Hər bir xalqın tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi onun malik olduğu milli-mənəvi imkanlardan, dəyərlər sistemindən qaynaqlanır. Qazandığı zəngin milli-əxlaqi keyfiyyətlərini, milli “Mən”ini, heysiyyətini qorumağı bacaran hər bir xalq özünün gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya xalqları arasındas layiqli yerini, mövqeyini təmin edir. Bu həqiqəti hər zaman ciddiliklə nəzərə alan böyük strateq Ulu öndər də Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün, ilk növbədə xalqımızın zəngin milli - mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini hifz etməyə çalışmışdır. Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlılar tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş, ülvi və saf ideallara sarsılmaz bağlılığı ilə daim özünəməxsusluqlarını qorumuşlar. Şərqə məxsus mütərəqqi adət-ənənələrlə Qərbin mötədil dəyərlərinin mənəvi mədəniyyətimizdəki uğurlu harmoniyası həm də milli təfəkkürümüzdə fərqli dünyagörüşləri və mədəniyyətləri bir araya gətirir.
Tarixdə şəxsiyyətin önəmli rolu və fövqəladə təsir imkanları zaman-zaman etiraf olunmuşdur. Böyük, qüdrətli şəxsiyyətlər xalqın sərvətidir-bu gün unudulmaz xatirəsi böyük hörmət və ehtiramla yad edilən Ümummilli liderin həyatı və fəaliyyəti Azərbaycan xalqının və dövlətinin böyük bir epoxası ilə qaynayıb qovuşmuşdur. Ulu öndər milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir-məhz buna görə də mədəni - mənəvi intibahımızın təminatçısı olan bu dahi insan Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyətdir. Onun zəngin və mənalı həyat yolu elə şərəfli bir tarixdir ki, gələcək nəsillər zaman-zaman bu tarixi öyrənəcək, ondan ibrət götürəcəklər. Ölkəmizin bütün yaradıcı şəxslərini, ziyalı insanlarını qürurlandıran odur ki, Ulu öndər xalqın yüksəlişində iqtisadi, siyasi, sosial münasibətlərlə bir sırada elm və təhsilin, mədəniyyətin, milli şüuru formalaşdıran bütün digər əsas faktorların rolunu lazımi səviyyədə dəyərləndirmiş, məhz bu yanaşma nəticəsində müstəqil dövlətçilik ideyası intellektual əsaslar qazanmışdır.
Hər bir xalqın taleyində dahi insanlar müstəsna rol oynayır. Ayrı-ayrı dövrlər bu gerçəkliyi inkar etmək üçün nə qədər cəhdlər göstərilsə də, tarix onların əbəs olduğunu sübuta yetirmiş və dahilik möhürü ilə seçilən insanların müstəsna rolunun nə azaldılmasına, nə də kölgədə saxlanılmasına imkan verməmişdir. Zamanın hökmü budur ki, müxtəlif dövrlərin və millətlərin yetirdiyi böyük mütəfəkkirlər məhz tarixin özünə məxsus olmalıdır-çünki tarixi yaradan onlardır. Dünya tarixini, bəşəri sivilizasiyanı yaradan ən mühüm amil qədim dövrlərdən üzü bəri öz xalqına, dövrünə və nəticə etibarilə bütün bəşəriyyətə xidmət göstərmiş dahilərin ideyaları və əməlləridir. Antik dövrün nəhəng zəka sahibləri, sərkərdələr, dövlət başçıları, onların yaratdıqları mədəniyyət abidələri, inşa etdirdikləri qalalar, şəhərlər və qurduqları imperiyalar olmadan bəşər cəmiyyətinin nə tarixini, nə də mövcud durumunu təsəvvür etmək mümkün deyildir. Tarix elə həmin mütəfəkkirlərin zəkasının məhsulu olan imperiyaların, onlara xas olan maddi mədəniyyət nümunələrinin, elmin, ədəbiyyatın, mədəniyyətin yaradılması prosesidir. Azərbaycan xalqının toplum olaraq formalaşması da məhz xalqımızın dahi övladlarının ideyalarının və əməllərinin bilavasitə nəticəsidir. Azərbaycanın dövlətçilik ənənələri, elmi, mədəniyyəti, incəsənəti onların təfəkkürünün, qəhrəmanlıqlarının, əməyinin və yaradıcılığının məhsuludur. Məhz bunların sayəsində ölkəmiz dünya sivilizasiyasına özünün layiqli töhfələrini vermiş, dövlətçiliyini yaradaraq qoruyub saxlamış, müasir dünyanın bir hissəsinə çevrilmişdir. Azərbaycanın müasir tarixi və bütünlüklə müasir cəmiyyətimiz əsrlər boyu formalaşan ənənələrin, milli-mədəni dəyərlərin və müasirliyin üzvi vəhdəti kimi özünü büruzə verir. Bu baxımdan müstəqil Azərbaycan və onun çağdaş tarixi bir yandan milli-mənəvi dəyərlərin inkişafının, digər tərəfdən isə ümumdünya proseslərinin təsirinin nəticəsi kimi göz önündə dayanır. Azərbaycanın XX əsrin sonları, XXI əsrin əvvəllərinə təsadüf edən tarixi, şübhəsiz, xalqımızın Ümummilli liderinin adı və ideyaları ilə bağlıdır. Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq üçün böyük işlər görmüşdür.Tarixdə iz qoymuş böyük şəxsiyyətlər dövlət hakimiyyətini ölkənin yalnız bugünkü mənayefi baxımından deyil, həm də gələcək maraqları nəzərə alaraq qurur, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa çalışırlar. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi Ulu öndər də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir.
Ötən əsrin ortalarından etibarən Azərbaycan xalqının mədəni həyatında yeni dövr başlamışdır. Söz yox ki, bu inkişaf ulu öndərin adı ilə bağlıdır. Bu böyük tarixi şəxsiyyət ilk dəfə Azərbaycanda hakimiyyətə gəldiyi vaxtdan milli-mənəvi dəyərlərimizin əsl mənada himayədarı olmuşdur. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.” Mədəniyyət və incəsənətin bir çox sahələri haqqında irəli sürdüyü qənaətlərində Heydər Əliyev xalqımızın mənəvi simasına güzgü tutan dəyərlərin təbliğini milli ideologiyanın, bütövlükdə Azərbaycan ideologiyasının vacib və zəruri komponentlərindən biri olmaq şərti ilə ön plana çəkir, mədəniyyəti milli dövlətçilik məfkurəsinin başlıca tərkib hissələrindən biri sayırdı. Ulu öndər demişdir: “ Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.”
Ümummilli lider milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü-bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olmuşdur-bu gün biz müstəqil dövlətimizdə milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsası Ulu öndər tərəfindən qoyulmuşdur. Milli dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək qeyri-mümkündür, ona görə də dahi rəhbər mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə böyük əhəmiyyət verirdi. Ümummilli liderin fikrincə, milli dəyərlər milliliyini özündə saxlayaraq məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir. Dahi insan dəfələrlə qeyd edirdi ki, Azərbaycan xalqının milli mədəniyyətinin və dəyərlərinin gələcək inkişafı baxımından böyük perspektivləri vardır-belə perspektivlərin mövcudluğu bir sıra səbəblərlə izah oluna bilər. Azərbaycan milli mədəniyyətində, milli-əxlaqi dəyərlərində tarixiliklə müasirlik sistemli şəkildə əks olunur-bu sistemli yanaşma milli dəyərlərin inkişafına daim təkan verir, keçmişin nailiyyətlərindən bəhrələnib gələcəyə doğru irəliləmək prinsipinə xidmət edir.
Böyük strateq milli ruhun yüksəlişinə xidmət edən bu və digər addımlarla sanki Azərbaycanın müstəqilliyi üçün etibarlı zəminin formalaşdırılmasına, milli özünüdərk hissinin bu real siyasi məqsəd naminə səfərbər olunmasına çalışmışdır. Ulu öndər respublikaya birinci rəhbərliyi dövründə böyük siyasi ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Ümumiyyətlə, bu dahi şəxsiyyətin respublikaya rəhbərliyinin bütün fəlsəfi ruhu yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdır. İdarəçilikdə digər bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Ümummilli lider azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuş, nəticədə respublikada dissident yazarlar olmamışdır. Həmin dövrdə milli düşüncəli vətənpərvər ziyalılarımızın imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, insanlarda milli dövlətçilik hissini gücləndirən sanballı əsərlər yazıb-yaratması Ulu öndərin böyük dəstəyi sayəsində mümkün olmuşdur.
Azərbaycan milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi bu dahi insan tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür-o bu məsələdən bəhs edərkən belə deyirdi: “Gənclərimiz milli ruhlda tərbiyə olunmalıdır, bizim milli - mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Ümummilli lider milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Respublikaya birinci rəhbərliyi dövründə Ulu öndərin şəxsində təzahür edən milli birlik faktoru məzmun etibarilə Azərbaycanın sürətli inkişafına nail olunmasını və bunun sayəsində milli qürur hissinin möhkəmləndirilməsini ehtiva edirdi. Azərbaycanın az müddətdə keçmiş SSRİ-nin geridə qalmış əyalətindən qabaqcıl respublikalardan birinə çevrilməsi hər bir azərbaycanlıda haqlı olaraq milli qürur hissi yaradır və beləliklə də, azərbaycanlılıq, bu millətə mənsub olduğunu dərk etmək fərddə xüsusi iftixar hissi formalaşdırırdı.
Ümummilli liderin hakimiyyətinin birinci dövründə humanitar və ictimai elm sahələrində, xüsusən də hüquq elmində böyük irəliləyişlər əldə edilmiş, Azərbaycan dilinin, tarixinin tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikamızda böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması bu uzaqgörən siyasətin nəticəsi olmuş, xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda geniş meydan tapmışdır. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşmış, zəruri tarixi-mənəvi prosesə çevrilmişdir. Müasir Azərbaycan cəmiyyətinin qurucusu missiyasının məhz Ümummilli liderə məxsus olması barədə qənaətin formalaşması təkcə onun Azərbaycana uzun müddət rəhbərlik etməsi deyil, daha çox bu rəhbərliyin zəngin məzmuna malik olması faktına əsaslanır. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr onun tarixinin xüsusi, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin sürətli və hərtərəfli yüksəliş illəri, yeni tarix adlandırmaq bəlkə də daha dəqiq qiymətləndirmə nümunəsi olardı. Məhz həmin zaman kəsiyində Azərbaycan malik olduğu böyük intellektual və insani potensialını, təbii resursları – bir sözlə, milli gücü cəmləyib ölkənin qətiyyətli tərəqqisinin qüdrətli amilinə çevirmək imkanı qazanmış, öz tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm qoymuşdur. Bu qədim və zəngin tariximizə müasir Azərbaycan cəmiyyətinin yaradılması mərhələsi kimi daxil olmuşdur. Böyük tarixi şəxsiyyətlərin rolunu onların yerinə yetirdiyi missiyaya tam adekvat şəkildə qiymətləndirmək həmişə çətin olur. Bunun bir çox səbəbləri göstərilə bilər. Lakin ən çətin cəhət onunla əlaqədardır ki, dünya miqyaslı tarixi şəxsiyyətlərin yerinə yetirdiyi missiya əksər hallarda xronoloji çərçivələrə sığmır, inkişafın sonrakı gedişinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə tarixi şəxsiyyətlər bir qayda olaraq lideri olduğu xalqın ictimai həyatının gələcək inkişaf konsepsiyasını və strategiyasını müəyyən etməklə onun sonrakı taleyinin də təyin edilməsi məsuliyyətini müəyyən mənada öz üzərinə götürür. Bir sözlə, onlar tarixin elə özünü yaradırlar-tarixi yaradan şəxsiyyətə isə qiymət vermək elə tarixin özünə qiymət vermək qədər məsuliyyət tələb edir. Sözügedən metodika prizmasından yanaşaraq Azərbaycan tarixində Ulu öndər şəxsiyyətinin miqyasını və əhəmiyyətini təhlil etməyə cəhd göstərilə bilər. Təhlil predmeti qismində, təbii ki, onun xalq qarşısında 30 ildən yuxarı müddətdə göstərdiyi xidmət, ölkənin inkişaf konsepsiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi, bir sözlə, Azərbaycan tarixinin Heydər Əliyev dövrü çıxış etməlidir. Lakin tariximizin Heydər Əliyevin dövrü anlayışı kifayət qədər tutumlu olduğundan təhlilin anlaşıqlı mahiyyət kəsb etməsi onu konkretləşdirməyi tələb edir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin yerinə yetirilməsi ilə seçilir. Bu özünü onda göstərir ki, Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etmişdir. Həmin dövrdə ölkənin inkişafı sadəcə prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü büruzə vermişdir. Ümummilli liderin yaratdığı yeni cəmiyyətin fundamental xüsusiyyəti onun bu dahi şəxsiyyətin timsalında qüdrətli milli - birləşdirici faktora söykənməsində təzahür edir. Ulu öndərin bütün həyatı və fəaliyyəti bir tərəfdən xalqın milli - mənəvi potensialının və resurslarının məcmusu kimi çıxış edirdisə, digər tərəfdən, milli özünüdərk mexanizminin tam mənasında işə salınmasına istiqamətlənmişdir. Bunun sayəsində bu dahi şəxsiyyət daim milli - birləşdirici faktor kimi çıxış etmiş və beləliklə də milli inkişaf prosesini bu qüdrətli fundament üzərində kökləməyə müvəffəq olmuşdur.
Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Çağdaş tariximizə möhürünü vurmuş Heydər Əliyev dühası müstəqillik illərində azərbaycançılığın ayrı - ayrı komponentlərini vahid sistem halına gətirərək milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də Ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır. Böyük strateq öz çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Ulu öndərin dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi - mədəni irsə, əxlaqi - mənəvi dəyərlərə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir. Şərq - Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti ziyalıların üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Ümummilli liderin təbirincə desək, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.
Ümummilli liderin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz tarixi xidmətlər haqqında təhlil apararkən haqlı olaraq onun müstəqil, azad, suveren Azərbaycan dövlətini qurması faktı birmənalı şəkildə vurğulanır. Bu mənada azərbaycanlıların onu müstəqil Azərbaycan dövlətinin memarı sayması üçün bütün obyektiv əsasların mövcudluğu inkaredilməzdir. Eyni zamanda, müstəqil Azərbaycan dövlətinin Ümummilli liderin şah əsəri olması barədə ictimai düşüncədə özünə artıq möhkəm yer tutmuş tezisin də öz növbəsində tutarlı dəlillərə söykəndiyini sübuta yetirməyə ehtiyac yoxdur. Bir-biri ilə bağlı olan, bəlkə də eyni hadisənin müxtəlif təzahürü kimi dəyərləndirilə bilən bu iki tezis – “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” və “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir” tezisləri ictimai düşüncənin sanksiyalaşdırdığı gerçəklik olaraq qavranılır. Xalq qəti əminliklə onun fərqindədir ki, həyatımızı əhatə edən tarixi gerçəkliyin qərar tapması Ulu öndərin fövqəladə xidmətlərinin birbaşa nəticəsidir və bu xidmətlər olmasaydı, Azərbaycanın müasir tarixi tamam başqa qiyafədə meydana çıxmaq zorunda qalardı.
Ulu öndər öz düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu vəhdətini yarada bilmiş, öz davranışları ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir. Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə məhz Ulu öndərin əlləri ilə açılsa da, bu qapıdan ictimai həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gələn, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Ulu öndər bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir.
Ümummilli liderin əsasını qoyduğu, qurduğu müasir Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin tarixinin yeni-yeni səhifələri yazılır-bu tarixin müəllifi də, heç şübhəsiz, Heydər Əliyevdir. Ulu öndərin formalaşdırdığı müasir Azərbaycan bu gün yaşayır, təkmilləşir və bununla da Ümummilli liderin ideyalarının həmişəyaşarlığının təzahürü kimi çıxış edir. Bu dahi şəxsiyyətin Azərbaycan tarixində müstəsna rolu, ümumiyyətlə, onun tarixi missiyası haqqında düşüncələri ümumiləşdirərək vurğulamaq lazımdır ki, müasir, yeni Azərbaycanın qurulması inkişafı onun nəzəri, konseptual əsasını təşkil edən Heydər Əliyev ideyalarının həyatın tələbatından qaynaqlanaraq xalqın istək və arzularına cavab verməsi ilə əlaqədar olduğu kimi, həm də daha çox şəxsiyyət amili ilə əlaqədardır. Bu tezis Azərbaycan cəmiyyətinin mövcud durumunun ortaya qoyduğu ən mühüm həqiqətlərdən biri kimi ictimai düşüncəyə artıq qəti həkk olunmuşdur. Ümummilli liderin müasir Azərbaycanın ideya əsaslarının yaradılmasında və həmin ideyaların uğurla həyata keçirilməsi işində öz üzərinə götürdüyü tarixi missiya təkcə bugünkü həyatımızın gerçəkliyini təşkil edən nailiyyətlərlə tamamlanmır. Əldə olunanların möhtəşəmliyini etiraf və bütün bunların artıq xalqımızın milli sərvətinə çevrildiyini qeyd edərək onu da xüsusi vurğulamağı lazım bilirik ki, Ulu öndərin tarixi missiyasının mahiyyəti daha çox gələcək perspektivlər və inkişaf meyllərində ifadə olunur.
Ulu öndər yaxşı bilirdi ki, sabahkı uğurlara yeganə təminat sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Bu böyük şəxsiyyət mədəniyyəti xalqın tükənməz sərvəti hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan Ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır, çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Lakin hər zaman diqqətə alınmalıdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dunya təcrübəsi yonundə həyata kecirilən islahatlar sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə catmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür. Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata kecirilir, təhsil və mədəniyyətin inkişafı ücün zərüri qərarlar qəbul edilir, dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər gostərilir. Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə calışırlar.
Milli dəyərlərimizin qorunması və inkişafı Ulu öndərin adı ilə bağlıdır-milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur. Azərbaycanda Sovet hakimiyyətinin elan edilməsindən sonra milli dəyərlərimiz, adət-ənənələrimiz keçmişin qalığı kimi qiymətləndirilərək yasaq olunmuşdu. Milli dəyərlərimiz haqqında düşünənlər, milli ruhu və dəyərləri qoruyub saxlamaq istəyən ziyalılar xalq düşməni adı altında məhv edilmişdir. Tariximizi təhrif edərək xalqımızı öz soykökündən ayırmağa çalışmışlar. Ulu öndər dilimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Ümumiyyətlə, Ulu öndərin respublikaya rəhbərliyinin birinci dövründə məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə, xalqın milli dirçəlişi, milli şüurunun oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur. Ulu öndər sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır. Xalqımızın milli dəyərlərinin, adət-ənənələrinin təbliği, tarixi - memarlıq abidələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi şəxsiyyətin milli dəyərlərə sədaqətinin göstəricisidir. Milli bayramımız olan Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi də milli dəyərlərimizin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasındadır-Novruz bayramının təntənəli şəkildə keçirilməsi milli dəyərlərin qorunması, milli yaddaşın bərpası baxımından çox mühüm əhəmiyyət daşıyırdı.
Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata kecirir. Milli dəyərlər deyəndə milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz-başa düşülür-bura həm də bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli - mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və süveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik olkələrin təcrubələrindən istifadə edir. Ümumiyyətlə hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı da bugünədək məhz milli mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük bir hissəsi bugünədək qorunub saxlanılmışdır. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Ulu öndərin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ulu öndərimiz milli dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, adət - ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi-o milli dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür və deyirdi ki, bunları qoruyub-saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır-çünki milli dövlətçilik və milli dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Ulu öndər deyirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır. Dövlətciliyin təməlinin, milli varlığın özülünün, əsasının mədəniyyətə bağlı olduğunu aydın dərk edən görkəmli siyasət və mədəniyyət xadimi, Ümummilli lider rəhbərlik etdiyi bütün illərdə milli - mənəvi dəyərlərimizə həmişə qaygı ilə yanaşmış və bununla bağlı bəyanatlarla çıxış etmiş, qanunlar imzalamışdır. O, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi ruhda tərbiyələndirirməyin dövlətimiz, xalqımız qarşısında ən zəruri, həlli qaçılmaz vəzifələr olduğunu 13 avqust 2001-ci il tarixli bəyanatında da söyləmişdir: “Hər xalqın öz adət - ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adətənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.
Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir-Azərbaycan Prezidenti andiçmə mərasimində əlini Qurani–Kərimə basaraq milli mənəvi dəyərlərimizi qoruyacağına and içir-bu fakt dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi önəmin göstəricisidir. Hər bir məsələdə Ulu öndərin ideyalarına əsaslanan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin və mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün bir sıra reallıqları ilə şərtlənir. Cənab İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir-onun bu sahədəki xidmətləri yalnız xalqın milli dəyərlərinə – mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməlidir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz-bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Prezident İlham Əliyev daim vurğulayır ki, milli ideologiyamızın əsas tərkib hissələrindən biri olan azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir.
Düşüncə sisteminin milli xarakteri, etnik müxtəlifliyi yetkin insan şüurunun formalaşdığı dövrdən mövcud olmuş, bəşəriyyətin uzun tarixi inkişafı ərzində məhz bu tipoloji xarakterik xüsusiyyət əsasında inkişaf etmiş, habelə ayrı-ayrı millətlərin özünəməxsusluğunu şərtləndirən dəyərlərin formalaşmasında mühüm rol oynamışdır. Daha çox milli-mənəvi dəyər məfhumunda ehtiva olunan bu özünəməxsusluq tarixən milli həyatın maddi və mənəvi zənginliyinə əsaslanmaqla, xalqları bir-birindən fərqləndirmişdir. Əsrlər boyu milli cəmiyyətin sosial nizamını qoruyub saxlayan, fərdlərarası münasibətləri nizamlayan, cəmiyyətin üzləşdiyi ən müxtəlif problemlərin həllində açar rolunu oynayan milli-mənəvi dəyərlər həm də sərt sınaqlardan çıxaraq cilalanmış, möhkəmlənmişdir. Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqda bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.
Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar, eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir. Xüsusi vurğulamaq lazımdır ki, ölkədə klassik irs və milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdə ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun da müstəsna rolu var. Fondun təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun, milli-mənəvi irsin qorunması məqsədidir. Bütün bunlar göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Dövlət başçısının müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropanın liberal ideyaları üzvi vəhdət təşkil edir. Azərbaycan Prezidenti mədəni, elmi, etno - kulturoloji, habelə yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini iqtisadi- sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində həlledici amildir.
Yaşar Əhmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
“Humanitar fənlər” kafedrasının dosenti