Azərbaycan üçün ən çətin dövrdə, taleyüklü anda yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rasional xarici siyasət strategiyası ölkənin düşmüş olduğu böhranlı vəziyyətdən çıxmasında böyük rol oynadı. Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibəyə, regionda maraqları olan digər güc mərkəzlərindən qaynaqlanan böyük siyasi-ideoloji, hərbi, iqtisadi təhdidlərə, çoxsaylı daxili problemlərə və ümumiyyətlə, mürəkkəb geosiyasi mövqeyə baxmayaraq Heydər Əliyevin dərin və dəmir məntiqə əsaslanan xarici siyasəti məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövləti qorumaqla yanaşı, onu beynəlxalq münasibətlər sisteminin layiqli üzvünə çevirdi.
Qeyd edək ki, rasional, praqmatik xarici siyasət özündə bir sıra vacib məqamları ehtiva edir. 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edən və böyük dövlət adamı olan Heydər Əliyev də öz xarici siyasət strategiyasını məhz qeyd etdiyimiz amilləri nəzərə almaqla həyata keçirib. Azərbaycan üçün kifayət qədər ağır, mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin xarici siyasətinin əsas prioritetləri və hədəfləri kimi müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, üzləşdiyimiz müxtəlif növ təhdidlərin neytrallaşdırılması, dövlətimizin tanıdılması və beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmaqla bu sistemdə mövqelərimizin gücləndirilməsi olmuşdur. Bundan əlavə, ərazi bütövlüyümüzün təmin edilməsi və Ermənistanın təcavüzünün aradan qaldırılması, uğurlu enerji strategiyası və “neft diplomatiya”sı vasitəsilə iqtisadi və siyasi gücümüzün artırılması, yerləşdiyimiz regionda sülhün, əmin-amanlığın bərqərar olmasını xüsusi vurğulamaq lazımdır. Ulu Öndərimiz bütün dövlətlərlə, xüsusilə də regionda maraqları olan güc mərkəzləri ilə normal münasibətlər yaratmaq, beynəlxalq inteqrasiya proseslərində fəal iştirakını da qeyd etmək olar. Daha bir vacib məqam isə, Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət məqsədyönlü diplomatiya ilə daha da real məzmun almasıdır. Məhz Heydər Əliyevin düşünülmüş, praqmatik xarici siyasəti və bu siyasətə uyğun diplomatiyası Azərbaycanın regionda ciddi geostrateji maraqları olan böyük dövlətlərlə münasibətlərinin formalaşmasına, qaydaya düşməsinə səbəb oldu.
Heydər Əliyev 1993-1998-ci illərdə, yəni prezidentliyinin birinci dönəmində 33 ölkəyə 79 dəfə səfər etmiş, 232 tədbirdə iştirak etmiş, 431 sənəd imzalamışdı. Heydər Əliyevin xarici siyasəti elmi-siyasi baxımdan, haqlı olaraq, çoxvektorlu adlandırılır. Heydər Əliyev bu siyasəti Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurla həyata keçirə bildi və bu siyasət yalnız Azərbaycanın deyil, bütövlükdə bölgənin siyasi-təhlükəsizlik mühitində stabilləşdirici-pozitiv rol oynadı. Ulu Öndər Azərbaycanın bütün dövlətlərlə bərabər hüquqlu əlaqəsinin olmasını istəyirdi, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəb dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da. Heydər Əliyevin həm yerli, həm də xarici nümayəndələrlə keçirdiyi görüşlər zamanı səsləndirdiyi fikirlər də maraqlıdır və ölkəmiz üçün prioritet olan məqamları ifadə edir. Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqində bildirmişdi ki, Türkiyə Cümhuriyyəti Avropa ilə Asiyanın, Şərqlə Qərbin sintezindən əmələ gəlmiş və bütün müsəlman Şərq aləmi üçün örnək cümhuriyyət kimi Azərbaycana həmişə dayaq olmuşdur. XX əsrdə 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti elan olunarkən Türkiyənin Azərbaycana etdiyi yardımlar və o illərdə ölkəmizə qarşı təcavüzün qarşısının alınmasında türk qardaşlarımızın göstərdikləri qəhrəmanlıqlar Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən birləşdirən bir ölkədir. Biz bu tarixi missiyamızı da çox yüksək qiymətləndiririk. Şərq və Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə İslam aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır.
Ulu Öndərimizin qardaş Pakistan barədə fikirləri də çox önəmlidir: “Pakistan bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir”. Xalqlarımızın tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur”.
İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Heydər Əliyev Azərbaycanla İsrail arasında olan dostluğun dərin kökləri olduğunu xüsusi olaraq vurğulayıb: “Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar”.
ABŞ barəsində isə: “Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə - dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daim bəhrələnirik”, - deyə Ulu Öndər bildirib.
Azərbaycanın xarici siyasətində ulu öndər Heydər Əliyev eyni zamanda MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və digər təşkilatlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət vermişdir. Həmin siyasətin məntiqi nəticəsi kimi yuxarıda adlarını çəkdiyimiz təşkilatların böyük əksəriyyəti beynəlxalq qurumlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.
Aydın Hüseynov,
Milli Məclisin deputatı