PDF Oxu

Siyasət

  • 3 897

Dövlət bayrağımızı əzəli torpaqlarımızda ucaldan QALİB SƏRKƏRDƏ TƏHLİL

Dövlət bayrağımızı əzəli torpaqlarımızda ucaldan QALİB SƏRKƏRDƏ TƏHLİL

Prezident İlham Əliyev: "Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm"

Dünyada söz sahibi olan Azərbaycan Cənubi Qafqazın lideri statusunu daşıyır. Tam müstəqil siyasət yürütməsi də respublikamızın beynəlxalq imicinə müsbət təsir edən əsas amillərdəndir. Sevindirici haldır ki, bu gün Azərbaycan Zəfər çalmış bir xalq, dövlət olaraq da dünyada tanınır. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsindəki tarixi Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldib. Bu qələbə Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və şəhidlərimizin qanı bahasına əldə olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Qazandığımız Zəfər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, xalq-iqtidar birliyinin təntənəsidir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad edərək, tariximizə Qələbə yazdı. Bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu.
Əlbəttə ki, rəşadətli ordumuzun bölmələrinin işğaldan azad olunan rayonlarda Azərbaycan bayrağını qaldırması bizlərə fəxarət hissini yaşatdı. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları olan Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu statusun götürülməsi hər kəsin sevincinə səbəb oldu.

BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKİ QANDIR

"Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, vətəndir". Budur, bayrağın müqədəsliyi və bayrağımıza olan sevgi. Bu gün Azərbaycan bayrağı işğaldan azad olan ərazilərimizdə dalğalanır. "Zəfərdən doğulmuş göytürkdən qalan qurdbaşlı bayrağın balası bayraq" Cəbrayıl şəhərində, Zəngilan şəhərində, Füzuli şəhərində, Qubadlı şəhərində… dalğalanır. Qürurumuz, iftixarımız olan Azərbaycan BAYRAĞI. Bütün zirvələrdən, yüksəkliklərdən uca olan dövlət bayrağımız hər bir insanın vətəndaşlıq qürurudur. Göy, qırmızı, yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən, dünənindən, keçmişindən danışır. Qürur mənbəyimiz və and yerimiz olan Bayrağımız bu gün göylərə yüksəlib. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulub, vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də işğaldan azad olunan torpaqlarımıza səfəri çərçivəsində bir neçə əzəli, tarixi ərazilərimizdə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması qürurumuzun təcəssümüdür. 1993-cü il iyunun 27-də işğal olunan Ağdərə şəhəri bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi.

"23 SAAT DAVAM EDƏN ANTİTERROR TƏDBİRLƏRİ BİZİM GÜCÜMÜZÜ GÖSTƏRDİ VƏ YENƏ DƏ DÜŞMƏN AĞ BAYRAQ QALDIRARAQ TƏSLİM OLDU"

1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Xocavənd şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizləndi. Müasir Azərbaycan ordusu öz gücünü, məharətini, peşəkarlığını istənilən vəziyyətdə nümayiş etdirir. "Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik." Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində çıxış edərkən bildirib. Dövlət başçısı bu gün yetişən gəncləri vətənpərvərliyini diqqətə çəkib: "Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir."1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı rayonunun Əsgəran qəsəbəsi öz azadlığına qovuşub. Cari ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Əsgəran qəsəbəsi də separatçılardan təmizləndi. Bu gün orada Azərbaycan bayrağı dalğalanır.

"O ÇƏTİN DÖVRDƏN BU GÜNƏ QƏDƏR KEÇDİYİMİZ YOL ŞƏRƏF VƏ LƏYAQƏT YOLUDUR"

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalıda törədilən əməllər ümumbəşəri dəyərlərə tamamilə ziddir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı nəticəsində, 613 nəfər şəhid olmuş, 487 nəfər ağır yaralanmış, 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə məcbur olan Xocalı sakinləri ölkəmizin 40 rayonunda məskunlaşmışlar. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirmiş oldu. Oktyabrın 15-də dövlət başçımızın Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması tarixi bir günə çevrildi. "Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, "Xocalıya ədalət!" hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir".

"HƏR GÜN, HƏR SAAT BİZ BU MÜQƏDDƏS MƏQSƏDƏ DOĞRU GEDİRDİK"

Əlbəttə ki, qazandığımız uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, siyasi iradəsinin təzahürüdür. Dövlət başçımız 20 il bundan əvvəl Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü il oktyabrın 15-də müdrik qərarı ilə İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır", - deyə Prezident vurğulayıb. Ötən illər ərizində Azərbaycan dünya miqyasında özünə layiq yerini tutub. "Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir" - deyə Prezident çıxışında vurğulayıb.
Oktyabrın 15-də Cənab Prezident üç rəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltdı, Qələbəmizi sevincini bir daha bizlərə yaşatdı.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər