Azərbaycanın xarici siyasət kursunda Orta Asiya regionu ilə münasibətlər önəmli yer tutur. Xüsusən də eyni kök, eyni dil və din amili bu münasibətləri diplomatik platformadan mənəvi müstəviyə daşıyır. Təbii ki, Qırğızıstan bölgədə Qazaxıstan qədər böyük ərazilərə, Özbəkistan qədər insan ehtiyatına malik deyil, amma qeyd edilən amillər heç də bu ölkənin önəmini azaltmır. Əksinə, Orta Asiyada öz coğrafi yerləşiminə və siyasi əhəmiyyətinə görə Qırğızıstan xüsusi rol oynayan beynəlxalq hüquq subyektidir. İlk növbədə, Bişkeklə əlaqələr həm Qərbin, həm də Rusiyanın Orta Asiya siyasətində önəmli yer tutur. Son bir neçə ildə Qırğızıstanda müşahidə olunan siyasi proseslər məhz Qırğızıstanın bu qütblər üçün nə qədər vacib geosiyasi önəmə malik olduğunu göstərir.
Bişkek Bakının region, Türk dövlətləri və bütövlükdə dünya üçün yeni güc sahibi mövqeyini müşahidə edir. Düzdür, Azərbaycan-Qırğızıstan münasibətləri həmişə siyasi səviyyədə yaxşı olub, amma təəssüf ki konkret əməkdaşlıq mühiti ilə bağlı çoxsaylı nümunələrdən danışa bilmirik. Bişkek-Bakı münasibətlərində xüsusi canlanma məhz Prezident İlham Əliyevin Orta Asiya və Türk dünyasına yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlamış, son bir ildə liderlər arasında üç görüş, iki qarşılıqlı səfər baş tutmuşdur. Nəticədə Prezident İlham Əliyevin səyləri ilə siyasi münasibətlərin inkişaf etdirilməsinə paralel olaraq, nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələri kimi konkret istiqamətləri əhatələyən kompleks format müəyyən edilmişdir ki, bu da Bişkek-Bakı münasibətlərində yeni səhifə açmışdır. Prezident İlham Əliyevin səfər çərçivəsində ikitərəfli münasibətlərin gələcək yol xəritəsini müəyyənləşdirən əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsi, Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri və ümumilikdə Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinin necə xüsusi önəm daşıdığını bir daha sübut etmiş oldu. Hesab edirəm ki, yaxın gələcəkdə digər Mərkəzi Asiya ölkələri ilə yanaşı Qırğızıstanla da əlaqələr yüksələn xətlə inkişaf etməyə davam edəcək.
Alide Aslanova
YAP Sabunçu rayon təşkilatının əməkdaşı