Ey böyük Məhəmməd Füzuli, 2020-ci ilin 17 oktyabrında Azərbaycanın gözü, döyünən ürəyi Füzuli rayonunun növbəti bir sıra kəndlərinin və Füzuli şəhərinin işğaldan azad olunması xəbərini ölkəmizin Prezidenti, Ali Baş Komandandan alanda ilk xəyalıma gələn Sən oldun. Milli Ordumuzun qanı, canı bahasına düşməndən qopardığı əzəli və əbədi yurd yerlərimiz Səni xatırlatdı mənə. Ey torpaq sevgisinin aşiqinə çevrilən, ey Vətən sevgisinin Məcnunu olan, ədalətə, haqqa canını qurban verən, damarlarından axan azərbaycanlı qanının coşğusu ilə döyüş meydanı söz olan şair... Dünyanın neçə-neçə hökmdarlarını yola salan, əsrlərin müharibələrinə, qələbələrinə şahid, sözü ilə daimyaşar Füzuli... Yadıma sən düşdün. Çünki Sən Füzuli rayonundan da, füzulilərdən də qocamansan... Bu müjdəni ilk olaraq səninlə bölüşmək istədim.
Gözün aydın, Məhəmməd Füzuli
Dedim, gözün aydın, Məhəmməd Füzuli, əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılan rayonun 1959-cu ildə Sənin-böyük şairimizin 400 illik yubileyi münasibətilə adı dəyişdirilərək Füzuli qoyulan yurd yerimiz düşməndən azad olundu. Qəbrində rahat yat. Su çilənsin məzarına. Qılıncdan iti qələmini süngərə çevirən Azərbaycan əsgəri bir dastan yazdı. Bu dastan “Qarabağ” dastanıdır. Sən də bu dastanın bir boyuna çevrildin. Füzulilər bu gün sevinc içərisindədirlər.1993-cü ildə doğma ev-eşiklərindən erməni köksüzlərinin zoru ilə didərgin düşmüşdülər. Füzulidə doğulan Füzuliyə həsrət qalmışdı. Füzulidə ev-eşik salan, torpağını canından artıq sevən azərbaycanlılar illərdir ki, bu torpağın ətrini burunlarında hiss edirdilər. Gülündən, çiçəyindən, dərəsindən-düzündən ayrı düşmüşdülər. Sənin qəzəllərinin torpaq sevdalılarına, Vətən aşiqlərinə, həsrətlilərinə çevrilmişdilər. 30 ilə yaxındır ki, dünyanın “ədalətə cavabdehləri” danışır, danışır, danışdıqca da söz həqiqət məhvərindən çıxıb başqa məcralara yönəlirdi. Sənin:
Gər çox istərsən, Füzuli, izzətin az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.
Sənin “Əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarini az et, çünki çox danışmaq çox insanı hörmətdən salıb”,- nəsihətini dinləmədi bu “ədalət cavabdehləri”. Söz sözlükdən çıxdı, yalanlara qurban getdi, Füzuli. Hansı ki, sən sözü dünyanın tacı, insanlığın açarı, mənəviyyatın varlığı hesab edirdin:
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
“Sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan”,-deyirdin. Sözü yalan olanlar ölümlərindən sonra da xatırlanacaq, şair. Lakin tamamilə başqa cür xatırlanacaqlar: bir xalqın əzəli torpaqlarının işğalına göz yumanlar kimi, minlərlə şəhidin qanında boğulanlar kimi, yüzlərlə dinc sakinin, xüsusilə də uşaqların qanlarına əlləri batmış və sözünü tutmayan, sözünün ağası olmayanlar kimi.
“Qarabağ” dastanının “Füzuli” boyu
Gözün aydın, Füzuli! Xalqın dastan yazdı, tarixi “Qarabağ” dastanını yazdı. Bu ali bir dastandır, çünki şəhid qanı ilə, bir də dövlətimizin rəhbərinin kəsərli sözü ilə yazıldı. Qarabağın əsrlərlə yaşı fonunda 30 illik nisgilinin qələbəsini yazdı. Ali Baş Komandanın böyük Milli Ordumuza əmri, xalqına verdiyi inamla yazıldı bu dastan. Sənin adını daşıyan Füzuli də bu dastanın bir boyu oldu.
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik boyu uzanan, mənbəyini Araz hövzəsindən alaraq köksündən axıtdığı Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları ilə gözəlliklər məkanı olan, uğrunda hələ əvvəllər, işğalı zamanı 1000-dən artıq eloğlumuzun şəhid olduğu, 1500-dək sağlamlığını itirmiş insanlar olan Füzuli öz növrağına qovuşdu. 27 sentyabr 2020-ci il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda Arış kəndi işğaldan azad edildi. 17 oktyabrda isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olundu.
Biz Füzuliyə qayıdırıq
Həyatını Azərbaycan xalqının müstəqilliyinə həsr edən Ümummilli Liderimizin ardıcılı, qürur mənbəyimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 oktyabr tarixdə Azərbaycan xalqına müraciətindən: “Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şanlı Azərbaycan Ordusu işğalçıları torpağımızdan qovmağa davam edəcəkdir”.
Bəli, biz Füzuliyə qayıdırıq. Tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin, rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsinə, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsinə, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəyə, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsinə, Qarğabazar kəndində, Şah Abbas karvansarayından yuxarı, qayanın üstündə füzulilərin Şah Abbas adlandırdığı məscidə qayıdırıq. Biz tariximizi qorumağa, gələcək nəsillərə ərmağan etməyə qayıdırıq.
Biz qayıdırıq. Müharibə hələ bitməmişdi, azad edilmiş torpaqlarımızda bərpa işlərinə başlanmışdı. Ona görə ki, bir qərinəyədək məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş soydaşlarımız ata-baba yurdlarına tez bir zamanda qayıda bilsinlər. Necə ki, Ali Baş Komandanın sərkərdəliyi ilə xalq Zəfər qazandı, dövlətimizin başçısının rəhbərliyi ilə də Qarabağ və Şərqi Zəngəzur dirçəldilir. Budur, artıq yüzlərlə sakin mərhələli şəkildə öz torpaqlarına qayıdır. Bu gün qürur hissi ilə vurğulamaq olur ki, azadlığının 3-cü ilində Füzuliyə də yüzlərlə sakini qayıdıb. Böyük Qayıdış isə davam edir. Yaxın gələcəkdə bütün füzulili məcburi köçkünlər öz yurdlarında olacaqlar.
“Vaxt keçəcək bu döyüşlər haqqında
kitablar yazılacaq, əsərlər yazılacaq”...
Bu fikirləri 2020-ci ildə xalqa müraciətində ölkəmizin rəhbəri söylədi. Bəli, yazıldı, cənab Prezident. Necə ki, Sizin rəhbərliyinizlə ön cəbhədə Milli Ordumuz torpaqlarımızı bir-birinin ardınca azad edirdi, biz arxa cəbhədə olanların da borcu kitablar, əsərlər yaratmaq idi. Yaratdıq, yaradacağıq da. Azad olunan torpaqlarımız hər biri bir boy olmaqla, “Qarabağ” dastanını yaratdı. Sizin dediyiniz kimi döyüş yolu keçənlərlə, hərbçilərlə görüşüb o ağır hərbi əməliyyatları təfsilatı ilə bildik, yazdıq. Ölkəmizin tarixini yazmaq, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.
Böyük Məhəmməd Füzulidən nəsihət
Məhəmməd Füzuli dövründə Məhəmməd adlı paşaya yazdığı qəsidədə hökmdarın ölkəni ədalətlə bəzəməyə bоrclu оlduğundan, ədalətsizlik nəticəsində ölkədə nə kimi fitnə-fəsad törənəcəyindən danışırdı. Böyük əraziləri işğaldan azad olunmuş Füzuli rayonundan elə böyük Məhəmməd Füzulinin bu günlə səsləşən həmin qəsidəsindən bir parçanı Ermənistan rəhbəri nəsihət şəklində qəbul etsəydi, orada yaşayan insanları ölümə sürükləməzdi. Lakin dinləmədi. Başqasının torpağından çıxmaq istəməyən, bunun üçün də xalqının qocasını, qadınını müharibəyə cəlb edən, döyüşmək istəməyən əsgərləri zəncirləyən, ölkədən qaçıb canını qurtarmaq istəyən insanları güllələtdirən bu “rəhbərin” ölkəsində hansı fitnə-fəsadların yarandığına və yaşandığına ötən illərin hər birində canlı şahid olduq.
Vay оl hakimə kim, eyləyə hökmündə xəta,
Qıla məzlumləri mərhəmətindən məhrum...
Mətanət Məmmədova
P.S. Bu gün Qarabağ tamamilə azaddır, Füzuli. Sən azad olunanda hələ Laçın, Kəlbəcər, Ağdam azad olunmamışdı. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran erməni separatçılarının əlində idi. Artıq bu torpaqlar da azaddır. Onların hər birində Azərbaycan bayrağı dalğalanır. Həm də qürurla dalğalanır. Bu dalğalar isə Azərbaycan xalqının qəhrəmanlığından, birlik və həmrəyliyindən, dövlətimizin apardığı böyük siyasətdən söhbət açır...