PDF Oxu

Siyasət

  • 1 942

Verilən vəd, yetişən zaman TƏHLİL

Verilən vəd, yetişən zaman TƏHLİL

"Mənim yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib. Həmin gün yetişdi. Zəfər qazanan Azərbaycan Qarabağımızda, Şərqi Zəngəzurda böyük quruculuq işlərini davam etdirir. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kəndi müasir məkana çevirir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə səfərləri zamanı görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Tamamilə yeni bir dövr yaşanılır və bu torpaqların əzəli sakinlərinin işğaldan azad edilmiş torpaqlara mərhələ-mərhələ qayıdışı böyük canlanmaya səbəb olub. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idisə, bün artıq bu istiqamətdə aparılan işlərin məntiqi olaraq köç karvanları digər ərazilərimizə mərhələli olaraq də yol alırlar. Ağalı, Talış kəndi, sonra isə Laçın, Füzuli…

"GÖRÜN BİZİM HƏM HƏRBİ, HƏM SİYASİ MÜSTƏVİDƏ NƏ QƏDƏR BÖYÜK UĞURLARIMIZ VAR"

Son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur. Qazandığımız bu Zəfərdən üç il ötsə də hərb tarixində yeni səhifə açmış 44 günlük Vətən müharibəsindən ölkəmizdə, eləcə də dünya ölkələrində hələ də danışılır, müzakirələr aparılır. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Xalq-Dövlət-Ordu birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünya gördü. Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələri hələ uzun müddət təhlil ediləcəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yürütdüyü güclü daxili və xarici siyasət, Preazident kimi fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər, qazandığımız qələbəni şərtləndirən başlıca amillər sırasındadır. Məlumdur ki, 1 dekabr 2020-ci il tarixində Laçın işğaldan azad olundu. Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdir: "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident qeyd etmişdir ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: "Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq". Vurğulayaq ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə Bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edildi. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bildiyimiz kimi, Ermənistan tərəfindən Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir, - deyən Prezident vurğulayıb ki, biz 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq: "Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var".
Laçın işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqlara göndərilməsi əsas məsələrdən biridir. Təbii ki, işğldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. "…hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq" – deyə Azərbaycan Prezidenti qeyd etmişdir.

"VƏHŞİ DÜŞMƏN BİZİM MEŞƏLƏRİMİZİ 30 İL ƏRZİNDƏ QIRIB, TALAYIB"

Xatırladaq ki, Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Buranın təbiəti isə xüsusilə füsünkardır. Laçın rayonunda 22 min hektarı meşə sahəsi var: "Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır".

STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK LAÇIN BEYNƏLXALQ HAVA LİMANI

Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Eləcə də düşmən işğalından azad olunan Laçınımızda. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Prezident İlham Əliyevin "Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" 22 sentyabr 2022-ci il tarixində Sərəncam imzaladı. Dövlət başçımız Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən belə demişdir: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır". Strateji əhəmiyyətə malik olan Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

YENİ QURUCULUQ İNKİŞAF DÖVRÜ - AZAD EDİLMİŞ ƏRAZİLƏRİMİZİN BƏRPASI DÖVRÜ

Azərbaycanın əzəli, tarixi torpaqları işğaldan azad olunub. "Bizim ölkəmiz üçün yeni dövr başlayır", deyən dövlət başçısı artıq ölkəmizdə yeni dövrün başlandığını bildirmişdi: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

"SİZ UZUN ƏZABLI İLLƏRDƏN SONRA BURADA RAHAT YAŞAYASINIZ"

Artıq əzəli sakinlər Laçınla, doğma yurdla görüşürlər. Əlbəttə ki, bu gün Zəfər qazanmış xalq olaraq bu torpağa ayaq basır. Erməniyə dərs verən və ona kimliyini göstərən Qalib Xalq kimi. Bu Qələbə əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? …demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız".
Laçınlıların bir qismi bu gün doğma yurd-yuvalarındadırlar. Keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. Oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə (83 nəfər) köçürülür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.Bununla da Laçın şəhərində 295 ailənin (1135 nəfər) daimi məskunlaşması təmin ediləcək.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARI ƏRAZİSİNDƏ İCRA OLUNAN LAYİHƏLƏR

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu dörd hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metrdir. Layihəyə əsasən, yolun 6,7 kilometrliyində "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində biraşırımlı avtomobil körpüsü inşa olunub. Körpünün uzunluğu 18 metr, eni isə 21 metrdir. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.
Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər