PDF Oxu

Siyasət

  • 2 519

İşgüzar əlaqələrdə əlverişli platforma TƏHLİL

İşgüzar əlaqələrdə əlverişli platforma TƏHLİL

Prezident İlham Əliyev: "Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır"

Bakıda növbəti 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisi işə başlayıb. "Ötən illərin təcrübəsi göstərir ki, belə sərgilərin təşkili işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası, regional sülh və davamlı inkişaf məqsədinin reallaşması baxımından faydalı olmuşdur. Şübhəsiz ki, bugünkü Sərgi də gələcək biznes layihələrinin gerçəkləşdirilməsi üçün mühüm fürsətlər yaradacaqdır." Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" ‒ "Rebuild Karabakh" Sərgisinin iştirakçılarına müraciətində yer alıb. Sərginin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf etməsinin vurğulandığı müraciətdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin ərazi bütövlüyünün təmin edilməsində və müstəqil inkişafında misilsiz xidmətləri olduğu diqqətə çəkilib: "Ümummilli Lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu Öndər həmin ərazilərin iqtisadi-mədəni inkişafı və həyat səviyyəsinin davamlı yaxşılaşması naminə xüsusi səy göstərmişdir. Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar".

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARININ İNKİŞAFINA YÖNƏLDİLƏN İNVESTİSİYALARIN ÜMUMİ HƏCMİ 1,76 MİLYARD MANAT TƏŞKİL EDİB

Qeyd edək ki, Rebuild Karabakh ilk dəfə ənənəvi Xəzər İnşaat Həftəsinin bir hissəsi olaraq 20–22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmişdir. Üç gün ərzində Xəzər İnşaat Həftəsinə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış olmuşdular. İnşaat Həftəsində dünyanın 17 ölkəsindən 300-dən çox şirkət iştirak edirdi. Hazırda işğaldan azad edilmiş ərazilərdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. 2022-ci ilin birinci yarısında əsas kapitala -binaların, infrastrukturun, sənaye obyektlərinin tikintisi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına yönəldilən investisiyaların ümumi həcmi 1,76 milyard manat təşkil edib. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı "Rebuild Karabakh", 28-ci Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild" və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu "Aquatherm Baku" sərgiləri təşkil edir. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic" sərgisi baş tutub.
İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyədən ümumilikdə 390-dən çox şirkət yer alıb. Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunur.

SƏRGİNİN SATIŞINDAN ƏLDƏ OLUNAN GƏLİRİN BİR QİSMİ QARABAĞ DİRÇƏLİŞ FONDUNA İANƏ EDİLİR

Qeyd etmək lazımdır ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri "Rebuild Karabakh 2021" sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də 2022-ci ildə sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir və 2023-cü ildə də hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürüləcəkdir.

"TORPAQLARIN ƏZƏLİ SAHİBLƏRİ SÜLH ŞƏRAİTİNDƏ ƏBƏDİ YAŞAMAQ ÜÇÜN DOĞMA YURDLARINA QAYIDIRLAR"

"Rebuild Karabakh" sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil edilib.
Bakı Ekspo Mərkəzində Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informativ stend, "Qarabağ - xalçaçılıq diyarı" guşəsində isə milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunur.
Xəzər İnşaat Həftəsinin işgüzar proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B) və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
"Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar. Həmin ərazilərdə uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir. …Əminəm ki, "Rebuild Karabakh" Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır", - Prezident müraciətində bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər