PDF Oxu

Siyasət

  • 1 500

Əli Kərimli və trol dəstəsi özlərini cəmiyyətdən təcrid ediblər ANALİZ

image

Reallığı etiraf etmək, ədaləti dilə gətirmək böyüklük və ucalıq əlamətidir. Təəssüflər olsun ki, siyasi arenada elə şəxslər var ki, düz söz deyənə yamanlıq edirlər, haqqı söyləyənə satılmış damğasını vururlar. Hətta AXCP, Müsavat kimi partiyalarda təmsil olunan sıravi üzvlər ədalətli mövqe ifadə etdiklərinə görə partiya sıralarından xaric edilirlər. Bu barədə çoxsaylı faktlar, sübutlar göstərmək olar. AXCP MNTK-ın sədri Aydın Əliyev Əli Kərimlini təşkilat daxilində qatı diktatura qurmaqda ittiham etdiyinə görə cəzalandırılmışdır. A.Əliyev məhkəmə vasitəsi ilə pozulmuş siyasi hüquqlarının bərpasına nail olsa da, Ə.Kərimli uzun müddətdir ki, məhkəmənin qərarını icra etməkdən imtina edir. Bu da bir daha Ə.Kərimlinin demokratik idarəetmə prinsiplərinə dözümsüz olduğunu göstərir. Baxmayaraq ki, hər fürsətdə azad, demokratik cəmiyyət quruculuğundan, siyasi plüralizmdən danışır. A.Əliyevə və digər cəbhəçilər qarşı hegemon münasibəti isə onu təsdiq edir ki, danışdıqları sadəcə boşboğazlıqdan başqa bir şey deyil. Eyni qaba münasibətlə Sahib Kərimli də rastlaşıb. AXCP funksionerlərindən olmuş S.Kərimli açıq fikirli olmasına görə Ə.Kərimlinin qəzəbinə məruz qalıb. Nəticədə heç bir əsas gətirilmədən partiya sıralarından xaric edilib. S.Kərimli isə qərarla razılaşmaq fikrində deyil: “Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəyəm, partiya üzvlüyümü bərpa edib, Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacağam.Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir. Qərara qarşı bu gün başlayacağım fəaliyyəti öz lehinə çevirib, ictimai rəyi yenidən çaşdırmasına imkan verməyəcəyəm. Bu qədəri ilə, hələlik, kifayətlənirəm”.

“Əli Kərimli, o meydana bir dəfə də özün çıx, o həbsə bir dəfə də özün gir”

Xankəndi şəhərində üçrəngli bayrağımızın ucaldılmasından sonra dağıdıcı müxalif ünsürlərin, xüsusilə də Ə.Kərimlinin həyəcanlanması, narahat və paxıllıq hisslərini ortaya qoyması əksər cəbhəçilərin qəzəbinə səbəb olub. Məsələn, AXCP-nin Nizami rayon şöbəsinin üzvü Şakir Vəliyev sosial şəbəkə hesabında Ə.Kərimlinin suverenliyimizin bərpa olunmasına qısqanclıqla yanaşmasını ona olan kənar təsirlərlə əlaqələndirir. Cəbhəçi Jalə Xuduyeva isə Ə.Kərimlini xalqın sevincinə şərik olmamaqda qınayıb. S.Kərimli isə Ə.Kərimlini qorxaqlıqda ittiham edib. O özünün facebook səhifəsində yazır: “Siyasi partiya ictimai institutdur. Onun sədri hakimiyyət uğrunda mübarizədə qalib gəlməyə bilər, amma ictimai institut cəmiyyət və dövlət üçün, heç olmasa faydalı kadrlar hazırlamalıdır. Təkcə siyasi məhbus və siyasi satqından başqa heç nə yetişdirməyən AXCP və lideri Əli Kərimli kimə nə faydası ola bilər?”.

“Əli Kərimli, dələduz kahinlər kimi "ibadətlə" məşğul olmağa nə var ki”

S.Kərimli paylaşdığı statusunda onu da qeyd edir ki, hazırkı mərhələdə AXCP-nin konkret əməli fəaliyyət yoxdur, yalnız ağlaşma, giley var: “Sonda da xalqa minnət qoymaq ki, hamılıqla meydana çıxmasanız heç nə düzələn deyil. Əli Kərimli, o meydana bir dəfə də özün çıx, o həbsə bir dəfə də özün gir. Get bölgələrə, şəhid dəfnlərində iştirak elə, Rusiya səfirliyinin qarşısına çıx. Sosial şəbəkəni, youtube kanallarını ağlama divarına çevirib, dələduz kahinlər kimi "ibadətlə" məşğul olmağa nə var ki".

Ümumiyyətlə, görünən fakt ondan ibarətdir ki, cəmiyyətin hər bir üzvü, müxalifətdə olmağından asılı olmayaraq Ə.Kərimlinin, Tofiq Yaqublunun, Cəmil Həsənlinin və digərlərinin böyük, qürurverici qələbəmizə kölgə salmağa çalışmalarına öz hiddət və qəzəblərini nümayiş etdirirlər. Hətta məsələ parlamentdə təmsil olunan müxalif deputatlarında diqqətindən yayınmayıb. Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev və digərləri Ə.Kərimlini, T. Yaqublunu, C.Həsənlini ittiham edən açıqlamalarla çıxışlar ediblər. Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli məsələni daha kəskin ifadə edib. O torpaqlarımızın işğaldan azad edildiyi üçün müxalifətçiliyə ehtiyac olmadığını bildirib: “Mənim partiyamın müxalifətçiliyinə nə ehtiyac var? Biz Cənab Prezidentin yanında olmalıyıq, nəinki qarşısında. Torpaqlarımızı işğaldan azad edib Azərbaycanın ərazi bütövlüyünü, ölkənin suverenliyini bərpa edən, bütün islam dünyasının lideri olan Prezident İlham Əliyevə qarşı çıxmağa haqqı yoxdur. Axı, bu, hamımızın istəyi və arzusu olub! Belə bir problemləri həll edən liderə qarşı necə müxalif mövqedə olmaq olar?”.

T.Kərimli onu da qeyd edib ki, bizim bundan sonra əsas vəzifəmiz Prezidentin yanında olmaqdır: “Müxalifətin mübarizəsi nifrət üzərində qurulub. Mən onları sevgiyə, birliyə, həmrəyliyə çağırıram”.

Dağıdıcı müxalifət haqqı dilə gətirməkdən, ədalətli mövqe ifadə etməkdən uzaqdır

Hesab etmək olar ki, məsələnin parlamentə qədər gedib çıxmasından sonra dağıdıcı müxalif məxluqlar səhvlərini başa düşüb, ətəklərindəki daşları yerə atacaqlar, üzrxahlıq edib, siyasi kurslarını dəyişəcəklər. Lakin yuxarıda girişdə qeyd etdiyim kimi, dağıdıcı müxalifət haqqı dilə gətirməkdən, ədalətli mövqe ifadə etməkdən uzaqdır. Bu baxımdan da hazırkı mövcud durumu da dəyərləndirib, ona uyğun addım ata bilmir. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli parlamentdə səslənən ittihamlara özünün dayaz düşüncəsi, bəsit ağılı ilə cavablandırır. Hətta kino qəhrəmanları demişkən, hərzə-hərzə danışıb, özünü çoxbilmiş kimi göstərməyə çalışır: “Torpağımız işğaldan azad olunandan sonra müxalifətə ehtiyac yoxdur" deyənlər ya özləri gerizəkalı olmalıdır, ya xalqı gerizəkalı hesab edirlər. Bu iddiada bulunanlar dialektikanın üç əsas qanunundan ikisini (inkarı inkar və əksliklərin vəhdəti və mübarizəsi) inkar edəcək qədər cahil olduqlarının fərqində belə deyillər. Müxalifətin olması, rəqabətin olması deməkdir. Rəqabət isə inkişafın hərəkətverici qüvvəsidir. Rəqabət olmayan mühitdə inkişaf deyil, ətalət, durğunluq hökm sürər. Cəmiyyət korrupsiya, monopoliya, haqsızlıq, sosial ədalətsizlik, yoxsulluq, işsizlik bataqlığında boğular”.

Bir sözlə, görünən ondan ibarətdir ki, Əli Kərimli və trol dəstəsi, xüsusilə də C.Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli. Tofiq Yaqublu və digərləri parlaq hərbi, siyasi, diplomatik qələbəmizdən əndişələniblər, dərdə, qəmə mübtəla olublar. Tibb elmi belə xəstələrin uzun müddətə ayaqda qalmasının çətin olduğu qənaətindədir.

İ.ƏLİYEV

Digər xəbərlər