PDF Oxu

Siyasət

  • 1 271

Ulu Öndərin siyasi irsi! ŞƏRH

Ulu Öndərin siyasi irsi! ŞƏRH

Azərbaycan Respublikası son illərdə iqtisadi, sosial və humanitar inkişaf, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsi sahələrində öz tarixində ən yüksək nailiyyətlər qazanıb. Bu nailiyyətlər Azərbaycan Respublikasında tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyaları, uğurla həyata keçirilən insan inkişafı siyasəti, ardıcıl və məqsədyönlü islahatlar, dövlət qulluğu sistemi üçün yüksəksəviyyəli kadr potensialının formalaşdırılması və səfərbər olunmasının məntiqi nəticəsidir. Bütün bu proseslərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilərək yeni səviyyəyə qaldırılmışdır. Bu il müasir Azərbaycan Respublikasının memarı, dövlət idarəçilik sahəsində fenomenal istedada malik olan, siyasi və iqtisadi uzaqgörənliklə seçilən və dünyamiqyaslı siyasətçilər arasında xüsusi yeri olan Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Bu tarixi hadisə ilə əlaqədar ölkə Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci ildə xüsusi sərəncam imzalamış və həmin sənədlə 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. Sərəncamda göstərilir ki, "Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".

Milli sərvətimiz olan Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin miqyasına uyğun olan uğurlar arasında ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilmiş 44 günlük şanlı Vətən müharibəsi, onun nəticəsində ölkənin ərazi bütövlüyünün bərpasının, bununla BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsini göstərmək olar. Bu tarixi qələbənin qazanılmasında əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilmiş müasir ölkə quruculuğu istiqamətində uğurlu çalışmalar, innovativ dövlət idarəçiliyi sahəsində böyük bacarıqlar durur. Bu siyasətin həyata keçirilməsi nəticəsində ölkədə iqtisadi inkişafa nail olunmuş, sosial sahənin məqsədyönlü inkişafı təmin edilmiş, hərbi quruculuq istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bunlarla yanaşı, Vətən müharibəsində qələbəni, ölkənin ərazi bütövlüyünün bərpasını təmin edən digər amillər arasında qlobal miqyasda reallaşdırılan çevik və uğurlu diplomatik fəaliyyət, dünyanın aparıcı televiziya kanallarına, qəzet və jurnallara verilən müsahibələrin çox böyük əhəmiyyəti olmuşdur.

Behbud Quluzadə
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər