2020-ci ilin 18 oktyabrında - Müstəqilliyin Bərpası Günündə Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. Azadlığın, növrağın mübarək, Xudafərin, dedik. Nə gözəl tarix yazıldı aşırımlarına. Sən axı 1991-ci ildə bərpa etdiyimiz müstəqilliyi doyunca yaşamamışdın. Üçrəngli bayrağın üstündə bərqərar olduğun Arazın sularındakı əksini ətrafındakı zirvəsi səmaya söykənən dağlara, sıldırım qayalara yaya bilməmişdin.
Bayrağın mübarək, azadlığın mübarək, Xudafərin, dedik. Sən Allaha səni yaratdığı üçün təşəkkür edirsən, əsrlərdir. Biz azərbaycanlılar da Allaha səni bizə yenidən qovuşdurduğu üçün minnətdarıq, ey ulu yurdumuz, müqədəs torpağımız Cəbrayılın göz bəbəyi...
Azərbaycan tarixinin möhtəşəm abidəsi, Azərbaycan memarlıq sənətinin zirvəsi Xudafərin... Tarixin yol yoldaşı, sinəsində Şəddadilərin, Rəvvadilərin, Elxanilərin, Qaraqoyunluların, Ağqoyunluların, Eldəgizlərin, Səfəvilərin, Teymurilərin, Qacarların izi olan- keçmişin şahidi Xudafərin. Nə çox xoş günlərə-toylara, düyünlərə, çal-çağırlara, nə müharibələrə-ordulara-qoşunlara, silahlara-süngərlərə sinə açan Xudafərin. Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən yeganə vasitə. Tarixi İpək yolunun üzərində yerləşməklə Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olan daş əzəmətli, daş dözümlü körpü...
1993-cü ildə Cəbrayıl nankor ermənilər tərəfindən işğal olundu. Düz 27 il sinən doğma addımlardan məhrum qaldı. Nə yaxşı ki, Araz varmış... Gecə-gündüz tək Arazla pıçıldaşdın, Xudafərin. Dərdini dedin, sərini dedin, gözyaşını Arazın sularına qarışdırdın. Kənardan baxanlar səni-Xudafərini daş abidə görürdü, Arazı su. Lakin nə Xudafərin daşdı, nə də Arazdakı su idi. Xudafərin həsrətliydi, Araz onun göz yaşıydı...
Xudafərin, “Xuda-Afərin”, yəni “Allaha mərhəba”dır adının mənası. Allahın yaratdığı yer olduğun üçün, adın sənin Allaha mərhəban, təşəkkür payındır. Dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan səni “Allah tərəfindən yaradılan” da adlandırırlar. Həm də bu dayaqlar tək sənə-11 aşırımlı, 130 metr uzunluqda, 6 metr enində, 12 metr hündürlükdə olan Baş Xudafərində deyil, gözəl Cəbrayılın, füsunkar Arazın sənə yaxın ərazisində 15 aşırımlı, uzunluğu 200, eni 4,5, hündürlüyü isə 10 metr olan Xudafərinə də aiddir. Sizin hər ikinizin yaranmasının böyük səbəbi Ulu Yaradanın yaratdığı coğrafiyanın uyğunluğudur. Hər aşırımınız tarixin bir dönəmidir. Zamanın keşməkeşlərində dağıdılmağa məruz qalsanız da, heç şübhəsiz ki, Ulu Yaradanın özü sizi qoruyub. İşğalda olan digər ərazilərimizdə ermənilərin daşı daş üstə qoymaması sizə də çoxdan təsir etmiş olardı. Lakin yenə də sizi Allah qoruduğu üçün gücləri çatmayıb. Düzdür, əvvəllər gördüyümüz gözəlliyinə xələl gəlib bir az, uçulmusan, sökülmüsən, bu da yəqin nisgilindən, həsrətindən olubdur, axıtdığın göz yaşları daşlarını əridibdir. Qəm eləmə, Xudafərin. Səni yağıdan alan rəhbər, eloğlular sənə yeni həyatı da verməkdədir.
Xudafərin, Milli Ordumuzun üzərində qaldırdığı bayrağın dalğaları Arazın suyunda Ulu Öndərimiz Heydər Əliyevin “Azərbaycan müstəqil dövlətdir və birinci növbədə ərazi bütövlüyümüzü təmin etməliyik. Müstəqil dövlət öz ərazisinin sahibi olmalıdır” tövsiyələrini əks etdirirdi. Oldu da. Çox qürurvericidir ki, Azərbaycan xalqı bu gün müstəqilliyini əbədi edən dahi şəxsiyyətin layiqli ardıcılı, Ali Baş Komandanımızın rəhbərliyi ilə artıq düşməni torpaqlarımızdan qovub, ərazi bütövlüyümüz bərpa olunub.
Bu gün Azərbaycanda yeni dövrün şərəfli tarixi yazılır.
Mətanət Məmmədova