PDF Oxu

Siyasət

  • 2 488

Əməkdaşlığa əsaslanan xarici siyasət kursu ŞƏRH

Əməkdaşlığa əsaslanan xarici siyasət kursu ŞƏRH

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqına Tanrının töhfəsi idi və onun adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Ulu öndər yaşadığı mənalı həyat yolunu Azərbaycanın inkişafına, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının dirçəlişinə, Azərbaycanın xoşbəxt, işıqlı gələcəyinə həsr etmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın var olması, müstəqilliyinin möhkəmlənməsi, əbədi, daimi, sarsılmaz olması, xalqımızın daha da yaxşı, təhlükəsiz, sabitlik şəraitində yaşaması, ölkəmizin parlaq, xoşbəxt gələcəyinin təmin olunması üçün yorulmadan çalışmış, hətta bu yolda həyatını da təhlükəyə atmaqdan çəkinməmişdir.

Ulu öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xöşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb.

Xarici siyasətdə Ümummilli liderin müəyyən etdiyi əsas istiqamət Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması idi. Məhz bu uğurlu siyasi kürsün nəticəsidir ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edib.

Qonşu və dünya dövlətləri ilə münasibətlərin uğurla həyata keçirilməsi Ulu öndərin yürütdüyü xarici siyasətin əsas hədəflərindən biri idi. Ulu öndər deyirdi: “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir”.

Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün ən yüksək səviyyədədir. Eləcə də, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində Ulu öndərin xüsusi rolu və xidmətləri olmuşdur.

“Biz ABŞ ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə - dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daima bəhrələnirik”, deyən ulu öndər Heydər Əliyev ABŞ kimi dünyanın ən böyük, qüdrətli dövləti ilə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərinin olduğu danılmazdır.

Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin özünəməxsus dəsti-xəttinin parlaq təzahürü xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri, eləcə də digər ölkələrlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi idi. Bu gün Ulu öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz dünyada söz sahibi və ən etibarlı tərəfdaşdır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər