PDF Oxu

Siyasət

  • 1 964

Davamlı inkişafımıza xidmət edən yol infrastrukturu TƏHLİL

Davamlı inkişafımıza xidmət edən yol infrastrukturu TƏHLİL

Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir. Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən yol infrastrukturu əhəmiyyətə malikdir.
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışı olub. Modul tipli xəstəxanalar, yeni yollar, mədəniyyət, xidmət mərkəzləri və s. istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun inşası ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində icra olunan işlərin davamlı xarakter aldığını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışı da iştirak edib. Bu yolun təməli 2017-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısı yolun təməlinin qoyulduğu ilk gündən başlayaraq inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanıb, tikinti işlərinin ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını verib. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqrammı"na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib. Magistralın 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyənləşdirilib və Tarif Şurası tərəfindən gediş tarifləri təsdiq edilib. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Ödənişli avtomobil yolu 4 zolaqlıdır. Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sisteminə inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb.
Qeyd edək ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsilə həyata keçiriləcək. Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.
Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub.
Bu yolun istifadəyə verilməsi, həmçinin beynəlxalq nəqliyyat əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyini daha da artıracaq. Bundan başqa, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayacaq.
Ölkə başçısının tapşırığı ilə son illərdə yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində həyata keçirilən layihələr öz bəhrəsini verir.
Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər