PDF Oxu

Siyasət

  • 4 259

Azərbaycanın son iyirmi illik tarixi uğur salnaməmizdir ŞƏRH

Azərbaycanın son iyirmi illik tarixi uğur salnaməmizdir ŞƏRH

Bu gün Azərbaycan sözün əsl mənasında müstəqillik tarixinin ən güclü dövrünü yaşayır. “Sözümüz imzamızdır” deyən Müzəffər Ali Baş Komandanın ən dəyərli, həlledici və ümumxalq mahiyyət daşıyan imzası isə torpaqlarımızın düşmən tapdağından, işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi oldu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 15-də ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Ağdərədə, Əsgəranda, qan yadda­şımız Xocalıda, Xocavənddə ucaltmaqla xalqımızın arzularını çin etdi, bu günün tarixi əhəmiyyətini daha da zənginləşdirdi. Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli bayrağımızı ucaldarkən xalqa müraciətlə çıxış edən dövlətimizin başçısının fəxarət dolu, məğrurlu çıxışı hər bir Azərbaycan vətəndaşının son üç ildə keçirdiyi qürur hissinin kuliminasiya nöqtəsi idi.

Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı bildirdi ki, bu gün tarixi bir gündür. O, iyirmi il öncə Azərbaycan Respublikasının Prezidenti seçilərkən söz vermişdi ki, Azərbaycanın milli maraqlarını müdafiə edəcək və ərazi bütövlüyünü qoruyacaq və ölkə prezidenti kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan zaman qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün şəhər və kəndlərdə qaldırılacaq. Bəli, bu gün artıq Cənab Prezidentin son 20 il ərzində verdiyi bütün vədlər yerinə yetirildi, müəyyən olunmuş bütün vəzifələr uğurla icra edildi. 30 il idi ki, bu günü gözləyən hər bir azərbaycan vətəndaşı bu tarixi anın gələcəyinə qəlbən inanırdı və hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Bu iyirmi illik tarix bizim uğur salnaməmizdir.

Ötən iyirmi il ərzində Azərbaycanın gücləndiyini, dünya miqyasında özünə layiqli yer tutduğunu söyləyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, artıq Azərbaycanla dünyada hesablaşılar. Bir çox hallarda azərbaycan önəmli təşəbbslərin müəllifidir. Son 20 ildə Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı, eyni zamanda güclü iqtisadiyyat yarandı.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışan və dünyanın ən güclü ordularından birini yaradan cənab Ali Baş Komandan bildirdi ki, həm üç il bundan əvvəl 44 günlük Vətən müharibəsi zamanı, həm son üç il ərzində, həm də bu ilin sentyabr ayında keçirilmiş və cəmi 23 saat davam edən antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq vətənpərvərlik, fədakarlıq göstərmişdir. Elə bir gənc nəsil yetişdirdik ki, vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Biz haqlı olaraq Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir.

Sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərin qaçılmaz olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dövləti tərəfindən Ermənistana doğru uzadılmış sülh əli dəfələrlə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Ermənistanın işğalçı siyasətini təhlil edərək onların Azərbaycana bir qarış belə torpaq qaytarmaq fikrində olmadıqlarını bu gün tam əminliklə söyləyən dövlət başçısı Azərbaycan xalqının və dövlətinin bu vəziyyətlə heç vaxt barışmayacağını, Azərbaycan torpağında ikinci Erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyini dəfələrlə bildirdiyini xatırlatdı. Cəmi 44 gün davam edən Vətən Müharibəsi dövründə cənab Ali Baş Komandan dəfələrlə düşmənə müraciət edərək bildirmişdir ki, müharibənin dayandırılması üçün torpaqlarımızın işğaldan azad olunmasının qrafiki verilməlidir. Lakin buna əməl etməyən düşmən müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşa şəhəri işğaldan azad edildikdən sonra öz məğlubiyyətini dərk etdi.

Bəli, bu gün Prezident İlham Əliyevin iyirmi il­lik gərgin əməyinin nəticəsi olaraq ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olunub. Xo­calı qatilləri, Qarabağdakı separatçı re­jimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır. Elə tapır ki, erməni avantüriz­minin hər bir nümayəndəsinə göz dağı olur. Bu göz dağının müəllifi böyük sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevdir.

Prezident İlham Əliyev müraciətinin sonunda Ermənistandakı revanşist qüvvələrə mesaj göndərərək bildirdi ki, biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq və ərazi bütövlüyümüzü bərpa etmişik. Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər