Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndinin mərkəzi meydanında, illər ərzində separatçıların qanunsuz idarəsinin yerləşdiyi Azərbaycan SSR Kommunist Partiyasının keçmiş vilayət komitəsinin binası qarşısında Azərbaycan bayrağını qaldırıb. Binanın fasadının yuxarı hissəsində Azərbaycanın gerbi vurulub. Həmin gün Ali Baş Komandan işğaldan azad edilmiş Qarabağın bir sıra şəhər və qəsəbələrində də Azərbaycan bayraqlarını qaldırıb.
Bakının Azərbaycanın öz ərazisi üzərində suverenliyinin tam bərpasını simvolizə edən hərəkətlərinə xaricdə necə baxırlar? Xarici ekspertlərin bu mövzu ilə bağlı “Caliber” analitik mərkəzinə verdikləri şərhlərini oxucularımıza təqdim edirik.
Tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski (Kişinyov) qeyd edir ki, İlham Əliyev Azərbaycan bayrağını Qarabağda dalğalandırmaq hüququna layiqdir.
“Azərbaycan bu əraziləri və orada yaşayan vətəndaşlarını heç vaxt tərk etməyib. Azərbaycan başqasının ərazisini ələ keçirmədi, özününkünü geri qaytardı. Və bunda tarixi ədalət var. İndi əsas vəzifə bu regionu Azərbaycanın iqtisadi və sosial məkanına inteqrasiya etmək, onun inkişafı üçün nəzərdə tutulan iddialı layihələri həyata keçirmək, həmçinin bu ərazidə sülh və harmoniyanı qorumaqdır”, - deyə moldovalı ekspert bildirir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını qaldırması uzun sürən münaqişənin sona çatmasının və tarixi ədalətin təntənəsinin simvolu idi.
“Hər şey Azərbaycan Prezidentinin böyük şəxsi xidmətinə bağlıdır. İlham Əliyev bütün fəaliyyəti ilə Azərbaycanın bayrağını ucaltmaq hüququnu qazanıb”, - Andrievski hesab edir.
Politoloq Kazbek Beysebayev (Qazaxıstan) qeyd etməyi lazım bildi ki, Azərbaycan ədalətin necə bərpa olunacağını bütün dünyaya göstərdi.
“Bu əlamətdar hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Mənim üçün də önəmlidir. Mənim əsgər dostum Silyan Rüstəmov bir vaxtlar Ağdam şəhərində yaşayırdı. Ümid edirəm ki, o, ailəsi ilə evə qayıdıb”,- qazaxıstanlı ekspert bildirib.
Hərbi-siyasi elmlər doktoru, professor Vaxtanq Maisayanın (Tbilisi) sözlərinə görə, Prezident Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla öz dövlətinin ərazi bütövlüyü uğrunda gedən mübarizəyə son qoyub.
“Düşünürəm ki, bu, bütün dünyada müsbət qarşılanacaq. Təbii ki, bəzi ölkələr var ki, orada bu məqam özünəməxsus şəkildə qəbul olunacaq, amma əsas odur ki, Azərbaycan humanitar hüququ pozmayıb, öz ərazisində erməni milli azlığının hüquqlarını pozmayıb. Düşünürəm ki, bütün bunlar gələcəkdə də müşahidə olunacaq və burada heç bir ziddiyyət yoxdur, çünki Azərbaycan vaxtilə ATƏT-in Budapeşt sammitində aqressiv separatizm kimi qəbul olunan rejimi tamamilə qanuni əsaslarla məğlub etdi”, - deyə gürcü alimi qeyd edib.
Onun sözlərinə görə, indiki hadisə Gürcüstan üçün, hələ də separatizmlə bağlı problemləri olan dövlətlər üçün yaxşı nümunə olacaq.
“Yeri gəlmişkən, məhz postsovet ölkələrindəki separatçılar beynəlxalq humanitar hüququn prinsiplərini pozmaları ilə seçilirdilər. Hesab edirəm ki, indiki mərhələdə bütün aparıcı dövlətlər və beynəlxalq aktorlar Bakının bu addımlarını tamamilə adekvat şəkildə qəbul edəcəklər. Biz Azərbaycan xalqını və ölkə rəhbərliyini öz torpağında təcavüzkar separatizm kimi bəlanın kökünü kəsə bildiyinə, ərazi bütövlüyünü bərpa etdiyinə görə təbrik edə bilərik”, - deyə Maisaya yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı