Beləliklə, Azərbaycan artıq Qarabağ daxil, bütün ərazi üzərində suverenliyini təmin edib. Düzdür, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi məsələsi də gündəmdən çıxmayıb, lakin bu problem də həll olunmaq üzrədir. Fakt isə budur ki, prosesləri təmin edən bir çox şərtlər artıq yetişmişdi.
Bu vaxta qədər isə qarşı tərəf, yəni Ermənistan guya özünü "sındırmayaraq" zaman-zaman müəyyən “şərtlər” irəli sürür, hətta bəlli proseslərlə bağlı güzəştli həlli qəbul etmirdi. Üstəlik, Ermənistan hökuməti Qarabağın erməni əhalisinin maraqlarını nəzərə alan təkliflərdən belə imtina edirdi.
Nəticə göz qabağındadır
Politoloq Zərdüşt Əlizadə mətbuata açıqlamasında xatırladıb ki, Azərbaycan Ermənistandan ərazisində saxladığı silahlıları çıxartmağı tələb edirdi: “Çünki belə olan halda Qarabağda yenidən hər hansı hərbi əməliyyatlar olmayacaqdı. Oradakı qanunsuz silahlılar ərazidən çıxdıqdan sonra danışıqlar başlayacaqdı. Bunun nəticəsində orada yaşamaq istəyində olan ermənilər üçün də təkliflər gündəmə gələcəkdi. Amma bunların heç biri baş vermədi. Ermənistan bütün bunlara qarşı çıxdı və nəticə göz önündədir”.
Buradan müəyyən təlaşla çıxmış ermənilər də zaman etibarı ilə geri qayıdacaq
Zərdüşt Əlizadə hesab edir ki, ermənilər bir günlük antiterror tədbirlərindən sonra reallığın tamam başqa cür olduğunu nəhayət ki, anladılar. Bunun ardınca Ermənistandan Qarabağda yaşayan ermənilərə tapşırıldı ki, ərazini tərk etsinlər. "Əslində, bu amil erməni tərəfinin mədəni siyasətin nə olduğunu anlamadığını göstərən faktdır”, - deyən politoloq Azərbaycanın suveren ərazisində özünün Konstitusiya hüquqlarını təmin etdiyini bildirib: “Bu gün Xankəndidə və digər ərazilərdə inzibatı orqanlar yerləşib. Xankəndi həmişə Azərbaycanın olub. Sadəcə olaraq, Xankəndiyə qarşı erməni iddiaları olub, Azərbaycan isə bunları rədd edib. Vaxtilə Xankəndidə Azərbaycan SSR-nin bayrağı dalğalanırdı. Buradan müəyyən təlaşla çıxmış ermənilər də zaman etibarı ilə geri qayıdacaq. Çıxıb getmiş ermənilərin buradakı əmlakı qorunur. Zaman getdikcə, ermənilər hissə-hissə geri qayıdacaq. Kimsə gəlib burada evini satıb gedə də bilər. Amma qalanlar çox olacaq”.
Erməni deputatı: "Söhbət 100 milyard dollarlıq təzminatdan gedir”
Bu arada Ermənistan parlamentinin "Hayastan" fraksiyasının təmsilçisi Armen Rustamyan ölkəsinin mediasına verdiyi müsahibəsində iddia edib ki, ilin sonuna qədər sülh sazişi imzalana bilər, lakin bu, sülh xarakterli olmayacaq.
O digər iddiasında qeyd edib ki, Azərbaycan Ermənistandan yeni güzəştlər, xüsusən də, Bakının şərtləri ilə sərhədin delimitasiyası və demarkasiyası, Azərbaycan SSR-in Ermənistan ərazisindəki anklavlarının verilməsini tələb edəcək: “Anklavların verilməsi Ermənistan tərəfinin strateji əhəmiyyətli yollara nəzarət etməsini məhdudlaşdıracaq. İrəvanın bu marşrut üzərində nəzarət səviyyəsinin aşağı salınması ilə Naxçıvan muxtariyyəti ilə quru əlaqəsinin təmin edilməsi, Qarabağ münaqişəsi başlamazdan əvvəl respublikada yaşayan azərbaycanlıların Ermənistana qaytarılması da tələb ediləcək".
Onun sözlərinə görə, bundan əlavə, Bakı İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından Ermənistanı işğalçı kimi qələmə vermək və təzminat məsələsini gündəmə gətirmək üçün əsas kimi istifadə edə bilər. "Söhbət 100 milyard dollarlıq təzminatdan gedir”, - deyə erməni fraksiyaçı bildirib.
Afət Tahirqızı