PDF Oxu

Siyasət

  • 2 658

Güclü zəmin üzərində qurulmuş dövlətimiz haqq yolundan irəliləyir ŞƏRH

Güclü zəmin üzərində qurulmuş dövlətimiz haqq yolundan irəliləyir ŞƏRH

2023-cü il Azərbaycanın müasir tarixində xüsusi yer tutdu. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün tamamlanması oldu. Sentyabr ayında keçirilən antiterror əməliyyatı Qarabağda separatçı qüvvələrə ağır zərbə vuraraq regionun təhlükəsizliyini təmin etdi. Mülki əhalinin təhlükəsizliyinə həssas yanaşan hərbi qüvvələrimiz xalqımızın fərqini nümayiş etdirdi. 30 il öncə xalqımıza qarşı törədilən hərbi cinayətlərə, soyqırımılara, işgəncələrə rəğmən Qarabağın erməni icmasının Azərbaycanı tərk etməsinə imkan yaradıldı. Bu, bir daha Azərbaycan Respublikasının tolerantlıq nümunəsi olduğunu göstərdi.

Sentyabrın 15-də Prezident İlham Əliyev tarixi Azərbaycan şəhəri Xankəndidən Azərbaycan xalqının sülhsevərliyi haqqında bu fikirləri söylədi: “Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər.” Ölkəmizin Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Azərbaycan bu qədər ard-arda qələbələr qazanmamış və Qarabağ regionunda bu qədər üstünlük əldə etməmişdi. Bu Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. 1805-ci ildən Qarabağda başlayan əsarətə, etnik təmizləməyə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu son qoydu. İsbat edildi ki, Qarabağ Azərbaycandır.

Məlum məsələdir ki, regionda hərbi-siyasi üstünlük əldə etmək üçün strategiya qurulmalı və əhəmiyyətli zəmin yaradılmalı idi. Əsası xalqımızın lideri Heydər Əliyev tərəfindən qoyulmuş güclü iqtisadi, siyasi, hərbi, ideoloji zəmin üzərində ölkə prezidenti cənab İlham Əliyev tərəfindən eyni siyasi kursun yüksələn xətlə davam etdirilməsi bu gün Qarabağda tarixi ədalətin bərpasına gətirib çıxarmışdır. Cənab İlham Əliyevin təbirincə desək, “Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.”

Bu gün Qarabağ tarixinin ən parlaq dövrünü yaşayır. Azərbaycan Respublikası Cənubi Qafqazın öncül dövlətidir. Son üç ildə hərbi qarşıdurma fonunda Qarabağda quruculuq-bərpa işləri intensivliyi, masştabı, maliyyə və texniki həcmi ilə tariximizin ən böyük layihəsidir. Bu baxımdan, Azərbaycanın müasir tarixinin yeni bir səhifəsinin, hətta belə demək mümkündürsə, yeni erasının başlanğıcındayıq. Böyük qayıdış başlamışdır. Qarabağ bölgəsi iqtisadi, sosial, mədəni dirçəliş dövrünü yaşayır. Təsadüfi deyil ki, beynəlxalq əhəmiyyətli tədbirlər məhz Şuşada, Zəngilanda və digər rayonlarda keçirilir. Tolerant bir cəmiyyət nümunəsi olan respublikanın sülhün təminatçısı olaraq çıxış etməsi hər zaman Cənubi Qafqazda təhlükəsizliyə zəmanət verir. Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. Böyük Qayıdış yolunda əmin addımlar atır. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər