PDF Oxu

Siyasət

  • 1 727

Bakı yenə də diqqət mərkəzində - Azərbaycan qadınlarının VI qurultayı keçirilib TƏHLİL

Bakı yenə də diqqət mərkəzində - Azərbaycan qadınlarının VI qurultayı keçirilib TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir”

Dünən Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. Qeyd edək ki, ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Qurultayın iştirakçılarına ünvanladığı müraciətini oxuyub. Prezident İlham Əliyevin Bakıda keçirilən Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciətində qeyd olunub ki, qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir: «Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir».

QADINLARIMIZ BÖYÜK QAYIDIŞLA BAĞLI LAYİHƏLƏRİN FƏAL İŞTİRAKÇILARIDIR

"Azərbaycan öz tarixinin taleyüklü hadisələrlə zəngin, çox şərəfli bir dövrünü yaşayır". Bu, Prezident İlham Əliyevin Azərbaycan qadınlarının VI qurultayının iştirakçılarına müraciətində əksini tapıb. «İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışla bağlı hazırda genişmiqyaslı müxtəlif layihələr icra olunmaqdadır. Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımız bu nəhəng quruculuq işlərinin fəal iştirakçılarıdır», - Prezident qeyd edib. Dövlətimizin başçısı bir daha əminliklə müraciətində vurğulayıb ki, qurultayda aktual məsələlər müzakirə ediləcək və ölkəmizdə qadın hərəkatını milli prioritetlərdən irəli gələn vəzifələrin layiqincə həllinə istiqamətləndirəcəkdir: «Əminəm ki, qurultayınız aktual mövzulardakı ətraflı müzakirələri və dəyərli tövsiyələri ilə faydalı platforma rolunu oynayaraq, ölkəmizdə qadın hərəkatını milli prioritetlərdən irəli gələn vəzifələrin layiqincə həllinə istiqamətləndirəcəkdir».

AZƏRBAYCAN QADINI XALQIMIZIN ADINI HƏMİŞƏ UCA TUTUB

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə, onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, kəşməkəşli mübarizə yoluna nəzər salınıb, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilib. 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilib. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapıb. Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir.

“Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir”, - deyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, Heydər Əliyev siyasəti ardıcıl həyata keçirilir. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

MEHRİBAN XANIM ƏLİYEVA AZƏRBAYCAN QADINLARINA ÖRNƏKDİR

Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Azərbaycanın siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrdə öz sözünü demiş qadınlar xüsusilə XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib.

Söylənilənlərin fonunda xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti bir nümunədir. Mehriban xanım öz genişmiyaslı və səmərəli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Bu gün Mehriban xanım Əliyeva Azərbaycan qadın hərəkatının önündə gedərək beynəlxalq təşkilatlarda xanımlarımızı ləyaqətlə təmsil edir. Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübutdur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu və genişmiqyaslı fəaliyyəti ölkəmizin inkişafı, iqtisadi qüdrətinin artırılması, vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Son illər ərzində Azərbaycan Respublikası hərbi sahədə daha da güclənməsi ilə tarixə düşdü və bunun bariz nümunəsi torpaqlarımızın işğaldan azad edilməsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı. Birinci vitse-prezident, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətə başladığı ilk gündən döyüşlərdə sağlamlığını itirən hərbçilərin, şəhid ailələrinin, eləcə də aztəminatlı ailələrin yanında oldu. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin humanizm simvolu olaraq, şəhid analarını bağrına basdı, dərdlərinə şərik oldu, döyüşdə yaralananlarla görüşdü, sağlamlığını itirən hərbçilərə ürək-dirək verdi, onlara mənən dəstək oldu. Mehriban xanımın köməyi ilə müharibə iştirakçıları, döyüşlərdə sağlamlığını itirən Vətən övladları xarici ölkələrin xəstəxanalarında müalicə aldı, eləcə də reabilitasiya üçün Türkiyə Respublikasına göndərildi, protezlərlə təmin edildi. Həmçinin bu gün də Heydər Əliyev Fondunun köməkliyi ilə müharibə əlillərinin zəruri ehtiyacları ödənilir, onlar dərman vasitələri ilə təmin edilirlər.

Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanistliyinin göstəricisidir. İnanırıq ki, Azərbaycanın ən ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilən, Azərbaycan qadınının müsbət keyfiyyətlərini özündə ehtiva edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin silahdaşı olaraq dövlətimizin inkişaf edərək daha da qüdrətlənməsi istiqamətində əzmlə, uğurla çalışacaqdır.

Qeyd edək ki, Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 ili münasibətilə təşkil edilən tdbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edir. Azərbaycan Qadınlarının VI Qurultayında “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə müzakirələr aparılıb. Tədbirdə iştirak edən Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri, görkəmli ictimai-siyasi xadimlər çıxış edərək panel mövzular ətrafında fikir və təkliflərini bildiriblər.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər