PDF Oxu

Siyasət

  • 2 309

Güclü iqtisadiyyat, güclü dövlət, Qalib Lider TƏHLİL

Güclü iqtisadiyyat, güclü dövlət, Qalib Lider TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır”

“Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”.Bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində söyləyib.

Bəli, son illərin göstəricilərindən də məlum olduğu kimi, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyada nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirmişdir: "İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur».

GÜCLÜ DÖVLƏT, GÜCLÜ İQTİSADİYYAT VƏ SOSİAL RİFAH

Bugünkü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 20 illik tariximizi xarakterizə edən əsas amillərdir. Məhz bu uğurlu göstəricilər Prezident İlham Əliyev cənablarının "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası ilə Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində söyləyib ki, iqtisadiyyatımız 4 dəfədən çox artmışdır. Bu gün Azərbaycan tarixinin ən güclü, qüdrətli dövrünü yaşayır, Prezident İlham Əliyevin vurğuladığı kimi: "Müstəqilliyimiz heç bir zaman bu qədər möhkəm olmamışdır".

Bu gün dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi, ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, həqiqi lider olduğunu bir daha sübuta yetirmişdir. Bu gün bütün dünya Azərbaycan Prezidentini verdiyi sözlərə istisnasız əməl edən, sözü ilə əməlinin üst-üstə düşən, sözünün dəyərli və keçərli olduğunu görən böyük siyasi xadim kimi tanıyır..

Hələ 2003-cü ilin sentyabr ayında Azərbaycanın Baş naziri İlham Əliyev BMT Baş Assambleyasında 58-ci sessiyada çıxış etmiş, xüsusilə də Təhlükəsizlik Şurasının fəaliyyətindəki nöqsanları cəsur bir şəkildə dilə gətirərək BMT-nin yenidən strukturlaşmasında yeni reallıqların nəzərə alınmalı olduğunu bildirmişdir. 20 il bundan əvvəl dilə gətirilən fikirlər bu günün qlobal konfiqurasiyasında özünü doğruldaraq, BMT-nin fəaliyyətindəki disfunksional cəhətləri göstərir.

GÜCLÜ DÖVLƏT VƏ GÜCLÜ LİDERLİK BİZƏ ZƏFƏRİMİZİ YAŞATDI

Əlbəttə ki, güclü dövlət və güclü Liderlik bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Xalq-iqtidar birliyi, ordu quruculuğu burada önəmli faktor olduğunu qeyd etməliyik. Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğ"un yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Vurğulamaq yerinə düşər ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət region dövlətlərlə yanaşı, Avrasiya məkanında sülh və inkişafa yol açır. Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisə kimi əhəmiyyətə malikdir. Bu, türk dünyasını, Avropanı, eləcə də qonşu dövlətləri birləşdirəcək layihədir.Qətiyyətlə deyə bilərik ki, ötən 20 il ərizində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi yüksək imicə sahibdir.

"BİZİM MƏQSƏDİMİZ İQTİSADİ CƏHƏTDƏN GÜCLÜ, SİYASİ CƏHƏTDƏN MÜSTƏQİL DÖVLƏT QURMAQDIR"

"Əsl siyasət konkret, real iş görməkdir" – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. “Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır” – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır.Təkcə cari ilin ötən dövrünün reallıqlarına diqqət yetirsək, möhkəm təməlin uğurların davamlılığında rolunu aydın şəkildə görərik. Belə ki, iyulun 11-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Dövlətimizin başçısı onu da qeyd edib ki, iqtisadi və maliyyə imkanlarımızın genişliyi hər bir sahədə davamlı uğurlara nail olmaq üçün zəruri tədbirlərin görülməsinə stimul verir. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və digər amillər ilin ortasında büdcəyə yenidən baxmağa və dürüstləşmə aparmağa imkan verdi. Dövlətimizin başçısı hazırda büdcəmizin 36 milyard manatdan çox olduğunu xüsusi vurğulayaraq əlavə etdi ki, bu, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, həm azad edilmiş torpaqlarda geniş quruculuq işlərini aparmağa və həm də hərbi gücümüzü artırmağa imkanlar yaradır.

Hazırkı dövrün əsas hədəfi olan hərbi gücümüzün artırılmasına gəldikdə, Azərbaycan İkinci Qarabağ münaqişəsində 30 ilin işğalına son qoyub ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. “Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən hərbi qüdrətimizin artırılmasını xüsusi qeyd etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Ordumuz həm döyüş qabiliyyəti, həm də silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Dövlətimizin başçısı bir daha bildirdi ki, iki istiqamət üzrə - hərbi potensiala və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Bu siyasət ölkəmizin qüdrətini artırır. Çünki bu gün dünyada güc amili ön plandadır. Son üç ilin reallıqları bir daha təsdiqlədi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və bundan sonra belə cəhdlər də olmayacaq.

Bir sözlə, bu göstərilən reallıqlar bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir və bu gün Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqedədir. Və qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasında olmaqla, müstəqil, güclü iqtisadiyyata və maliyyə resurslarına malik, özünü təmin edən və mövqeyini müdafiə etməyi bacaran ölkədir. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının təsdiqidir.

Bax, budur müasir Azərbaycan həqiqətləri. Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və yuxarıda deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. Məhz, son illər ərzində görülən işlər, açılan istehsal müəssisələri bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafı təmin edir, ən əsası dünyaya yeni iqtisadi modeli nümayiş etdirir.

Bir sözlə, bütün bu reallıqlar birmənalı şəkildə onu deməyə əsas veriri ki, son 20 ildə yürütdüyü siyasətlə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Qalib Lider, Prezident İlham Əliyev ölkəmizi daha möhtəşəm qələbələrə, zəfərlərə doğru aparır və aparacaq! Çünki bizim 30 ildən sonra işğal olunan torpaqlarımızı öz sərkərdəliyi və qətiyyəti ilə azad edən, dövlətimizi qalib dövlət kimi dünyaya təqdim edən bir LİDERİ var.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər