PDF Oxu

Siyasət

  • 2 943

Böyük Qayıdışını yaşayan Füzulimiz TƏHLİL

Böyük Qayıdışını yaşayan Füzulimiz TƏHLİL

Prezident İlham Əliyev: "2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq"

Üç il bundan əvvəl tarixin bu günü Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa müracətində "Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"– deyə bildirmişdir. Cənab Prezident onu da bildirmişdir ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərinn işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi: "Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir".
Əlbəttə ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzulinin 27 illik həsrətinə son qoyuldu. 1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulmuşdur.

FÜZULİ ŞƏHƏRİNDƏ ÜÇÜNCÜ YAŞAYIŞ KOMPLEKSİNİN TƏMƏLİ QOYULDU
44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Füzuli Beynəlxalq Hava Limanında istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin Füzuliyə səfəri çərçivəsində oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub. Üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.
Füzuli şəhərində dövlət başçısı tərəfindən inzibati binanın da təməli qoyulub. İnzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.

Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır. Böyük Qayıdış çərçivəsində əzəli sakinlər doğma yurduna qayıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Füzuli abadlaşır və yenidən qurulur. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı buradakı görülən işlərin əyani təzahürüdür. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinini göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti, siyasi iradəsi ilə Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, o cümlədən Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası xüsusi ilə qeyd olunmalıdır.

"…GÜN GƏLƏCƏK, SİZ MƏNƏ "XOŞ GƏLMİSİNİZ!" DEYƏCƏKSİNİZ VƏ BU GÜN GƏLDİ"

Füzuliyə köç karvanları davamlı olaraq yol alır. Cənab Prezident Füzuliyə səfəri zamanı oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. "Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!" deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür".
Bu gün Azərbaycan gənci qürurludur. Üzərinə düşən ən böyük məsuliyyəti dərk edərək işğal altında olan torpaqlarımızı qanı, canı bahasına azad etdi. Minlərlə gəncimiz vətən torpaqlarının azadlığı uğrurunda şəhid oldu. Son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq göstərən vətən oğulların şücaəti, mücadiləsi milyonlarla insanlara qələbə sevincini yaşatdı. "Gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq", - deyə Prezident bildirib.. Bu qələbədə minlərlə azərbaycanlı gəncin payı var. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gündə gənclərimiz nəyə qadir olduqlarını göstərə bildilər. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər gənclərdir. Vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gənci hər qarış torpağın müdafiəsində dayandı. Cənab Prezidentin bildirdiyi kimi, "Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər".

"FÜZULİNİN YENİ SİMASI GÖZ OXŞAYIR"

Bu gün Qarabağda, Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır. "Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır.
Onu da bildirməliyəm ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir".

"QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA 140 MİN İNSAN YAŞAYACAQ"

Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər layihələr çox böyük perspektivə malikdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. "Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni, bu, belə demək mümkündürsə, ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər. Məsələn, mən həm Zəngilanda, həm Laçında uşaqlarla söhbət əsnasında maraqlanırdım. Yəni, Bakıda doğulmuş, böyümüş, necə deyərlər, böyük şəhərin ab-havasına öyrəşmiş uşaq, yeniyetmə gəlib indi bir qədər uzaqda yerləşən şəhər və kənddə necə yaşayır? Onlar ürəkdən deyirdilər ki, bu, böyük xoşbəxtlikdir", - deyə Prezident qeyd edib.
Bu gün Füzuli tamamilə yenidən qurulur. Artıq bu əraziyə 800-dən çox insan artıq yerləşib. Dёvlət başçımız bildirib ki, ilin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın tətənəsini yaşadı. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq, quruculuq işləri davam etdirilir. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər əzəli sakinləri qoynuna alır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər