PDF Oxu

Siyasət

  • 2 433

44 günlük müharibənin 26-cı günü: hər gün Qələbə TƏHLİL

44 günlük müharibənin 26-cı günü: hər gün Qələbə TƏHLİL

Üç il əvvəl Azərbaycan ordusu qızğın döyüşlərdə haqq savaşında torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşurdu. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı qələbə xəbərlərini eşidir və tezliklə zəfərimizin qazanılacağı günün lap yaxında olduğuna inanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında düşmənə göstərdi.
Azərbaycan öz torpaqlarını işğaldan azad etmək məqsədi ilə müharibəni davam etdirirdi. Hər gün torpaqlarımız geri alınırdı. Xalqımızın Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Zəfərimizə inamı sonsuz idi. Həmin dövr ərizində Prezidentə ünvanlanan məktubların ardı-arası kəsilmirdi və bu məktubların hər birindən qələbə qoxusu gəlirdi. Vətəndaşlarımızdan biri belə yazırdı: "Çox hörmətli möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, müstəqil Azərbaycanın vətəndaşı olaraq daim Sizin "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var" şüarınıza inandıq. Yalnız bir çox halda səbirsizlik edirdik. Ancaq "nəyi nə vaxt və necə etməyi də" Sizdən yaxşı bilənin olmamasına inanırdıq. Nə yaxşı ki, müstəqil Azərbaycanın qurucularından olan bizim nəsil də sayənizdə bu xoşbəxt günləri gördü. Biz dövlətimizlə, liderimizlə, əvəzolunmaz və möhtəşəm tarix yazan sərkərdəmizlə fəxr edirik. Ərazi bütövlüyümüzün, milli kimliyimizin, şərəfimiz və ləyaqətimizin bərpasını təşkil və təmin edən bir lider əbədi olaraq xalqımızın rəhbəri, lideri kimi tarixə düşdü. Tam əminəm ki "İlhamla irəli"nin ən məsul və yaradıcı dövrü indi başlayır. Sizi və xalqımızı bu nailiyyətlər münasibətilə təbrik edirəm. Cəbhə bölgəsinə könüllü olaraq yollanan oğlum daxil olmaqla Allah bütün əsgər və zabitlərimizi qorusun, bizə zəfərlər nəsib etsin! Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!".
Cənab Prezidentin həmin günlərdə xalqa müraciətlərində hər gün ordumuzun daha da irəliləyərək, yeni kənd, qəsəbə və şəhərlərin azad olunması ilə bağlı məlumatları bizi doğma torpaqlarımıza daha da yaxınlaşdırırdı. "Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 22 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bu sözləri yazmışdır. Həmin günün qələbə dolu xəbərlərinin ardı-arası kəsilmirdi. "Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi "Twitter" səhifəsində bildirmişdir.
Əks-hücum əməliyyatlarının 26-cı günü – 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edildi. Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğalçılardan azad edilməsi tarixi əhəmiyyətə malikdir. Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyət daşıyan bu ərazinin işğaldan azad olunmasından artıq üç il ötür. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan əks-hücumla qısa müddətdə artıq xeyli ərazini və yaşayış məntəqəsini erməni işğalından azad etmişdir. Araz çayı boyu da uğurlu əməliyyatlar keçirilib, düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilərək, ağır məğlubiyyətə uğradılmışdır. Azərbaycanın İranla 132 km-lik sərhəd ərazisi işğalçılardan tamamilə təmizlənmişdir. Ağbəndin işğaldan azad edilməsi ilə Azərbaycan 30 ildən sonra İranla sərhədini tam bərpa edərək nəzarətə götürməklə yanaşı, cənub-qərb istiqamətində Ermənistanla sərhədə çıxmış oldu. Hər gün qələbə sevincini yaşamaqda davam edirdik. Qeyd etdiyimiz ərazilərin tarixin bu günündə işğaldan azad olunmasının sevincini yaşayırdıq.
Əlbəttə ki, bu qələbələrimizi işğalçı "dövlət" həzm edə bilmirdi. Mülki insanlara açılan atəşlər, eləcə də müharibə getməyən ərazilərin atəşə tutulması erməni vəhşiliyini bir daha ortaya qoymuş oldu. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən, humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Bu hadisədən sonra işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə, elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutdu. Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak oldu, 28 nəfər yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəydi. Prezident İlham Əliyev Yaponiyanın 2020-ci ilin oktyabrın 22-də "Nikkei" qəzetinə müsahibəsində "Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik" - deyə bildirmişdi.

"Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30 ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik" – deyə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müsahibələrindən birindən bildirmişdir. Bunun sadəcə, hərbi uğur olmadığını bildirən Birinci vitse-prezident tarixi ədalətin bərpası olduğunu qeyd etmişdir. "Çünki bunlar bizim əzəli, tarixi torpaqlarımızdır. Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini! Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm".
Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur. Ölkə Prezidentinin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər