PDF Oxu

Siyasət

  • 5 850

3 il əvvəl Ali Baş Komandan və qəhrəman ordumuz Zəngilanın ən şərəfli tarixini yazdı

3 il əvvəl Ali Baş Komandan və qəhrəman ordumuz Zəngilanın ən şərəfli tarixini yazdı

Ölkəmizin Ermənistan tərəfindən işğal edilən ən strateji rayonu olan Zəngilanı 27 ildən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edən qəhrəman ordumuz 2020-ci ilin bu günündə növbəti tarix yazdı. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi.

2020-ci il oktyabrın 20-si zəngilanlıların yaddaşına əbədi olaraq həkk olundu. 3 ölkənin sərhədində yerləşən Zəngilan rayonu həm qədim tarixi abidələrimiz, həm də nadir təbiət abidələri ilə doludur. Ən əsası ölkəmizin əsas hissəsindən Naxçıvan hissəsinə keçiddə Zəngilan son dayanacaqdır. Hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan bütün Zəngəzurun ən strateji ərazisidir. Təəssüf ki, işğal altında olduğu vaxtlarda ermənilər tərəfindən rayon demək olar ki tamamilə dağıdılmışdır. İndi bu rayonu bərpa etmək üçün böyük quruculuq işləri gedir. Hətta Zəngilanda beynəlxalq aeroport da tikilib.

Zəngilan Zəngəzur dəhlizinin üzərində olmaqla böyük nəqliyyat dəhlizlərinin- Şimal-Cənub nəqliyyat dəhlizi və İpək yolunun qovşağında yerləşir. Buradan, həm dəmiryolu, həm avtomobil yolu, həm də hava yolu ilə dünyanın hər nöqtəsinə çıxış imkanları yaradılır.

Zəfərin 3-cü ilində Zəngilana nəzər salarkən onun və ölkənin ilk “ağıllı kəndi” olan Ağalının artıq bir ildən artıqdır ki, sakinlərini qoynuna aldığını görmək çox qürurvericidir. Eyni zamanda, Zəngilanda həyata keçirilən işlər- Beynəlxalq hava limanının tikilməsi, yolların salınması, şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsinin nəzərdə tutulması, Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmalarının təşkil etməsi, məscidlərin bərpası, bütün bunların fonunda isə “Zəfər” və “İşğal” muzeylərinin yaradılması yaşanan tarixin əbədiləşdirilməsi və Zəngilanın Azərbaycana qaytarılmasıdır.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən olub.

Ona görə də, biz zəngilanlılar bu böyük tarixi gündə ölkəmizin azadlığı və bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, bu döyüşlərdə iştirak etmiş bütün vətən oğullarına “çox sağ ol” deyir, bu qələbəni bizə bəxş edən Ali Baş Komandanımıza daha böyük qələbələr arzu edirik. Əminik ki, çox qısa müddətdə Zəngilan tamamilə bərpa ediləcək və ölkəmizin xəritəsində ən layiqli yerlərdən birini tutacaq.

Məftun Quluzadə

Digər xəbərlər