2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına səs verən xalqımız yanılmadı. Çünki Ulu Öndər “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm, – deyə canından çox sevdiyi xalqına dəyərli bir davamçı qoyub getdi.15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu müstəsna və həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir.2020-ci ilin böyük zəfərlə bitən 44 günlük müharibəsi ilə Şuşaya qayıda bildik. Bu ecazkar və möcüzə şəhəri Azərbaycan Ordusunun əsgərləri elə inanılası mümkün olmayan möcüzə ilə də azad etdilər. Yüngül silahlarla dağları, qayaları dırmaşıb, ermənilərin çoxsaylı qüvvəsinə və ağır texnikasına qarşı ölüm-dirim savaşı apararaq, Qalanı geri aldılar.Bu, təkcə Azərbaycanın deyil, dünya hərb tarixinin möcüzələrindən biri idi və təsadüfi deyil ki, ABŞ da daxil olmaqla, dünyanın ən qüdrətli ordularında Azərbaycan Ordusunun Şuşa hücumu və bu alınmaz qalanı şəhərə heç bir ziyan vermədən ələ keçirməyi bacarması tədris edilir, öyrənilir.Azərbaycan əsgəri canından artıq sevdiyi Şuşaya zərər vermədən geri aldı və bu qələbə ilə düşmənin bütün müqaviməti məhv oldu, qırıldı və Ermənistan kapitulyasiyaya imza atdı. Çünki Şuşanın alınması artıq Azərbaycan Ordusunun, onun Ali Baş Komandanının hansı qüdrət və güc sahibi olduğunun bariz nümanəsi idi.
Prezident İlham Əliyev onillərlə müzakirə edilən “status”u məhv etdi, Azərbaycan Respublikasının unitarlığını bütün dünyaya bəyan etdi.Bu böyük qələbədən sonra Xankəndi və Xocalı da daxil olmaqla, bəzi ərazilərdə rus sülhməramlıların yerləşdirilməsindən sui-istifadə edən ermənilərin getdikcə artan iddiaları, Zəfərimizə kölgə salmaq istəkləri, hətta “müstəqillik” iddialarını davam etdirmələri, ərazimizdən min kilometrlərlə uzaqda olan güclərə, o cümlədən Rusiyaya arxalanıb, yeni bir münaqişə ocağı yaratmaq və yaxud artıq həll edilmiş münaqişəni “qoruyub saxlamaq” cəhdləri azalmadı. Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı olmaqla yanaşı həm də bölgədə sülh təşəbbüslərinin ana müəllifi olub. Regionda mövcud olan məsələlərin bilavasitə bu regiona aid olan ölkələrin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Oktyabrın 8-ə Gürcüstana işgüzar səfər edən cənab Prezident Tbilisidə bir daha Cənubi Qafqazda olan problemlərin elə bu regiondaca həll olunmasının vacibliyini bəyan etdi. İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesində Gürcüstanın vasitəçi qismində iştirakının daha arzuolunanlığını və tarixi əsasa malik olduğunu ifadə etdi. Azərbaycan dövləti regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın da iqtisadi inkişafın və sülhün bir hissəsi olmasına razıdır. Dövlət başçımızın dediyi kimi sadəcə bunun üçün hazırda mövcud olan tarixi fürsətdən yararlanmaq və iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Sülh müqaviləsinin imzalanması yalnız Azərbaycan və Ermənistan üçün müsbət əhəmiyyətə malik olmayacaq, eyni zamanda bütövlükdə uzun illər münaqişələrin hökm sürdüyü Cənubi Qafqaz regionunun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi üçün son dərəcə mühüm tarixi fürsət verir.
19-20 sentyabr keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan maksimum dərəcədə humanizm nümayiş etdirmişdir. Belə ki, mülki əhaliyə, infrastruktur obyektlərinə ziyan vurulmamış, yalnız hərbi obyektlər, qanunsuz silahlılar məhv edilmişdir. Təbii ki, bu Azərbaycan ordusunun həm şəxsi heyyətinin, həm də texniki baxımdan yüksək peşəkarlığı nəticəsində mümkün olmuşdur. Bu ordu öz peşəkarlığını 44 günlük müharibədə də göstərmişdir. Bu əməliyyatlarda da mülki əhaliyə faktiki olaraq ziyan dəyməmişdir. Ancaq legitim hərbi obyektlər məhv edilmişdir. Bu özünü ancaq peşəkar şəkildə aparmaq deyil, həm də beynəlxalq humanitar hüququn prinsiplərinə tam şəkildə əməl etmək deməkdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın hədəfində mülki erməni vətəndaşları yoxdur.
Nicat İsmayılov
YAP Yasamal rayon "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri