PDF Oxu

Siyasət

  • 4 398

Füzuli bu gün: Şərəfli missiyanın şərəflə yerinə yetirilməsinin göstəricisi ŞƏRH

Füzuli bu gün: Şərəfli missiyanın şərəflə yerinə yetirilməsinin göstəricisi ŞƏRH

Füzuli şəhəri Azərbaycanın zəngin tarixi irsinin bir hissəsidir. Əsrlər boyu azərbaycanlıların keçmişi ilə bağlılığını möhkəmləndirən adət-ənənələri və tarixi abidələri qoruyub saxlayaraq mədəni-tarixi mərkəz kimi fəaliyyət göstərmişdir. Həmçinin Füzuli şəhəri də, digər Azərbaycan şəhərləri kimi, milli kimliyimizin formalaşmasında mühüm rol oynayır. Bu şəhər və onun tarixi irsi azərbaycanlıları birləşdirir, onların mədəni birliyinin qorunub saxlanmasına öz töhfəsini verir. Vətən Müharibəsinin 21-ci günü - 17 oktyabr 2020-ci il, tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edilməsi günü kimi daxil olub. Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi ölkəmiz üçün mühüm tarixi hadisə idi. Dövlətimizin başçısı cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncama əsasən, oktyabrın 17-si Füzuli şəhərinin işğaldan azad edildiyi gün Füzuli Şəhəri Günü kimi qeyd edilir. Postmüharibə dövrünün ən parlaq günlərindən sayılan bu şanlı Füzuli Şəhəri Günü, üçüncü ildir ki Azərbaycan tarixin yaşadılması yolunda, dövlətimizə və xalqımıza özünəməxsus ruh verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşməsi öncədən qeyd olunanların real göstəricisidir. Bu addım dövlət Başçısının Vətənimizin hər bir guşəsinə fərdi müsbət münasibətini göstərir, xalqımızı işıqlı gələcəyimizə inanmağa ruhlandırır. Dövlətimizin Başçısının atdığı bu atdım, həmçinin qarşımızda duran missiyanı şərəflə yerinə yetirilməsinin, o cümlədən ölkəmizin ərazi bütövlüyünü bərpa edilməsi, yenidənqurulması və çiçəklənməsinin göstəricisidir.

Füzuli Azərbaycanın strateji əhəmiyyətli yerində yerləşir. Bu bölgə, İran və Ermənistanla yaxın sərhədləri, eləcə də Azərbaycanın digər bölgələri ilə əlaqəsi, mühüm əhəmiyyət kəsb edir. Füzuli öz mövqeyinə və tarixi aspektlərinə görə regionda geosiyasət və beynəlxalq münasibətlər çərçivəsində mühüm obyekt olaraq qalır. Füzuli şəhərinin Azərbaycan üçün əhəmiyyəti həm tarixi, mədəni və coğrafi aspektlərlə, həm də regiondakı mövcud geosiyasi reallıqlarla bağlıdır.

Tarixə nəzər yetirsək, Füzuli şəhəri və ona bitişik müəyyən ərazilərin Ermənistan tərəfindən işğalı 1980-ci illərin sonunda başlayan və 1990-cı illərin əvvəllərində davam edən Dağlıq Qarabağ münaqişəsinin tərkib hissəsi idi. Bu münaqişədə Ermənistan silahlı qüvvələri havadarlarının rəhbərliyi altında Azərbaycanın daxilində mühüm əraziləri, o cümlədən Füzulini ələ keçirdi. Füzulinin və digər işğal olunmuş ərazilərin coğrafi mövqeyi, onlar üçün rayonun nəzarəti və yol kommunikasiyası üçün strateji əhəmiyyət kəsb edirdi. Vandallıq siyasətinin tərəfdarları, xüsusi ilə ermənilər əvvəl axır özləinin qurduğu “oyunun” qurbanlarına çevrildilər. Azərbaycan xalqının varlığını, dövlətimizin qüdrətini layiqincə qəbul etmək istəmiyən mənfurlar, özlərini ilkin olaraq iqtisadi, sonradan isə, demək olar ki, hər tərəfli, Cənubi Qafqaz regionunun ən zəif subyektinə çevirdilər.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törətdi və buna cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Dəmir yumruq” əməliyyatına start verildi. 44 günə mənfur düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nə olduğunu nəinki ermənilərə, bütün dünyaya göstərdi.

Bu gün azad olunmuş ərazilərdə görülən yenidənqurma-bərpa işlərinin həcmi və dinamikası heyrətə layiqdir. Cənab İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdış Proqramı uğurla icra edilir və bu Proqram çərçivəsində artıq 800-dən çox insan Füzulidə yerləşib. Dövlətimizin Başçısınin Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı toxunduğu məsələrin hər biri, Azərbaycan vətəndaşının rifahına şamil olmasına hamı şahid oldu. Cənab Prezident qeyd etdi ki: “İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq”, “Onu da bildirməliyəm ki, biz bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetiririk. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın”.

Nəticə etibarı ilə, Füzuli şəhəri Azərbaycan xalqını vahid tarix, mədəniyyət və milli kimlik ətrafında birləşdirən mühüm rəmzlərdən olmaqla yanaşı, həm də regionda sülhün və sabitliyin vacibliyini xatırladan rol oynayır. 2020-ci il oktyabrın 17-də Prezident İlham Əliyev xalqa gözəl xəbərlərdən birini elan etdi: “Füzuli şəhəri işğalçılardan azad edildi, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” Füzuli şəhəri Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə, onun gücünün və ruhunun rəmzlərindən birinə çevrilib.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər