Hər bir ölkə vətəndaşı şüurlu şəkildə dərk edir ki, Qarabağ illərlə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad edildi. Dünyagörüşündən, təhsilindən, məşğuliyyətindən asılı olmayaraq hər kəsə o da gün kimi aydındır ki, Qarabağ birdən-birə işğaldan azad edilə bilməzdi, buna zaman lazım idi.
Düşünürəm ki, ölkədə Əli Kərimli və onun kimi 2-3 nəfərdən başqa hər kəs bunu belə düşünür. Çünki bu, uzaq keçmiş deyil ki, Əli Kərimli insanlara moizə oxuya: 30 il əvvəl nə olub, 30 ildəki 10 ildə nə olub, 20 ildə nə olub. Bu, cəmi 30 illik bir tarixdir. Bu tarixi də biz orta yaş qrupunda olanların hər biri yaşamışıq. Hər ilinə, hər gününə, hər anına şahid olmuşuq.
Əli Kərimlinin sözü bitib, ta bilmir nəyin ucundan, qulpundan yapışsın. Gündəmdə qalmaq üçün ağlına gələni danışır: Qarabağın azad olunması həqiqətənmi məqsədyönlü siyasətin nəticəsidir, yoxsa beynəlxalq şərtlərin dəyişməsi bu hərbi uğura əsas yaradıb?
Çox gülüncdür
Həqiqətən, çox gülüncdür. Böyük bir Zəfərin fonunda bu cür lüzumsuz söhbəti etmək həqiqətən utandırıcıdır. Əli Kərimli kimə verir bu sualı, kimdən cavab almaq istəyir. Axı haqqında danışdığı 30 ili ölkə vətəndaşları burada-Azərbaycanda yaşayıb, xaricə qaçan, gizlənən olmayıb aramızda. Qəflət yuxusuna getməmişdik, ölkədə baş verən hadisələri izləyə-izləyə, yaşaya-yaşaya 30 ilin əvvəlindən gəlib 30 ilin sonuna çatmışıq.
Lakin bütün bu danışılanlar uşağı yuxuya vermək üçün uydurulan nağıllara bənzəyir. Odur ki, elə uşaqlarımızın bilməsi üçün Əli Kərimli nağılına münasibət bildirmək istədim. Çünki onlar həmin dövrləri görməyib. Biz görmüşük, gənc nəsli də biz məlumatlandırmalıyıq.
Gənc nəslə
Azərbaycan 30 il öncə sovet imperiyasının itaət zəncirlərində inləyən 15 müttəfiqdən biri idi. Ölkə iqtisadiyyatı 70 il elə sistemləşdirilmişdi ki, bizim kimi, o da müstəqil deyildi, asılı idi. Elə 30 ilin əvvəlində imperiyanın buxovundan canımızı qurtarıb müstəqil olmaq istədiyimiz zamanda ölkə güclü iqtisadi sarsıntı ilə üz-üzə qaldı. Biz çörək tapmırdıq, evlərimiz buz kimi olurdu. Günlərimiz çörək, ərzaq növbələrində keçirdi. Çıraq işığında oturmalı olurduq.
Elə bu vaxtlar Əli Kərimli sələfləri hakimiyyətə gəldi. Düzdür, hakimiyyətləri qısa bir zamanı əhatə etdi, çünki bacarmadılar. Azərbaycan tarixində hələ belə gülünc hakimiyyət olmamışdı. Elə torpaqlarımızın da başına nə gəldisə, həmin vaxt gəldi. Satılan satıldı, vədi verilən verildi. Sonrakı illərdə bir-bir işğal olundular. Çünki onların işğalı üçün səmərəli şərait yaradılmışdı.
Hakimiyyətdə hakimiyyətsizlik
1990-cı ildə ölkə hakimiyyətində, sözün həqiqi mənasında, hakimiyyətsizlik hökm sürürdü. Özbaşınalıq o yerə gəlib çatdı ki, Azərbaycandan ürəyidağlı olan sovet ordusu Bakıya girib 20 Yanvar hadisəsini törətdi. Kim idi onlara qapıları açan? Kim idi sovet imperiyasının başına sığal çəkən? Hakimiyyət üçün xalqını qırğına verən?
Bəs o şəxs kim idi ki, məhz 20 Yanvar hadisəsindən sonra Moskvada tutduğu yüksək vəzifədən istefa verib Vətənə qayıdan? Kim idi? Ümummilli Lider Heydər Əliyev idi. Bəs Ulu Öndərin Bakıya gəlməsini, Onun olduğu təyyarənin Bakıya enməsini əngəlləyən kim idi?
Əli Kərimli, o zaman kim bilərdi ki, Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gələcək, Prezident olacaq? Kimlərinsə satdığı torpaqların nə üçün 10 ildə geri qaytarılmadığı bu gün sizin müzakirə mövzunuz olacaq. Bəs siz bir siyasətçi olaraq Azərbaycanın fəxri, ağsaqqalı olan bu şəxsiyyəti Bakıya gəlməyə qoymayanlar haqqında nə yaxşı müzakirə aparmadınız? Nə üçün bu hərəkəti törədənləri heç ittiham etmədiniz?
Arxiv var, orada yazılı tarix var
Ulu Öndər Naxçıvana getməli, orada işləməli olanda, naxçıvanlıları aclıq və səfalətdən öz şəxsi nüfuzu ilə xilas edəndə, Türkiyə və İranla bununla bağlı danışıqlar aparanda nə yaxşı bu barədə bir dəfə söhbət açmadınız? Azərbaycanın böyük bir hissəsinə-Naxçıvana rəhbərlik edən şəxsiyyət qonşu ölkələrə üz tutub insanları sadəcə çörəklə təmin etmək üçün xahiş edirdi.
Sizin sələfləriniz nə edirdi? Onun Naxçıvanda həyatını təhdid etməyə başlamışdılar. Bütün bunlar faktdır. Həm də yazılı faktdır. Naxçıvanda “Şərq qapısı” qəzeti nəşr olunur. Onun arxivindədir bu faktların hər biri. Naxçıvan blokadasını araşdıran bir jurnalist kimi bunların hər birinə o qəzetin səhifələrində rast gəlmişəm.
Əli Kərimli, Azərbaycan 90-cı illərdə yenicə müharibədən çıxmış bir ölkə idi. Sayənizdə minlərlə şəhid vermişdi. Ordusu belə yox idi bu dövlətin. 70 il ərzində azərbaycanlı oğullar Rusiyaya əsgəri xidmətə gedirdi, onlar fəhlə batalyonlarına salınırdı. Nə üçün, bilirsinizmi? Bilməmiş olmazsınız.
İlk ordu Ulu Öndər tərəfindən Naxçıvanda yaradılmağa başlanmışdı. O da Naxçıvanı ermənilərdən müdafiə edirdi. Yoxsa indi siz Qarabağ azad olunandan sonra deyirdiniz ki, bəs Naxçıvan?
Niyə illərlə heç onu bicə dəfə də müzakirə etmədiniz ki, 1991-ci ildə müstəqilliyni elan etməsinə baxmayaraq ölkədə SSRİ-nin tərkibində qalmaq üçün referendum keçirilirdi, lakin bunu Ulu Öndər Heydər Əliyev rədd etmişdi, Naxçıvan bunun əleyhinə çıxmışdı.
Çörək növbəsindən müharibəyəmi?
1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldi. Həm də xalqın təkidi ilə. Xalq gördü ki, sizlərdən onlara haray yoxdur, üz tutdu bir vaxt sizin Bakıya gəlməsinə əngəl yaratdığınız, bu səbəbdən də doğulduğu torpağa gedən Heydər Əliyevə. Heydər Əliyev bu xalq üçün hakimiyyətə gəldi. Bu xalqı xilas etmək üçün. Yoxsa ermənilər havadarlarının dəstəyi ilə Bakıya qədər gəlib çıxacaqdılar.
Heydər Əliyev hakimiyyətə gələndə ölkədə vəziyyət necə idi ki, hələ üstəlik bir torpaqları da ala bilərdik. Əhalisi çörək növbələrində, ərzaq talonu əllərində mağazaların qarşısında sıraya düzülən, iqtisadiyyatı süqut etmiş, ordusu olmayan bir ölkə özünü müdafiəyə, torpaq azad etməyə necə başlaya bilərdi? Axı bütün bunları bir siyasətçi kimi siz yaxşı bilirsiniz. Bəs nə üçün əsassız söhbətlər açıb ürək bulandırırsınız?
Ulu Öndər dağılmış, məhv olmuş Azərbaycanın qalıqları üzərində yeni bir Azərbaycan qurmağa başladı. Axı bunları gözlərimizlə görmüşük, saatbasaat, anbaan yaşamışıq. Biz 1993-2003-cü illər ərzində necə müharibə edə bilərdik? Hələ 1994-cü ildə neft kontraktı yenicə bağlanmışdı. Bunun bəhrəsi olmadan biz necə müharibə edərdik? Hansı gücümüzlə, hansı ordumuzla?.. Edərdik, bəlkə də, lakin böyük itkilərlə. Çünki ordumuz, silah-sursatımız yox idi. Ermənistanın arxasında kimlərin durduğu, ermənilərin Qarabağda 13 ildə yığdığı texnika, yaratdığı beton istehkamlar isə axı sizə də məlumdur.
Ulu Öndər bütün hakimiyyəti boyu “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” dedi, bunun üçün ilkin addımları atdı, lakin ömür öz əlimizdə deyil ki...
Məqsədyönlü siyasət
2003-cü ildə cənab İlham Əliyev ölkə başçısı seçildi. Qarabağın azad edilməsi həm bir ata vəsiyyəti, həm də fəaliyyətin məqsədi olaraq ortaya qoyuldu. İllərlə bu sahədə işlər aparıldı. İllərlə Prezidentin xalqa bütün müraciətlərində, beynəlxalq tribunalardan etdiyi çıxışlarda, hətta doğum gününü məcburi köçkünlərlə, şəhid ailələri ilə qeyd edərkən onlarla söhbətlərində Qarabağın azad ediləcəyindən, sülh yolu ilə qaytarılmasına çalışdığından bəhs etdiyini eşitdik. Dünyanı ilahi ədalətə çağırdı. Və onu da dəfələrlə dedi ki, Qarabağ sülh yolu ilə azad olunmasa, onu hərb yolu ilə azad edəcəyik.
Müharibə etmək heç də asan deyil, Əli Kərimli. Müharibə ya qələbə, ya da uduzmaq deməkdir. Hələ üstəlik müharibəni başlayan dövlət olaraq məsuliyyət daha artıq olur. Çünki başladığın müharibənin nəticəsi uduzmaq olarsa, bu nə deməkdir, anlayırsınızmı?
Dünyada nüfuz sahibi olarsansa, müharibəni qazana bilərsən, qonşu dövlətlərlə münasibət yarada bilərsənsə, uğur sənin ola bilər. Axı siz bunları bilməmiş deyilsiniz. Bəs bu münasibətləri yaratmaq üçün illərə ehtiyac yox idi? Yenəmi uduzmağımızı, minlərlə itki verib, əvəzində torpaqlarımızı geri ala bilməməyimizi istəyirdiniz? Belə deyilsə, 20 ilin o başında, yaxud da bu başında Qarabağın azad olunmasından danışmağı necə özünüzə rəva bilirsiniz?
Hərbi uğura səbəb kimi izahını belə verə bilmədiyiniz beynəlxalq şərtlərin dəyişməsini qeyd edirsiniz. Biz müstəqil dövlətik, dünyada da nüfuzumuz var. Bu ölkənin sərvətləri hər bir dünya dövlətini bizimlə dost münasibətdə qalmağa vadar edir. Biz hər hansı daxili məsələmizi onlarla məsləhətləşmirik.
Yaxşı ataların yaxşı övladları
Əli Kərimli, yaxşı ataların yaxşı oğulları olur, bilirsinizmi? Yaxşı atalar Vətənin dar günündə övladlarını xaricə qaçırmır, ölkənin taleyini həll etməyi ona həvalə edir. Ulu Öndər də özünün dediyi kimi, başa çatdıra bilmədiyi işləri mənəvi varisinə həvalə etdi. Nəticə isə göz önündədir. Azərbaycan xalqı Zəfər əldə edib. Namus və şərəf məsələsini həll edib. Ta Qarabağdan söz düşəndə başımızı aşağı dikmirik. Düzdür, siz bu Zəfərin yalnız əsgər və zabitlərimizə məxsus olduğunu deyirsiniz. Söz yox, əlbəttə, Prezidentimizin də vurğuladığı kimi, Qarabağ Zəfərini Azərbaycan xalqlı, əsgər və zabitləri qazanıb. Lakin gəlin bir məsələni də unutmayaq ki, tarixdə sərkərdəsiz ordunun olması görülməyib.
Cümhuriyyət dövründən başlayın
Əli Kərimli, siz ki, belə torpaq qədri bilənsiniz, Qarabağın azadlığının 20 ilin əvvəlində olmalı olduğunu düşünənsiniz, onda siz bir qayıdın ən azından cümhuriyyət dövrünə. O vaxtdan bəri ermənilərə verilən, hədiyyə olunan torpaqların kimlə bağlı olduğunu da müzakirə edin, onları ittiham edin. Onda deyək ki, hə, bu insanlar həqiqətən də torpaq sevdalılarıdır. Hansı ki, o torpaqların verilməsi ilə Naxçıvan illərdir ki, blokada şəraitində yaşayır. Dövlətimizin başçısı isə bu gün o yolun açılması üçün mübarizə aparır. O torpaqların vaxtilə itirilməsi Qarabağ probleminin yaranmasına səbəb olub.
Nə üçün məhz 30 il? Nə üçün bütün müzakirələriniz 30 il üzərində qurulub? Çünki bu 30 il sizin o gözünüz qalan hakimiyyət illəri ilə yaşıddır. Siz təbii ki, 270 ildən artıq bir dövrdə Azərbaycanda torpaq geri almaq məsələsindən deyil, məhz bu 30 ildən yapışacaqsınız. Çünki siz 30 il əvvəl hakimiyyətdən qoparıb tarixin arxivinə atılmısınız. Bacarmadınız, bunu nə üçün etiraf etmək istəmirsiniz? Bu xalqın sizinlə düşmənçiliyi yox idi ki... Görsə idi ki, siz ölkəni idarə edə bilirsiniz, xoşhal olardı.
Nə yaxşı ki, bütün bunlar gözlərimiz önündə yaşanıb. Yoxsa bu günün gəncləri, uşaqları kimi deyərdik ki, görəsən bunlar nə danışır? Doğru nədir, yalan nə?
Elə həmin gənc və uşaqların xətrinə də səhərdən bəri danışmalı oldum ki, onlar tarixi düzgün anlaya, doğru qiymət verə bilsinlər. Sizə isə sözümün sonunda onu demək istəyirəm ki, hər hansı bir sərkərdə qarşısına məqsəd qoymasa, ona nail ola bilməz. Bu müharibə, Zəfər bəxtəbəxt söhbəti deyil, siyasətdir.
Mətanət Məmmədova