müstəqil, müdrik seçiminin məhsuludur. Arzuladığımız qüdrətli dövlətin vətəndaşlarıyıq. Bu möhtəşəm tarixi bizə yaşadan isə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev dir. Ölkəyə rəhbərlik etdiyi son 20 ildə cənab İlham Əliyevin gördüyü fantastik işlər ona təkcə daxildə deyil, beynəlxalq aləmdə də böyük hörmət, nüfuz qazandırıb. Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi, Azərbaycan sevgisi, vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı və ən nahayət, 30 illik həsrətimizə son qoyan Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi ona böyük ümumxalq sevgisi qazandırıb.2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76,84 faizdən çoxu İlham Əliyevə səs vermişdir. İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsi, 2008, 2013 və 2018-ci il Prezident seçkilərində də qələbəsini təkrarlaması hər bir vədini konkret əməli işdə təsdiqləməsi ilə şərtləndirdi. Bu gerçəklik beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər ayrı-ayrı sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.20 ildə Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqlarının təmin edilməsi məsələsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil etdi. Ölkədə dayanıqlı inkişaf, sabitlik və əmin-amanlıq təmin olundu, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirildi. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıldı. İqtisadi islahatlarla yanaşı reallaşan siyasi islahatlar daha çevik idarəetmə strukturunun yaradılması ilə nəticələndi. Dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atıldı.

Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici amil olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Ötən illərdə Azərbaycan, həm də Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Taxtakörpü su anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail oldu.Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini sosial siyasət təşkil edir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Dövlət başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Minimum əməkhaqqı, minimum pensiyada, müavinət və təqaüdlərdə artımlar aparılır. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün müddətində Ermənistanı diz çökdürüb hərbi kapitulyasiyaya məcbur etdi. Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Artıq Xankəndidə, Şuşada, Xocalıda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Möhtərəm Prezidentin Azərbaycanın uğurları naminə son 20 ildə həyata keçirdiyi siyasət, xalqın xoş rifahı naminə gerçəkləşdirdiyi layihələr onu deməyə əsas verir ki, Azərbaycan daha möhtəşəm, daha qüdrətli gələcəyə doğru inamla addımlayır.

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər