Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Bu gün Ulu Öndərin irsini uğurla davam etdirən müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı bildirmişdir ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bugün MDB dövlətlərinin yerləşdiyi regionlar da digər regionlar kimi qlobal xarici təhdidlərə məruz qalır və bu istiqamətdə əməkdaşlıq və regional təhlükəsizliyin təmini istiqamətində operativ işin əhəmiyyətini vurğulayan İlham Əliyev Azərbaycan Respublikasının artıq daxili heç bir təhdidinin və münaqişəsinin olmadığına xüsusi diqqət çəkərək bildirmişdir ki, Erməni rəhbərliyinin təxribatçı, düşünülməmiş, o cümlədən hərbi xarakterli təxribat fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Rusiya Federasiyasının vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı. Əlbəttə ki, bu regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır.
Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Birləşmiş Millətlər Təşkilatı öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilmədi. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Beynəlxalq institutların iş prinsipləri dəyişilməlidir. Münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır.Bu gün regionda təhlükəsizliyin təminində Azərbaycan Respublikası açar mövqedədir. Cənab Prezident bu sahədə Azərbaycanın hər zaman sülhə, münasibətlərin normallaşdırılmasına hazır olduğunu bildirmişdir. Belə ki, cənab Prezident iclas iştirakçılarına Azərbaycan Respublikasının mövqeyini açıqca bildirmiş və Azərbaycan ilə Ermənistanın münasibətlərinin normallaşdırılmasında vasitəçilik xidmətləri ilə bağlı təklifləri ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcəyini bildirmişdir.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri